Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mübarizə meydanı"-nda qəhrəmanlarla "Müəllimlər günü" tədbiri - Fotolar

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman döyüşçü Nazim İsmayılovun adını daşıyan 80 nörməli tam orta məktəbin 6 B sinif şagirdləri "Müəllimlər günü"nə həsr olunmuş tədbir keçiriblər.

Bizimyol.info tədbirdən reportajı təqdim edir.

Tədbirə vaxtından tez gəlmişəm. İllər əvvəl bitirdiyim məktəbə bu gün müxbir olaraq gəlirəm. Tədbirə tez gəlməyim heç də təsadüf deyil. Doğma məktəblə salamlaşmaq, "Qapına üzüağ, alnıaçıq gəlmişəm, xoş gördük" demək niyyəti ilə həyətinə daxil oluram. 2013-cü ildə əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbimiz çox dəyişib. Dəyişiklik təkcə yeni tikilmiş əlavə binasında deyil. 1969-cu ildə əsası qoyulmuş biz oxuyan binasının divarları rənglənmiş, həyətinin torpağı, ağacları, bitkiləri də sanki dəyişmiş. Həyətə daxil olar-olmaz müəllimlərlə qarşılaşıram, qucaqlaşıb görüşürük. İlahi, necə güclü yaddaşları var, ilk baxışda tanımayanı da bir neçə saniyə üzümə baxan kimi həmən tanıyır. "Gözlərindən tanıdım" deyə təəccübləndirənləri də olur. Öz-özümə düşünürəm ki, hər il onlarla şagird yola salan müəllimlər biz şagirdlərini illər sonra necə belə xatırlaya bilirlər axı? Bu fikirlərlə də həyətdə müəllimlərlə sağollaşıb içəri keçirəm. Tədbir keçirilən zala kimi müəllimlərlə salamlaşır, görüşürük. Budur, zala daxil oluram. Mənə ana dilimi, ədəbiyyatımı sevdirən, həyatımda əvəzsiz iz buraxmış müəlliməmlə görüşürəm. Bu gün onun 6B sinfi "Müəllimlər günü"nə həsr olunmuş tədbir keçirir. Başı yaman qarışıqdır, mənlə görüşüb hazırlıqlara davam edir. Bu əsnada illər sonra keçmişə səyahət kimi insanı sehirləyən ab-hava məni öz ağuşuna alır. Universitet auditoriyasından çıxıb məktəbi ilə görüşənlər məni daha yaxşı anlayar. İlk təəssüratım belə olur: Məktəbdə nə qəribə ab-hava var, mübarizə meydanını andırır. İcazənizlə "mübarizə meydanı" deməkdə qəsdimi açıqlayıb, daha sonra səyahətimin nəqlinə davam edim. Bizim demək olar ki, hamımızın rəqabətlə qarşılaşdığımız ilk sosial aləm elə məktəbdir. Bu rəqabət dünyasında da hamımıza ilk olaraq bir mübarizə təlqin olunur: Ali məktəbə qəbul olmaq. Bunu bacarmaq mütləq bir anlayış kimi bizə elə qəbullandırılır, beyinlərimizə elə kodlaşdırılır ki, bunu bacarmayanlar özlərini uğursuz hesab edir. Yəqin buna görə məktəbimizdəki ilk dəqiqələrdə məni də bu fikirlər, bu ab-hava əsir aldı. Bu gün isə bu uşaqlar öz aləmlərində, səs-küy sala-sala tədbirlərinə hazırlaşırlar, bəlkə də içlərindən neçəsi heç başqa vaxt da əsas məqsəd kimi ali məktəbə qəbul olmağı düşünmür. Əminəm ki, bu uşaqların arasında da həyatını öz arzuları fonunda istədiyi kimi yaşamaq istəyən, yaşayacaq olanları var. Ən azından onların da müəllimi elə məni yetişdirən müəllimimdir. Bu fikirlərlə rahatlıq tapıb tədbirin hazırlıq prosesini izləməyə davam edirəm.

Valideynlərdən iki nəfər səhnəni bəzəyir. İlhamə müəlliməm səhnənin aşağısında uşaqları məşq etdirir. Tədbirin başlamasına dəqiqələr qalıb. Səhnəciklərdə iştirak edəcək şagirdlər geyim otağına keçir, səhnə libaslarını geiyinir. İhamə müəllimə şagirdlərinə mavi lentləri paylayır. Səs-küy daha da artır, uşaqlar bir-birini səsləyir. Arxa oturacaqlarda bir neçə valideyn əyləşib. Gedən proseslərə mane olmadan ətrafı seyr edirlər. Elə bil uşaqların qışqıra-qışqıra danışdığı bu səs-küylü yerdə yox, sakit bir məkanda əyləşiblər. Bu dəmdə İlhamə müəllimə qayğıkeş tonda səslənir: “Füzuli, səhnədə danışmağa səs saxla!”...

"Bu nəvazişli səs lap ağır söz desə də, adama şirin gəlir" - deyə düşünüb gülürəm. Səhnədə 6B sinfindən olduğunu düşündüyüm bir oğlan lap texniklər kimi lazımı avadanlıqları quraşdırır. Qulağındakı qulaqcıqlarla diqqətimi çəkir. Nəsə məktəbə daxil olandan elə bilirdim hər şey biz qoyub getdiyimiz vaxtda olduğu kimi də qalıb. Əlbəttə ki, belə deyil. Biz 6-cı sinifdə oxuyanda 23 nəfərlik sinfimizdə 2 və ya 3 şagirddə telefon var idi. İndi isə demək olar, bütün şagirdlərin telefonları, müasir qulaqcıqları var. Fürsət tapıb bu gənc oğlanla söhbətləşirəm. Sən demə, boy-buxundan 6-cı siniflərdən elə də seçilməyən bu bəstəboy gənc 10-cu sinifdə oxuyur. Məktəbin tədbirlərində texnoloji nə kömək lazım olsa, özünü yetirir. Özü də çoxları kimi ali məktəbə hazırlaşmır. "Mən IT üzrə hazırlaşıram, öz sənətim var" – deyir. Ətrafa boylanıram: Uşaqlar selfie edir, İlhamə müəllimə ora-bura qaçmaqdan, hər xırda elementə diqqət edib, hər əskikliyi təmin etməkdən yorulub, amma yenə də çox tədbirli, səbrli görünür. Elə bil belə həyat tərzinə adətkar olub.

6B sinfində 25 şagird var. Başqa siniflərdən tamaşaçı qismində gələnlər də var. Şagird çoxluğunda unutduğum uşaqlıq səs küyünün içindəyəm. Mənə qəribə gəlir: Bu səs-küy müəlliməmə də, valideynlərə də adi hal kimi gəlir, sanki elə bu cür də olmalıdır.

Yenə bir səs məni fikirlərdən ayıldır. Valideynlərdən biri uşaqları yanına – səhnəyə çağırır: “Uşaqlar, gəlin, geyimlərinizə baxım”. Uşaqların bir-bir lentlərini düzəldir.

"Susuzluqdan öldüm, bir az su içim" – deyərək yanımda əyləşən valideyndən tədbir hazırlığına bu gün nə vaxtdan başladıqlarını soruşuram: "11-in yarısından məktəbdəyik" deyə cavab verir. Bu dəmdə gözüm müəlliməmizi axtarır. Az da olsa yorulub deyəsən, keçib qabaqda bir yerdə əyləşib, amma yenə də çox diqqətlidir, ana nəvazişli səsi ilə uşaqların bir-ikisinə səslənir, son təlimatlarını verir.

"Urraaa! Sərmayə müəllimə gəlib" – deyə uşaqlar qışqıra-qışqıra zalı tərk edir. Arxalarınca mən də çıxıram. Məktəbin girəcəyində – həyətdə Sərmayə müəllimənin başına toplaşıblar. Sərmayə müəllimə başlarını sığallayır, sevgi ilə hal-əhvallarını soruşur, qucaqlaşırlar, anı şəkil çəkdirməklə ölümsüzləşdirirlər. Bir müəlliməyə, bir də uşaqlara baxıram... Necə də sevgi doludurlar, qışqırıqlı səslərində sevinc, nəşə duyulur. Yersiz, insanın əl-qolunu bağlayan mənəvi komplekslərdən çox-çox uzaqdadırlar, tamamilə xəbərsizdirlər. Bir-birini çəkişdirir, səmimiyyətlə zarafatlaşır, bir-birinin şəkillərini çəkirlər.

Geri – zala dönürük. Qulaqlarımda uşaqlığımın ilk musiqi notları səslənir. Musiqi müəllimimiz Vaqif Fərzəliyev də gəlib. İllər Vaqif müəllimi nə cismən, nə də ruhən qocalda bilib. Elə əvvəlki – bizi başına yığıb şən nəğmələr oxudan Vaqif müəllimdir.

İlhamə müəllimə canıyananlıqla: "Aa niyə çığırırsız, hava istidir danışdıqca tərləyirsiz, bir az sakit olun" – deyir uşaqlara.

Vaqif müəllimin səsi eşidilir: "Düzülün! Geriyə, uşaqlar. Əllər yanınızda, ayaqlar bir yerdə, gülər üz!" Səhnədə şagirdlərini bir-bir yerbəyer edir.

Son məşqlər edilir, İlhamə müəllimə: "Bərkdən oxuyun!" deyir. Arada səslər aşağı enir, müəllimə "Səsiniz hardadır?!" dedikdə həmən səslər yüksəlir. Arxadan valideynlər göstəriş verir, uşaqlara əl-qol hərəkəti ilə "Düz dur. Formanı düzəlt!" deyə işarə edir.

Asta-asta məktəbin müəllim kallektvi də gəlir. Uşaqlar ibtidai sinif rəhbərləri olmuş Sərmayə müəllimənin zala gəlişini yüksək əhval-ruhiyyə, səsli alqışlarla qarşılayırlar. Hörmətlə ön cərgədə yer ayrılır. Ardınca rus dili fənnindən müəllimləri olmuş Liza xanım və ingilis dili müəllimələri Şamama xanım gəlir. Yenə də müəllimələrini görər-görməz məşq edən uşaqların alqışı, sevinci duyulur.

Səhnədə qız oxuyur: "Qayıt uşaqlığım, qayıt bir anlıq... Səhərlər çiynimdə məktəb çantası, sinif otağımı açmaq istərəm... Bu yerdə məşq prosesini izləyən gənc müəllimimiz Kənan Səfərov əllərini yuxarı qaldırıb xanım qızımıza replika atır: "Pilləkandan asılmaq istərəm". Uşaq əlini ağzına tutub gülür. Onu deyim ki, Kənan müəllim məktəbimizə gəlişi il canlılıq, yeni bir ruh gətirmiş müəllimdir. Onun gəlişi ilə idman dərslərimiz daha aktiv, daha məhsuldar keçirdi. Eşitdiklərimə görə bu işdə heç bir anlıq da durmayıb, öz aktivliyini qorumağa davam edir. Yenə uşaqları yarışlara aparır, rəqabət, sağlam mübarizə ruhlarını yüksəltməyə davam edir.

Budur, məşqlər tamamlanır. Vaqif müəlliin "Hazır olun!" – deyə səsi eşidilir. Amma şagirdlər heç sakitləşmək niyyətində deyil. Ara-sıra sinif rəhbəri İlhamə müəllimənin "Tədbirdə oxumağa səs saxlayın" – deyə səsi eşidilir. "Ay bala düzlən, düzlən" – deyə nəvazişli səslə göstərişlərini verir.

Açığı, çoxdan unutduğum bu səs-küydən yorulacağımı düşünsəm də, tamam əksini yaşayıram. Bir saatdan artıqdır ki, tədbirin hazırlıq prosesini izləyirəm, amma yorğunluğum yoxdur. Elə bil heç adət etmədiyim səs-küylü yerdə deyiləm. Uşaqların enerjisindən güc alıram. Beyinlərində ancaq hazırda məşğul olduqları işcə var. Yəqin buna görə aura yorucu deyil. Müxtəlif istiqamətlərə yönəlmiş fikirlər burulğanından uzaq uşaqların səs-küyü nəinki yormur, hətta diqqətimi də dağıtmır.

Budur, məktəbin direktoru İlahə müəllimə, sabiq direktoru Raisə müəllimə də gəlirlər. Öndəki oturacaqlarda yerlərini alıb, əyləşirlər. Məlahət müəllimənin "Düz durun, mənə baxın" – deyə səsinə çevrilirəm. "Ay uşaqlar, dedim sakit durun da! Sakit sözünü başa düşmürük?!" Üzümdə təbəssüm yaranır. Məlahət müəllimə heç dəyişməyib. Əvvəlki ciddi, sərt səsi, görünüşü necə var elə də qalıb. Elə biz məktəbdə oxuyan vaxtı da sərt, nizam-intizamlı, ağır zəhmi ilə hamımızı "yola gətirirdi". Əvvəlki səs-küy azalıb. Amma uşaqlardan biri, deyəsən, sözləri unudub. "Müəllimə, bəs sözləri təkrar etməyəcəkdik? deyə üzünü İlhamə müəlliməyə tutur. Səs-küy yenə yüksəlir, bu dəmdə Vaqif müəllim bir mahnı qoyur, elə buna bəndmiş kimi səhnədəki uşaqlar əl-ələ tutub rəqs edir. Musiqi bir-iki dəqiqə sonra dayansa da, uşaqlar oynamağa davam edir.

Və nəhayət tədbir başlayır. İlhamə müəllimə arxaya tərəf bir yerdə uşaqların onu rahat görə biləcəyi istiqamətdə yer tutub. Musiqi sədaları başlayır, uşaqlar oxuyur, müəllimə göstəriş verir, onlarla eyni anda oxuyur. Mahnının ardınca uşaqlar açılış edir. Müəllimlərinin şəninə fikirlər səslənir, müəllimin kimliyi haqqında sanki tərif verirlər. Ardınca "Zövq alırıq əməkdən, əməkdən... Beş qiyməti istə bizdən..." mahnısı səslənir. Müəllim peşəsi təriflənir, müəllimləri alqışlayırlar. Ana və müəllim, ustad obrazının şəninə fikirlər səslənir, müəllim ömrü müqəddəs adlandırılır. Müəllim ömrünə aid şeir səslənir. Tarixi, dahi şəxsiyyətlərin, görkəmli ədiblərin müəllimlər haqda, müəllimlik barədə aforizmləri səslənir.

Bu şeirlər yəqin ki, ön sıralarda əyləşən müəllimlərimizin qəlbini oxşayır. Bəlkə də bu mahnıları, şeirləri əzbərləyiblər. Amma ilk dəfə eşidirmiş kimi maraqla, səbr, təmkinlə dinləyirlər. Raisa müəllimə bütün fikirləri başı ilə təsdiq edir.

Bu çıxışların ardınca şagirdlərin müasir günümüzlə ayaqlaşan "Məktəbli lətifələri"nə aid qurduqları kiçik səhnəciklər təqdim edilir. Üzlərdə təbəssüm yaranır, uşaqlar bir-birinin çıxışını alqışlayır, dəstək olur. Ara-sıra çaşan uşaqlara İlhamə müəllimə anında kömək edir, deyəsən, bütün mətni uşaqlarla birlikdə əzbərləyib axı. Heyran qalıram bu əməyə, qayğıya! Bizi bu sevgi, müəllim ürəyindən qopub bizi öz ağuşuna alan bu sevgi, bu mərhəmət yetişdirib. Cəsarəti də, əməyə sevgini də bu müəllimlər öyrədib. Müəllim adı buna görə müqəddəsdir. Hara getsək də, harda oxusaq da məktəb müəllimlərinin sehri daim üzərimizdə olur. Çünki səmimiyyət var, yetişdirmək, kölgəsində qorumaq, böyütmək duyğusundan bəhrələnir.

Tədbirin sonunda direktor İlahə müəllimə uşaqlara təşəkkür edir. Bir vaxtlar özününün də elə bu məktəbdə, bu səhnədən, həyəcanla çıxış etdiyini deyir. Uşaqları öz uşaqlığı ilə müqayisə edərək daha sərbəst olduqları üçün təbrik edir, uğurlar diləyir.

Kollektiv şəkillər çəkilir, uşaqlar müəllimlərini dövrəyə alır...

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »