Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəhirmarsifətliyin və milli zəhirmarımızın eksportuna da başlamışıq”

Tanınmış telejurnalist və səyyah, maraqlı səyahət proqramları ilə ekranlara çıxan Qərib Azər (Azər Qəribov) maraqlı paylaşımı ilə diqqət çəkib. O ölkəmizdəki insanların özümüzə və gələn qonaqlara yanaşma tərzindən giley edib.

“Çox gözəl şəhərimiz var. Amma havada tikinti tozu ilə və avtomobillərdən çıxan üfunətlə yanaşı, həm də müəyyən neqativlik var.

İnsanlar gülümsəmir, aqressivlik hiss olunur, sanki hamı stress altındadır. Və görsənən odur ki, biz artıq zəhirmarsifətliyi yalnız özümüz istifadə etmirik, artıq onun eksportuna da başlamışıq.

Necə? Yaxın oturun, deyim.

Şərti bir misal götürək. Bakıya uzunmüddətli ezamiyətə göyçək bir əcnəbi xanım gəlir. Xanım gözünü açıb elə şəhərdə yaşayıb ki, insanlar ümumiyətlə biri birinə gözünü zilləyib baxmır, baxanda isə gülümsəyirlər.

Yəni, norma belədir ki, əgər ictimai yerdə sənin baxışın digərinin baxışıyla toqquşsa, üzündə dərhal təbəssüm yanmalıdır. Bu, artıq avtomatlaşmış bir prosesdir, xaricdə olanlar bilir.

Beləliklə, xanım gəlir Bakıya və adətinə uyğun olaraq başlayır gülümsəməyə. Onun üzünə gülümsəyir, bunun üzünə gülümsəyir və nəticədə nə baş verir?

Üzünə təbəssüm taxan xanımın bu üzünü görən oğlanlar dərhal düşürlər dalısıyca ki, aha, bu mənə işarə etdi, üzümə güldü, deməli yeri var!

Qızlar isə təbəssümü görüb elə yerindəcə xanıma diaqnoz qoyurlar - aaa, bunun başı xarabdır ki, sırtıq kimi gülür üzümüzə, axmağın qızı axmaq, 100% ya dəlidir, ya da...

Eyniylə, xanım olmasın, kişi xaylağı olsun qonağımız. Qızlara gülümsəyəcək, çantanı çırpacağlar təpəsinə ki, camaatın anası bacısı var, get evdə arvadına gülümsə, biqeyrət köpəyoğlu.

Oğlanlara gülümsəyəcək, ondan beş betər, ya ağız-burnunu partaldacağlar, ya da sadəcə ad qoyacağlar ki, bu xoruzdur, kişi də kişiyə gülümsəyər?

Bax belə bir həftə keçir, bir ay keçir, müsafirlərimizin üzündən təbəssüm yavaş yavaş itir və onun yerini analoqu olmayan, günü günüdən çiçəklənən milli zəhirmarımız tutur.

Beləcə, bir müddət sonra şəhərimizin qonağları məzuniytə çıxıb Vətənlərinə gedirlər. Və həmin o zəhirmar sifətlə doğma şəhərlərinin küçələrinə çıxıb, başlayırlar gətirdikləri neqativi paylaşmağa, ona bir pors zəhirmar, buna iki pors zəhirmar, vərdiş olub axı, yazzığlar neyləsin?

Və beləliklə bu zəhirmar virus kimi yayılaraq əvvələr gülümsəyən xarici şəhərin küçələrini zəbt etməyə başlayır. Yəni, qeyrimaddi irsimiz olan zəhirmar çıxır beynalxalq arenaya.

Ona görə, çox da şey eləməyin, neftimiz qurtarsa, ixraca gedəsi zadımız hələ çoxdur”

Son xəbərlər
Bütün xəbərlər »