Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya kraliçası “Breksit” məsələsində baş nazir Boris Consonu dəstəklədi

Böyük Britaniyanın kraliçası II Elizabet bu ilin oktyabrın 31-də bitməsi planlanan “Breksit” prosesini hökumət üçün əsas prioritet adlandırıb.

Britaniya dövlət başçısı bunu parlamentin növbəti sessiyasının açılışında bəyan edib.

Kraliçanın sözlərinə görə, yerli hökumət rəsmi Brüssellə azad ticarət və mehriban qonşuluq prinsipləri əsasında yeni tərəfdaşlıq münasibətlərini qurmalıdır.

“Mənim nazirlərim ölkəmizin Avropa Birliyindən çıxması ilə balıqçılıq, kənd təsərrüfatı və ticarət sahələrində yaranan imkanlardan maksimal dərəcədə faydalanmaq üçün yeni qaydalar işləyib hazırlayırlar”, - deyə II Elizabet söyləyib. Kraliçanın nitqi onun Boris Consona “Breksit” mövzusunda dəstək verdiyini göstərib.

Belə görünür ki, dövlət başçısı bu məsələdə baş nazirə qarşı dayanan parlamentin mövqeyinə zidd hərəkət edir. Parlament “ikinci referendum” mövzusunu heç müzakirə belə etməsə də, ən azından Avropa Birliyi ilə xüsusi saziş əsasında anlaşaraq ayrılacaqlarına ümid bəsləyir. Buna görə də İcmalar palatasının deputatları hökuməti rəsmi Brüssellə müzakirə aparmağa məcbur edən “Benn qanunu”nu təsdiqləyiblər.

Lakin II Elizabetin nitqi əslində daha çox formallıq və təntənə xarakter daşıyır. Belə ki, kraliçanın çıxışları adətən baş nazir tərəfindən hazırlanır və sadəcə kraliçanın ağzından parlamentdə dilə gətirilir. Yəni orda söylənilən sözlər əslində Boris Consonun fikirlərini əks etdirir.

Qeyd etmək lazımdır ki, kraliça tərəfindən təqdim olunan hökumət proqramı parlamentdən də keçməlidir. Əks təqdirdə qanunverici orqan Boris Consona impiçment proseduru tətbiq edəcək.

Doğrudur, son belə hadisə 100 il öncə baş versə də, hazırkı baş nazirə qəzəbli münasibət onun yenə təkrarlanacağını istisna etmir.

Müxalifətdə olan Leyborist partiyasının nümayəndəsi, kölgə kabinetdə “daxili işlər naziri” vəzifəsini tutan Dayan Ebbot dövlət başçısının çıxışını “rəzalət” adlandırıb.

Yaşıllar partiyasından parlament üzvü Kerolayn Lukas isə II Elizabetin nitqində ikinci referenduma çağırışa işarə verdiyini deyib.

Parlamentin önündə Boris Consonun hazırladığı proqramı müzakirə və təsdiq üçün 6 gün vaxt var. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »