Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haqqın dərgahına doğru, Vasim müəllim! - Foto

Azərbaycanın əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyev dünən - 13 oktyabrda vəfat edib.

Vasim Məmmədəliyev akademik Ziya Bünyadovla sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə etmiş alimdir. Elə Vasim Məmmədəliyev deyəndə az qala hamı onu bu ilklə xatırlayır. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. Tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi ilə vida mərasimi bu gün Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Bizimyol.info akademik Vasim Məmmədəliyevlə doğma təhsil ocağında keçirilmiş vida mərasimindən reportajı təqdim edir.

Vida mərasimin başlamsına hələ bir saat var, mərasim keçiriləcək zalartıq dolmaqdadır. Universitet heyəti çox sakit, təmkinli görünür. Bir-bir gələnlərə yer göstərilir, hər kəs öz yerini alır. Zaldakı monitorda Vasim Məmmədəliyevin danışan, sanki nəsə deməyə çalışan fotosu görünür. Şəkil elə diqqətimi çəkir ki, bir neçə dəqiqə alimlə söhbətləşirmiş kimi fotoya diqqətlə tamaşa edirəm. Nə demək istədiyini anlamağa çalışıram, sanki elə bu dəqiqə hansısa bəşəri bir sirri açacaqmış kimi baxır. Adətən deyirlər, foto hansısa anın donmuş əksidir. Amma bu şəkilə baxan heç deməz ki, bu foto hansısa anda donub. Ürəyində sözü qalmış adam kimi nəsə deməyə, nəyisə aydınlatmağa çalışır... Bu yerdə yadıma Şirməmməd müəllim düşür. Müsahibələrindən birində: "Mənim hələ ölməyə vaxtım yoxdur" deyə bir fikir səsləndirmişdi. Ölüm xəbərini eşitməyimlə bu müsahibəsini izləməyim də eyni zamana təsadüf etmişdi. Buna görə ölüm xəbərinə heç inanmağım gəlmirdi. Bu gün də Vasim müəllimin danışan şəklini görüncə yazıb-yaradan, ömür-gününü elmi fəaliyyətlə keçirən insanların adi adamlardan daha çox yaşamağı arzuladıqları fikri məni alıb-aparır. Tək özlərimi arzulayır? Xeyr, əsla, elə hamımızı arzulayırıq. Çünki alim ömrü gerçəkdən də ətrafa nur saçan yanar çıraqdır.

Fikirlərdən ayılıram... Qarşıda gül çələngləri düzülüb. Zalda sakitlikdir... Ara-sıra həzin notlar duyulur. Yanımda əyləşmiş müəllimə "Bu musiqi də adamı yaşa boğur. Onsuz da dünən gecədən pərişanıq" - deyə gileylənirmiş kimi yanındakı müəllim yoldaşı ilə danışır. Ətrafa baxıram... Ara-sıra lap qəribə sükunət çökür. Elə bu dəmdə göz yaşlarını əlindəki dəsmalına silə-silə başında örpəy olan bir xanım zala daxil olur. Mənə yaxın oturacaqlardan birinə əyləşir. Çəkinirəm soruşam ki: "Vasim müəllimin kimisiniz?" Qayıdıb deməzmi bəs sən kimisən? Gözlərin niyə dolub? Öz beynimdə bu suallardan qorxarcasına çək-çevir edib sakitcə ətrafda baş verənləri müşahidə etməyə davam edirəm...

Ətrafdakı sükunət, ağırlıq olduğu kimi qalmaqdadır. Çox keçmir ki, mərhumun nəşi gətirilir. Zalda hər kəs ayağa qalxır. Arxa oturacaqlarda kim olduğunu bilmədiyim xanım yanındakı yoldaşına gül çələnglərinin çoxluğundan danışır. "Kalan gül var, hələ də bir əldən gəlir". Öz özümə düşünürəm ki, o boyda ad-san, elm sahibi akademikin də yas mərasimində belə nüanslara fikir verən tapılır. Axı adama elə gəlir ki, belə söhbətlər ancaq sadə adamların yas mərasimində olur. Burada isə fiziki baxımdan bir çoxumuzla eyni gücə sahib olmuş, lakin bir çoxumuzdan cəmiyyətə qat-qat artıq faydalı olmuş, ölümündən sonra belə, faydalı olacaq elmi işlər görmüş akademiklə vida mərasimidir. Görünür, dünya insanı elə hamını eyni cür qarşılayıb, eyni cür yola salmaqda maraqlıdır.

Müəllimlərdən biri göz yaşlarını silə-silə gözlərini səhnənin ortasındakı nəşə zilləyib. Özü -özünə danışırmışcasına: "Necə də balaca görünür, əriyib qurtarıbmış... Elə bil bir balaca uşaq uzanıb..." deyərək ağlayır, yaş gözündən yanaqlarına süzəlləndikcə sanki kiminsə görməyindən həya edirmişcəsinə yanaqlarını silir.

Mərasimə qonaqlar gəlməkdə davam edir. Mediya nümayəndələri mikrofonları əllərində ora-bura gəzişir, kameramanlar, fotoqraflar bir yerdə qərar tutmur. Sanki bu mənzərədən nəsə Vasim müəllimin şanına layiq sehirli, sanballı bir görüntü əldə etmək istəyirlər. Amma danışan foto qarşısında düzülmüş çələnglərdən, bir də xəstəlik əritmiş bu cüssədən daha nə çəkmək olardı? Vasim müəllim onsuz da sirli-sehirli aləmdən danışan, beyinlərdə "O dünya"nın rəsmini çəkməyə çalışan biri idi, bunu da bacarmışdı. Elə özümün də onun verilişini dinləyib xəyala daldığım, beynimdə qeyri-adi görüntülər çəkməyə çalışıb gözüaçıq yuxuya getdiyim anlar az olmayıb...

Zalda yerlər dolub, ayaqüstə mərasimə qatılan adamlar da çoxdur. Hətta əyləşməyə yer tapmadığından ayaqüstə mərasimə qatılanlar arasında tanınmış, ziyalılar da var. Gül çələngləri də gəlməyə davam edir. Müəllim heyəti dörd-dörd çıxıb nəşin yanında dayanır, bir-birilərini əvəz edirlər.

Ardınca rektor Elçin Babayev kürsüyə çıxır. O, nitqinin əvvəlində protokoldan kənar çıxış etmək istədiyini vurğulayır. Vasim müəlllimi yaxından tanıdığını deyərək, onun haqqında xoş sözlər söyləyir. Vasim müəllimin özünü düşünmədən ancaq nəcib əməllər üçün çalışdığını, kimsənin haqqını tapdamadığını deyir. Elə buna görə də behişti bu dünyadaykən qazanmış olduğuna inamını vurğulayır. Vasim müəllimin adi sözlərlə insan qəlbində həyat eşqini oyatdığını, onu dinləmək qədər, onunla danışmağın da müthiş olduğunu söyləyir. Yaşından asılı olmayaraq hər kəslə qarşısındakı insanın dilində danışdığını deyir. Nitqini "Haqqın dərgahı verilişini sevdirən adam... " deyə davam etdirməyə çalışarkən kövrəlir, səsi titrəyir, sükut çökür. Təkrar özünü toparlayıb: "Haqqın dərgahı verilişini sevdirən adam özü bu gün haqqın dərgahına qovuşdu" - deyə davam edir. Vasim müəllimin öz ixtisasını necə çox sevdiyindən, paxıllıq hissi nədir bilmədən həm öyrənmək, həm öyrətmək eşqindən danışır. "Məzarın nurla dolsun, müəllim!" deyib nitqini tamamlayır.

Vida nitqini "Şərqşunaslıq" fakültəsinin dekanı Elxan Əzizov davam etdirir. Elxan müəllim kövrək səslə: "Yaxın dostumu, qardaşımı itirmişəm..." - deyə nitqinə başlayır. O, Vasim müəllimlə sevincini də, kədərini də paylaşdığını deyir. Vasim müəllimin ölümünün Azərbaycan elminə, xüsusən də Şərqşunaslığa böyük itki olduğunu vurğulayır. 30-dan çox kitabın, 600-dən çox məqalənin müəllifi olan Vasim müəllimin Qurani-Kərimə yazdığı "Ön söz"lə Azərbaycanda İlahiyyat elminin inkişaf başlanğıcını qoyduğunu söyləyir. Vaxtilə Bakı Dövlət Universitetində Cəlaləddin Rumiyə həsr olunmuş elmi konfransı xatırlayaraq Vasim müəllimin öz çıxışında böyük bir ədəbi parçanı əzbərə və gözəl intonosiya ilə deməsinin hər kəsi heyran qoyduğunu, bunun universitetin imicinə müsbət təsirindən danışır.

Vida nitqini davam etdirən akademik Nizami Cəfərov Vasim müəllimin Azərbaycan elminə dünya şöhrəti gətirmiş alim, humanitar elmimizi bütovlükdə təmsil edən şəxsiyyət olduğunu söyləyir. Vasim müəllimin klassik ədəbiyyatımızı, fars və ərəb dillərini mükəmməl bildiyini söyləyir, bir neçə dil bilənlərlə müqayisədə Vasim müəllimin öz ana dilini unutmadan mükəmməlliyini qoruduğunu vurğulayır.

Nizami Cəfərov Vasim müəllimin yaxşı dost olduğunu, bu qismətə görə özünü şanslı hesab etdiyini deyir. Sonda Vasim müəllimin zahirən bəstəboy olmağına baxmayaraq, danışanda boyunun iki-üç dəfə artdığını qeyd edərək, onun mənəvi və alimlik zirvəsinə işarə edir...

Vida mərasimi davam edir... Sağlığında nuruna yığışan insanlar bu gün onu haqqın dərgahına - nurlu aləmə yola salır...

Aləmdə Nəsib

Bizimyol.info

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »