Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölüm xəbəri uşaqlara necə deyilməlidir?

Ölüm hər bir canlının gec-tez dadacağı gerçəklikdir.

Buna baxmayaraq, ölüm hadisəsi baş verəndə hər kəs eyni reaksiya vermir. Ən çətin mərhələ ölüm gerçəkliyinin hansısa yaxınını, tanışını yaxladığını qəbullanmaqdır. Bu mərhələni yetişkin insanlar belə, çox vaxt çətin keçirir, qəbullanmaqları zaman alır. Belə olduqda bizi düşündürən məqamlardan biri də uşaqların ölümü necə dərk etməsidir.

Görəsən, uşaqlara ölüm xəbəri necə çatdırılmalıdır? Yas olan evdə uşaqlara qarşı hansı tərz davranış sərgiləmək lazımdır?

Bizimyol.info bu suallar ətrafında klinik psixoloq Nuriyyə Quliyeva ilə həmsöhbət olub.

-Uşaqlar ölümü necə dərk edir?

- Erkən uşaqlıq dövründə ölüm uşaqlar üçün qorxulu gəlmir. Çünki uşağın zehni ölümü anlaya biləcək dərəcədə inkişaf etməmişdir. 2-3 yaşındakı uşaq oyunlarda ölümdən danışmağa başlayır . Oyuncaq tapançası ilə atəş açır və "Sən öldün" deyir. Lakin onun aləmində ölüm yox olmaq deyil, sadəcə hərəkətsiz qalmaqdır. 3-4 yaşlarında çiçəklərin solduğunu, yarpaqların düşdüyünü və həşəratların əzilə bildiyini kəşf edir. Bunun son olduğunu dərk edir. Lakin ölümün ona yaxın olduğunu düşünmür. 5 yaşında ölüm uzun yuxuyla eyni məna daşıyır və artıq yavaş -yavaş qorxuducu olmağa başlayır. Uşaq ana-atasının ölüb-ölməyəcəyini tez-tez soruşur. 5-6 yaşlı uşaqlar ölümlə xəstəlik və qocaqlıq arasında əlaqə olduğunu anlamağa başlayırlar. Bu yaşlardakı ölüm qorxusu yetişkin insanlardakı kimi deyil. Daha çox təməldə tək qalmaq qorxusu dayanır.

-Bəzən valideyni, ailə üzvlərindən kimsə dünyasını dəyişdikdə bunu uşaqlardan gizlədirlər. Əslində necə olmalıdır?

- Elədir, belə hallara çox rastlayırıq. Əslində isə bu düzgün yanaşma deyil. Valideyni, ailə üzvlərindən hərhansısa biri, yaxın qohum-əqraba, ailəyə yaxın olan kimsə dünyasını dəyişdikdə istər-istəməz uşaqlar "Filankəs hardadır? Niyə gəlmir, nə zaman gələcək, hara gedib?" və s. bu qəbildən suallar verirlər. Belə olduqda “Uzağa gedib, bir gün gələcək” deyərək uşağı aldatmaq qətiyyən olmaz. Uşaq onsuz da 3-5 ildən sonra bu hadisəni biləcək və o zaman ona yalan danışanlara qarşı inamsızlıq yaşayacaq. Bu özü də əlavə problemə yol açır. Ona görə də bu cür cavablar verərək uşağı aldatmaq, ümidlə gözlətmək olmaz. Sakit bir tərzdə, yaşına uyğun izah vermək lazımdır.

-Bəs, ölüm hadisəsini uşağa kim çatdırmalıdır?

- Ölüm hadisəsi baş veribsə bunu uşağın ən yaxını deməlidir. Baba-nənə dünyasını dəyişibsə, valideyni; yox, əgər valideyn dünyasını dəyişibsə, ailədə uşağa emosional bağlılığı ən güclü olan şəxs deməlidir. Uşağın bu xəbəri başqalarından eşitməsi doğru deyil. Özünə ən yaxın bildiyi insanın deməsi daha məqsədəuyğundur.

-Bu xəbəri çatdırarkən nələrə diqqət etmək lazımdır?

- Bu vacib məqamlardan biridir. Bu xəbər uşağa çox sakit şəkildə deyilməlidir. Ağlayaraq, qışqırararaq demək yolverilməzdir. Emosional şəkildə demək qətiyyən olmaz!

Başqa bir dünyanın olduğunu və həmin adamın da orada olduğunu demək olar. Amma bu zaman diqqətli olmaq lazımdır. “O biri dünya” anlayışını uşağa çox şişirtmək olmaz. "Ora çox gözəldir..." deyə başlayan cümlələrdə diqqətli olmalıyıq. Ölümü və "O biri dünya" anlayışını çox gözəl təqdim düzgün yanaşma deyil. Əks halda ölümü dərk edə bilməyən uşaqda intihara meyil yarana bilər. Bizim "Ora çox gözəldir..." deyə başlayaraq qabartdığımız fikirlər uşaqda "O biri dünya"ya, ölümə rəğbət hissi oyada bilər. Bu halda da intihara meyil yaranır. Ona görə nə qorxutmaq, nə də rəğbət qazandırmaq olar. Sakit şəkildə, qısa, detallara girmədən məlumat vermək lazımdır. Çox detallı danışmağa ehtiyac yoxdur. Müəyyən kiçik məlumat vermək və "Bu gün sənə deyə biləcəklərimi dedim, daha sonra, böyüdükcə bunu bir də müzakirə edərək" demək kifayətdir.

-Uşağı məzarlığa aparmaq olarmı?

-Uşağı məzarlığa aparmaq qətiyyən olmaz. Çünki uşaqlar konkret düşünür. Mücərrəd düşünmə onlarda 12-13 yaşdan sonra başlayır. Daha kiçik yaşlarda uşaq ölümü dərk edə bilmir. Əgər uşağı qəbirstanlığa aparsaq, o yaxınının torpağın altında havasız qaldığını, boğulduğunu düşünər. Bunu dəhşətli şəkildə qəbul edərək, yaxınını niyə torpağın altında qoymusunuz?- deyə düşünə bilər. Bu halda sizi buna görə günahlandıra, nifrət hissi bəsləyə bilər.

-Bəs, yas mərasiminə aparmaq olarmı?

-Çalışmaq lazımdır ki, uşaqlar yas mərasimində iştirak etməsin. Çünki orada ağlayanlar, ölümü qəbullanamayanlar olur. Bəzi insanlar ağı deyir, ölümü qəbullana bilmədikləri ifadələr işlədirlər. Böyüklərin qəbullanmaqda əziyyət çəkdiyi bir vəziyyəti uşağın qəbullanması daha çətindir. Uşaqlar kəskin reaksiya verə bilər. Ağlamaq, fəryad etmək kimi hallar olan yerdə uşaqlar olmamalıdır. Mümkünsə uşağı qonşuluqda saxlamaq, ya etibar etdiyin kiməsə müvəqqəti əmanət etmək lazımdır. Çünki uşaqda yaranan travma ömür boyu onu izləyə bilər.

-Əgər ölüm xəbəri düzgün çatdırılmayıbsa, nə etmək lazımdır?

-Yenə də uşaqla söhbət etmək, ölüm haqda yaşına uyğun izah vermək vacibdir. Uşaqla çox vaxt keçirmək, sevdiyi yerlərə aparmaq, əyləncəli məkanlara aparıb əhavlını xoş tutmağa çalışmaq lazımdır. İlk vaxtlarda dünyasını dəyişən insanı yadına salacaq yerlərdən, əşyalardan uşağı qorumaq lazımdır. Bununla uşaqdakı təlaşı azaltmaq olar. Amma uşaqda travma yaranıbsa, bu qalıcı izlər qoya bilər və valideynin, yaxınların dəstəyi uşağa kifayət etməyə bilər. Bu halda mütəxəssisə müraciət etmək lazımdır.

Söhbət etdi: Aləmdə Nəsib

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »