Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elinanın məktəb yoldaşları və həkimləri nə dedi

162 saylı məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın ölüm işi ilə bağlı məhkəmə prosesi davam edir. Bu gün məktəblinin sinif yoldaşları və həkimlər ifadə verib.

Bizimyol.info xəbər verir ki, əvvəlcə Elinanın məktəb yoldaşlarından Aysel Murtuzayeva və Xədicə Mədətova danışıb. Ayselin dediyinə görə, mərhum əsəbiləşəndə boğazını və əlini kəsirmiş: “Deyirdi ki, özümü kəsəndə xoşuma gəlir”.

Ayselin dediyinə görə, başqa sinfin şagirdləri geyiminə görə Elinanı incidirmiş. Xədicə də bunu təsdiq edib. Onu sözlərinə görə, öz sinif yoldaşları qızın xətrinə çox dəyirmiş. Elina bu üzdən əvvəl təhsil aldığı məktəbə qayıtmaq istəyirmiş.

Məhkəmədə Kliniki Tibbi Mərkəzin həkimləri - Kompüter-Tomoqrafiya bölməsinin əməkdaşı Məhəmməd Əmrahov, toksikoloq Faiq Süleymanov, reanimasiya şöbəsinin həkimi Vaqif Rəhimov, reanimotoloq Fazil Alıyev, uşaq cərrahiyyə şöbəsinin müdiri İlqar Haqverdiyev, Təcili Tibbi Yardım stansiyasının həkimi Vaqif Mursaqulov şahid kimi dindirilib.

Mirsaqulov deyib ki, çağırışa gedəndə Elina divanda uzanıbmış: “Dedi ki, axşam və səhər çoxlu ketatfen içib. Niyə belə elədiyini soruşdum. Dedi, məni nə evdə istəyirlər, nə də məktəbdə. Bundan əvvəl də intihara cəhd elədiyini bildirdi. Dərman içdiyini dediyinə görə toksikologiyaya aparılmasını istədim”.

Toksikoloq Faiq Süleymanov Elinadan axşam 30, səhər də 30 həb içdiyini eşitsə də, inanmayıb: “Bu halda dərin yuxuda olmalıydı. Amma onda yüngül zəhərlənmə var idi. Mən müalicəni yazıb çıxdım. Qalan müalicə reanimasiyada aparılmalıydı”.

Reanimotoloq Fazil Alıyev deyib ki, həmin gecə onun növbəsində Elinanın vəziyyəti sabit olub. Sadəcə, təzyiqi çox düşübmüş: “Daxili qanaxmadan şübhələnib UZİ-yə göndərdim. Heç nə göstərmədi, qarın boşluğu təmiz idi. Prokurorluğa ifadəni mənim növbəmdə verdi. Sabahısı gün səhər saat 9-da başqa həkimə təhvil vermişəm. Əkrəm həkim səhər baxış keçirəndə dedi ki, bu dinamika ilə getsə, bir gün sonra palataya köçürülə bilər”.

Məhkəmə prosesi sentyabrın 27-də davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »