Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5 yaşlı uşağını öldürən dini sekta üzvü qadına hökm oxundu
Onun cinayət törədərkən anlaqsız olması və psixoloji problemlərinin olması nəzərə alınaraq məcburi müalicə müəssisəsinə göndərilməsinə qərar verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə son məhkəmə prosesi keçirilib. Hakim Novruz

Kərimovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib. O bildirib ki, N.Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub. Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir. Prokuror N.Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicə göndərilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, N.Qulubəyova cinayət məsuliyyətindən azad edilib. Amma onun barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicəyə göndərilib.

Qeyd edək ki, məhkəmə zamanı o ifadə verməyib və psixoloji problemləri olan şəxslərə xas qeyri-adi hərəkətlər edib.

Dəhşətli qətli törədən Nazilə Qulubəyova Bakıdakı dini təriqətlərdən birinin üzvü olub. Qadın 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Balaca Fərid Quluzadənin meyiti mənzildə aşkar olunub. Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü bildirilib. N.Qulubəyova “pis ruhları çıxarmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə, azyaşlı ölüb. İlkin dindirilmə zamanı qadın oğlunun bədənindən “şər ruhu” qovmaq üçün əski ilə boğduğunu etiraf edib. N.Qulubəyova “Üzüm sahəsi və İsa peyğəmbər” sektasının üzvü olub. Bu sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlər. Bu, Azərbaycanda yeni sektadır və “Yəhova şahidləri”nə aidiyyəti yoxdur. Sekta və onun rəhbəri üzvlərin pulu hesabına fəaliyyət göstərir.

Qətldən iki gün əvvəl Nazilə Qulubəyovaya bir şüşə çaxıra bənzər maye və çörək veriblər, “bu İsanın qanıdır” deyiblər. Qadın da həmin mayeni içib, sekta üzvləri ilə birgə İsa peyğəmbəri çağırmaqla bağlı mahnı oxuyanlara qoşulub. Bu anda İsa peyğəmbərin işıqlı simasını gördüyünü sekta üzvlərinə deyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »