Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Küçədə tamaşaya baxmaq istəyən insanlar çoxdur" - Elmin Bədəlov

Teatr yarandığı ilk vaxtlarda indikindən çox fərqlənirdi.

Qədim yunanların yaratdığı bu sənət növünün tarixi eramızdan çox-çox əvvələ gedib çıxır. Yeni yarandığı vaxtlarda indiki formadan çox fərqlənirdi. Tamaşalar açıq havada nümyaiş edilir, səhər başlayır, axşam qurtarırdı.

Tamaşaçılar təpələrin qoynunda quraşdırılmış oturacaqlarda əyləşir, o vaxt "Skena" adlanan, indiki səhnəyə baxa-baxa özü ilə gətirdiyi səbətdəki nemətlərdən yeyirdilər. Səhnədə də Esxilin, Sofoklun, Evripidin tragediyaları, Aristofanın, Menandrın komediyaları milləti maarifləndirir, tərbiyələndirir, yeri gələndə də ağladıb-güldürürdü.

Bu gün isə teatr tamaşaları yüksək zövqlə döşənmiş, çıl-çıraqları ilə göz qamaşdıran teatr salonlarında nümayiş etdirilir. Adətən axşam saatlarında nümayiş etdirilən tamaşaya gələn qonaqlar bacardıqları qədər zövqlü, şux libas geyinir. Teatr salonlarında yemək yemək, saqqız çeynəmək, su içmək, siqaret çəkmək ədəbsizlik hesab edilir, heç də xoş qarşılanmır.

Göründüyü kimi yarandığı gündən bu yana keçdiyi yolda teatr çox dəyişib, özünəməxsus mədəniyyət formalaşdırıb. Əbəs yerə demirlər ki, teatr mədəniyyətdir, məktəbdir.

Bizimyol.info-un bu dəfəki həmsöhbəti Azərbaycanda ilk müstəqil teatrın yaradıcısı Elmin Bədəlovdur. Elmin bəy bu günlərdə "Küçə tamaşaları" göstərmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən icazə ala bilməməsi ilə diqqətləri çəkib.

-Teatrı yaradanda küçə tamaşaları göstərmək niyyətiniz var idi mi, necə oldu bu fikir yarandı?

- Fəaliyyətimiz 2013-cü ildə 15 iyuldan başlayıb. Dövlət teatrları sezonu bağlayanda biz fəaliyyətə başladıq. Çünki alternativ teatr qurmaq istəyirdik. O dövrdə küçə tamaşaları göstərmək niyyətimiz olmayıb. Amma biz Azərbaycanda teatra marağı geri qaytarmaq istəyirik. Eyni zamanda da modern teatr yaratmağı düşünürdük. Elə bu xətt üzrə də fəaliyyətə başladıq və davam edirik. Əvvəlki adımız "Oda" olub. Sonradan fəaliyyətimizi genişləndirərək "ADO Theatre - Collective " kimi davam etməyə başlamışıq. Hər həftənin 4-cü günü tamaşalarımız nümayiş etdirilir.

Azərbaycanda teatra maraq ölüb. İnsanlar teatra getmək istəmir. Buna görə biz də düşündük ki, insanlar teatra getmirsə, teatr tamaşaçılara getməlidir. Bu ya televiziya vasitəsilə olmalıdır, ya da küçə. Televiziyada bizim çıxışlar olur, amma bu çox az olduğu üçün düşündük ki, küçə tamaşaları təşkil edək. Beləcə insanlarda tamaşalara maraq yaransa, teatra da getməyə maraq oyanacaq.

-Tamaşaları harda göstərməyi planlamısınız?

-Tamaşaları "Qış parkı"nda göstərmək istəyirik. Bakı Şəhər İcra Hakimiyyətinə də bunu bildirmişik. Çünki bu məkanda iki fontan var, kənarları yumru, amfitetar şəklindədir. Biz həmin fontanların içərisində oynaya bilərik, tamaşaçıların da rahat əyləşib izləyə bilməsi üçün uyğun məkandır. Bu park yaranandan, ərazini görəndən elə bunu düşünmüşəm. Sənət nümayişi üçün çox əlverişli məkandır. Təəssüf ki, bu istəyimizi Mədəniyyət Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə bildirsək də, müsbət cavab ala bilməmişik.

-Tamaşaçılarınız kampaniyaya başlayıb, bu necə oldu?

- 26 sentyabrda Mədəniyyət Nazirliyinin əməkdaşı Könül Cəfərova bildirdi ki, biz nazirlik olaraq "ADO" teatrının küçə tamaşalarına "yox" deyirik. İmtina cavabını əsaslandırmadılar. Kampaniya bundan sonra başladı. Biz iki ildən çoxdur ki, Mədəniyyət Nazirliyinə müraciət edirik. Amma Mədəniyyət Nazirliyi bildirmişdi ki, bu məsələyə Bakı Şəhər İcra Hakimiyyəti baxır. BŞİH isə bildirmişdi ki, bu məsələyə Mədəniyyət Nazirliyi baxır. Son olaraq hələ ki, nə Mədəniyyət Nazirliyi, nə də BŞİH rəsmi cavab verib.

Özüm ötən gün tədbirlərdən birində nazir Əbülfəs Qarayevlə də söhbət etdim və onlara qərarlarının düzgün olmadığını bildirdim. Öz təəssüfümü bildirirərək onu da qeyd etdim ki, Azərbaycanda Mədəniyyət Nazirliyinin bu qərarı teatrın inkişafında bir maneədir. Hələki Mədəniyyət Nazirliyindən rəsmi cavab yoxdur, amma tamaşaçılarımız kampaniya yaradıblar və biz də bu kampaniyaya qoşulmuşuq. Küçədə tamaşaya baxmaq istəyən insanlar çoxdur. Artıq bir neçə saat ərzində kampaniyaya 200 insan qoşulub. Yazan, maraqlanan, qoşulmaq istəyən insanlar çoxdur.

Mədəniyyət Nazirliyi müraciətimizə rəsmi cavab vermir, niyə "Yox" dediklərini də əsaslandırmır və biz məcbur qalaraq bu gün Mədəniyyət Nazirliyindən məhkəməyə müarciət etmişik.

-Tamaşalarınız hansı yaş qrupunu əhatə edir?

-Bizdə hər yaş qrupuna aid tamaşalar nümayiş etdirilir. Yeniyetmə və uşaqlar üçün də tamaşalarımız olub. Məktəblərdə də çıxış etmişik. Ümumilikdə, yaş məhdudiyyətini hər zaman qeyd edirik.

Mənim üçün teatrda göstərilən heç bir şey günah və ya ayıb deyil. Teatr sənətdir, teatr tamaşalarına da sənət nümunəsi kimi baxmaq lazımdır. Doğrudur, bizim cəmiyyətdə bəzən birmənalı qarşılanmayan məqamlar çox olur. Ancaq yavaş-yavaş bu da öz həllini tapmağa başlayır. Artıq cəmiyyət buna hazırdır ki, ayıb, günah kimi qəbul etdikləri bir sıra nüanslar sənət nümunəsidir.

-Teatrnızın yaradıcı heyəti həvəskarlardır, yoxsa bu sahə üzrə təhsil alanlar da var?

- Mənə görə "ADO" özü bir məktəbdir. Aktyorlarımız arasında dövlət teatrlarında çalışanlar, bizim özümüzün yetişdirdiyimiz aktyorlar da var. 90% aktyorumuz profisionaldır. Yerdə qalan 10% də profisionallığa doğru gedir. Bu sahə üzrə təhsil alanları da var, almayanları da. Mənə görə diplom almaqla aktyor olmaq olmur. Əsas olan cəsarət, bacarıq, istedaddır.

-Bir müddət jurnalist kimi fəaliyyət göstərmisiniz. Yenidən jurnalistikaya dönmək fikriniz varmı?

-Xeyr, indiki düşüncəmə görə planlarımda belə bir şey yoxdur. Mənim üçün əsas olan ifadə azadlığı, cəmiyyət üçün faydalı olmağı bacarmaqdır. Hər kəs özünü bir sahədə rahat, uğurlu hiss edir. Düzdür, jurnalist kimi də öz sözümü deməyi, fikrimi çatdırmağı bacarmışam. Amma elə o vaxtdan rahatlığı daha çox aktyor, rejissorluqda tapırdım. Özümü aktyor, rejissor kimi daha faydalı və uğurlu hesab edirəm. Jurnalist kimi fəaliyyət göstərdiyim dönəmlərdə də paralel olaraq tamaşalarda iştirak edirdim. Müstəqil teatr qurmağı düşünürdüm. Düzdür, bəzi səbəblərdən bir az gec oldu, amma bacardım.

-Bu sahədə kimlərdən dərs almısınız?

-Klassik, ənənəvi teatrın bir çox məqamlarını Xalq artisti Rafiq Hüseynov, Əməkdar astist İlqar Cahangirdən öyrənmişəm. Hər zaman da dəstək olublar.

-Xaricdə bu sahə üzrə təhsil almağı düşünürsünüzmü?

-Əlbəttə, hər zaman araşdırmağa, bilik və təcrübələrimi inkişaf etdirməyə meyil göstərirəm. Mən daha çox ənənəvi teatr üzərindən modern teatr yaratmaq istəyirəm. Bu istiqamətdə bacardığım qədər imkan olduqca təcrübəmi artırmağa, daim öyrənməyə, inkişaf etməyə çalışıram. Xaricə səfərlərimiz də olur, Ukrayna, Rumıniya, Gürcüstana səfərlərimiz olub. Bütün şanslardan faydalanıb yararlanmağa çalışırıq. Təhsil üçün şans yaransa bunu da məmnuniyyətlə dəyərləndirərəm.

Söhbət etdi: Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »