Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif İslamzadə: “Səsim batmasaydı şöhrət, şəhvət, pul məni çaşdırardı” - Video

Onu bu görüşümüzdə daha fərqli yönlərdən tanıdım.

Qarşımda sanki illərlə sevgi, həsrət dolu mahnılar ifa edən, yaddaşlara mütəvazi görünüşü və həzin ifası ilə köçən Xalq artisti, prezident mükafatçısı Akif İslamzadə deyil, illərin müdrikləşdirdiyi,bununla belə daha təvazökar, daha sakit və daha durulmuş bir ağsaqqal oturmuşdu. Özü də belə deyir. Deyir səsim batandan sonra mən çox dəyişdim. “Bunu məni tanıyan hər kəs deyir. Tamamilə başqa aləmin insanı oldum”. Təəssüf etmir səsini itirməsinə. Deyir belə məsləhətmiş. “Yaxşı ki, səsim batdı , yoxsa nəfsim məni kim bilir haralara sürükləyərdi. Şöhrət, pul, şəhvət məni çaşdırardı, yəqin ki, nə özümü, nə Allahımı tanımağıma imkan verməzdi.

“ Mən Quranı tərcümədən oxuyurdum. Öncələri sadəcə oxuyurdum. Amma bir gün oxuduğum bir ayə mənə şapalaq kimi dəydi. Əlim qolum qurudu- deyilirdi ki, qəlb gözünü bağladığımız kimsə bizi anlamaz, biz icazə vermədiyimiz müddətdə qəlbləriniz bizi anlamağa kar və kor olar. Bizim yol verdiyimiz bəndələri isə kimsə yolundan azdıra bilməz. Anladım ki, başıma gələn hər şey məni Allahın yoluna dəvət etmək üçün imiş. Səsimi itirəndən sonra bir müddət özümə gələ bilmədim. Çirkaba batdım, içkiyə qurşandım. Özümdə olmadım. Amma görünür, Allah məni unutmadı”.

Dilindən Allah kəlməsi düşmür. Güclü bir inanc sahibidir. Deyir evimizdə mənasını bilməsələr belə həmişə qohumarın namaz qıldığını, Quran oxuduğunu görmüşdüm. “Amma gerçəkdən dərk etmək üçün hərənin bir zamanı var. Son 10 ildə mənim tək məşğuliyyətim Quran oxumaq, onu anlamaqdır”.

Bax beləcə, Allah sehrli səslə ödülləndirdiyi bəndəsini o səsdən məhrum edib, öz böyük sevgisinin sehrinə salıb.Ən əsəbləşdiyi məqamlardan biri də bütün jurnalistlərin ona təkrar-təkrar “ötən günlərinizi qaytarsaydılar” sualını verməsidir. Deyir mənim yaradıcılığım bir tək o mahnıdan ibarət olmayıb axı. Akif İslamzadəni bircə bu mahnıya sığışdırmaq düzgün deyil.

- “Qadınların çoxu cəhənnəmdə olacaq dediniz”, gündəm oldunuz. Bu barədə bizə açıqlama da verdiniz, bildirdiniz ki, hər şeyi fərqli konteksdən işləyib, başlığa çıxarıblar. Necə düşünürsünüz, siz özünüz cənnətlik insansınız?

- Bunu mən özüm haqqında deyə bilmərəm. Kənardan baxanlar deyə bilərlər. Sənətdə olanda özümə kənardan baxa bilmişəm. Qiymət verməmişəm, sadəcə baxmışam. Çalışmışam ki, bəndələr qarşısında günahım, xətam olmasın.Ölümdən qorxmuram. Allahın sorğu-sual etməsindən, onun mühakiməsindən qorxuram.Cənnətlik yoxsa cəhənnəmlik olacağımı yalnız Allah bilir.

- Xanımınız üçün Akif İslamzadə necə ömür yoldaşı olub?

- Bunu ondan soruşmaq lazımdır. Hər bir halda o Ayxanın anasıdır və məndən Ayxanın anası olaraq hörmət görüb. O mənə Ayxanı verib.Ayxandan soruşsanız anasına verdiyim dəyər barədə ən real cavabı o verər.

- Allaha inamınız var , bəs caduya necə?

- Əlbəttə var. Şeytan var, cadu da onun əməlidir.

- Heç istifadə etmisiz? Məsələn xəstəykən həkimlə yanaşı molla, ekstrasens yardımı almağı düşündünüzmü?

- Moskvada olanda Cuna Davidaşvilinin qəbuluna yazılmışdım. Orda növbə gözləyərkən stolun üstünə qoyulmuş jurnallara baxdım. Onun nələrlə məşğul olduğunu gördüm və dedim ki yox bu mənlik deyil, durub getdim. Heç bir zaman falçı, cadugər yardımından istifadə etməmişəm, etmərəm də. Bu gün Rusiya kanallarında ekstrasensləri, magiyanı dayanmadan təbliğ edirlər . İnsanları tamamən fərqli bir yönə hazırlayırlar.Tarixin sonunun gəlməsinin əlamətləridir.

-İnternet, telekanallar tarixin sonunda üzə çıxacaq Dəccəldir deyə bilərik? Bəlkə elə o sirli Dəccəl budur?

- Bu sözü illər öncə demişdim mən, ola bilər. Dünyaya bununla şər -bəla yayıldı.Masson deyirlər, daha nə

bilim nələr deyirlər, biz onların adını biliriksə deməli əsl qaranlqı qüvvə o deyil, bir başqası var.

- 71 illik ömrün zirvəsindəsiniz. Dönüb geri baxanda keçilən yoldan razısınız?

- Keçmişə doğru nostalgiyam yoxdur. Ömrümdən razıyam. O gün televiziyada görürəm, gənclərə sual verirlər, Şövkət Ələkbərovanı tanımadılar. Çox üzüldüm. Hərdən bir adım çəkiləndə məni xatırlayırlarsa bu mənim üçün böyük şeydir. Başqa sual verirlər, bir də dünyaya gəlsəydiniz filan. Axı gəlməyəcəyik.Reankarnasiya deyilən şey də insan övladı üçün deyil, cinlər üçündür.

- “Bura vətəndir” mahnısı bəlkə də ən çox sevilən ifalarınızan oldu. Buranın azad vətən olması üçün siz də bir zamanlar hərəkatın içində oldunuz.

- İstəmirəm məni əslində siyasətçi kimi xatırlasınlar. Mən müğənni Akif İslamzadə kimi xatırlanmaq istəyirəm. Əbülfəz Elibəylə dost idik. O böyük fəhmi olan çox sadə və qeyri- adi insan idi. Mən özümü heç vaxt siyasətçi hesab etməmişəm.Sadəcə bir vətəndaş olaraq hərəkata qoşulmuşdum.Verdiyim qərarlar səhv idimi, düz idimi onu da deməyə çətinlik çəkirəm. Hakimiyyət tamam başqa şeydir. Heydər Əliyev hakimiyyətə gəlişi ilə əslində dərs verdi.

- Siz Azərbaycan incəsənətinin qızıl dövrlərində ,” devlər”lə eyni vaxtlarda məşhurlaşdınız. O zaman da indiki kimi məşhurlar arasında çəkişmələr olurdu?

- Olurdu, amma indiki kimi deyildi. O zaman sənətkaların bir- birinə hörməti, sayğısı var idi.Mənim yadıma gəlir, rəhmətlik, Şövkət Ələkbərovanın filarmoniyada yaradıcılıq gecəsiydi. Anam, rəhmətlik Sara xanım, tanınmış böyük sənətkarlar oturmuşdular səhnədə. Şövkət xanım məni də dəvət etdi. Mən tamaşaçılar arasında oturmuşdum.

Minnətdarlıq etdim, amma səhnəyə çıxmadım. Bu biganəlik, yekəxanalıq deyildi. Mən özümü onların arasında görmürdüm, utanardım o səhnəyə, onların arasına çıxmağa. Amma indi belədirmi? Anam Şövkət xanıma Şoşu deyərdi, o da anama Saroçka. Bu onların arasında ünsiyyət forması idi. O gün eşitmişəm, guya hörmət edirlər, Şövkət xanımın məzarı başında klip çəkib, ona Şoşu deyirlər. Sənin nə ixtiyarın var axı?Bu nə hörmətsizlikdir?

- Akif müəllim , ətrafınızda əsasən muğam sənətkarları var idi, amma siz mahnı janrı ilə gəldiniz. Bu necə oldu?

- Bəlkə də bilirsiniz. Mən musiqiçi deyiləm. İqtisadiyyat üzrə təhsil almışdım. O konserti də məni aldadıb səsimi yazdılar. Rafiq Babayev dedi ki, özümüz üçün yazırıq. Bir türk mahnısı oxudum, Ələkbər Tağıyevin bir mahnısıydı, “Durnalar” idi və bir neçə başqa mahnı. Yazdılar. Sonra da mənə demədən televiziyada Bədii Şuraya təqdim etdilər. O zamanlar Ələkbər Tağıyevin mahnılarını efirə buraxmırdılar , o mahnı ilə, türk mahnısını buraxmadılar , qalanları efirə verildi. Bu yaxınlarda o efirə getməyə mahnılarımı “Yol” adlı bir diskə toplayıb yeni aranjemanda təqdim edəcəm.

- Yəqin bir vətəndaş olaraq cəmiyyətdə baş verən prosesləri də izləyirsiniz.

- Bu dördə cəmiyyətimizdə hər hansı qarşıdurma yolverilməzdir, bu düşmənlərin dəyirmanına su tökməkdir. İndi ailə institutlarının dağılamsına yönəlmiş siyasət yürüdülür bu da əvvəl axır milli məniliyi, milləti məhv edəcək.Buna görə ayıq olmaq lazımdır. Cılızlaşma gedir. Mən bu prosesləri ağrı ilə izləyirəm. Hər gecə başımı yastığa qoyanda dua edirəm: “ Allahım, verdiklərini geri alırsan bir- bir, bircə ağlımı əlimdən alma”.

Söhbətləşdi: İlhamə Rəsulova

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »