Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xəstəxanamıza öz ayağı ilə gələn ruhi xəstələr də var" - Müsahibə

Son illərdə Azərbaycanda belə bir fikir formalaşıb: "Psixoloqa müraciət edənlərin ciddi psixoloji pozuntuları var və onlar bir sözlə, "psix"dirlər". Bəs sizcə insanlar psixoloqa nə zaman, hansı hallarda müraciət etməlidir? Həqiqətən də ağır xəstəliyi aşkar olunan və xəstəxanaya yerləşdirilməli olan insanlar nələrlə üzləşir?

Bu və digər məsələlərlə bağlı Bizimyol.info 1 saylı Respublika Psixiatriya Xəstəxanasında çalışan psixoloq İlahə Dadaşova ilə həmsöhbət olub.

- Bu gün cəmiyyətdə psixoloqa müraciət edən insanların ciddi psixoloji problemlərinin olduğu düşünülür. Bəs sizcə insanlar psixoloqa hansi hallarda müraciət etməlidir?

- Bəli, ölkədə psixologiya və psixiatriya "psix" sözü ilə eyniləşdirilir. Psixologiyayla psixiatriyanın bir-birindən fərqli olduğunu belə qəbul etmirlər. Psixoloqlara və psixiatrlara "dəli həkimi" kimi yanaşanlar da çoxdur. Lakin, ilbəil insanların psixologiyaya baxışı dəyişir və onlar psixoloqa müraciət edən insanların hər birinin xəstə olmadığını anlamağa başlayırlar. İnsan özünü narahat hiss etdiyi hər bir anda, çıxış yolunu tapa bilmədikdə psixoloqa müraciət edə bilər. Lakin, bizim millət hər şeyi son anda edir. İnsanların arasında yalnız həkim müdaxiləsindən sonra psixoloq yanına gedənlər də var. Məsələn, depressiya. Depressiyanin yüngül, orta və ağır etapları var. İnsanlar psixoloqa depressiyanın son həddində, ən ağır mərhələsində müraciət edir.

Ailə münaqişələrinə nəzər salaq, aralarında ciddi problemlər olan cütlüklər ailə psixoloquna boşanmağa bir gün və ya bir ay qalmış müraciət edirlər.

-Xəstəxananıza, xəstəliyinin fərqinə varıb yaxınlarına zərər vurmamaq üçün, öz istəyi ilə gələn ruhi xəstələr varmı?

- Təbii ki, var. Faiz nisbəti yarı yarıyadır. Pasientlərimizin yarısı məcburi gəlir, yarısı isə özü müraciət edir. Psixoloji xəstəliyi olan insanlar iki hissəyə bölünür: Özünətənqidiliyini saxlayan və saxlamayanlar. Bu, xəstəliyin dərəcəsindən asılıdır. Özünətənqidiliyini saxlayan ruhi xəstələr ailələrinə "Məni aparın, müalicəmi alım" deyir. Xəstəxanamıza öz ayağı ilə gələnlər də var.

- Hər zaman ruhi xəstəxanalarla bağlı böyük müzakirələrə səbəb olan bir sual var: Sadəcə keçici depressiya yaşayan sağlam insan ruhi xəstəxana şəraitində, oradakı xəstələrlə bir müddət qalsa, bu, onun psixoloji sağlamlığına zərər vura bilərmi?

- Bu, həmin insanın o mühitə verəcəyi reaksiyadan asılıdır. Düşdüyü mühitə gec öyrəşirsə və orada gördüyü emosional vəziyyətlər onda mənfi aura yaradırsa, bu hal ona müəyyən qədər təsir edəcək. Situasiya insandan insana dəyişir. Amma "mütləq psixiatrik xəstəxana işçilərində mənfi bir durum yaranacaq" deyə bir meyar yoxdur. Hər bir iş yeri kimi, psixiatrik xəstəxanalar da normal iş yeridir.

1 saylı Respublika Psixiatriya Xəstəxanası

- Ruhi xəstələrlə söhbət etmək mümkündürmü? Onlar bir-biriləri ilə və ya insanlarla asanlıqla ünsiyyət qura bilirlər?

- Söhbət etmək olur, onlarla söhbətləşirik. Onlar həm də bir-biriləri ilə danışıb, dərdlərini bölüşürlər, dostlaşırlar. Müalicə etapında xəstələrin əksəriyyəti müalicəyə cavab verir, yəni istər həkimlə, istər işçilərlə, istərsə də öz aralarında ünsiyyət qurmağa başlayırlar, öz istəklərini və tələbatlarını bildirirlər.

- Faktlara əsasən, dahi insanların əksəriyyətində də bir qədər psixoloji pozuntular müşahidə olunub. Bəs sizin xəstəxanada qeyri-adi bacarıqlarıyla seçilən və adi insanlardan daha yüksək düşüncəyə malik olanlar varmı?

- Bəli. Bu cür pasientlərimiz çoxdur. Xəstəxanamızda gözəl əl qabiliyyəti, rəssamlıq, dərzilik bacarıqları olan pasientlər var. Müəyyən günlərdə burada keçirilən sərgilərdə həmin əl işləri nümayış olunur, satışa çıxarılır.

- Vəziyyəti pisləşən xəstələri sakitləşdirmək üçün nə kimi tədbirlər görülür? Dərmandan və iynədən başqa hansı üsullardan istifadə edilir?

- İlkin mərhələdə dərman müalicəsinə əl atılır. Bu üsul kömək etmədiyi təqdirdə qərarı həkimlərimiz verir.

- Psixoloqa müraciət etmək istəyən, lakin çəkinən insanlara məsləhətiniz nədir?

- Gecikməsinlər, hər şeyi vaxtında etsinlər. Hər şey vaxtında asandır və gözəldir. Son həddinə çatdırmasınlar. Özündə narahatlıq hiss edən insan içində "psixoloqa müraciət edən dəlidir" stereotipini qırsa, bəlkə də cəmiyyət psixoloqa və onun xidmətindən yararlanan insanlara fərqli yanaşmağa başlayacaq.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »