Azərbaycan özündən asılı olan hər şeyi edib…
Son dövrlərdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regionda, fərqli qütblər arasında geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda stabil və balanslı xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividendlər əldə etməyi hədəfləyib.
“Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb.
Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.
2005-ci ildən başlayaraq layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin 2018-ci ilin martında ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Təbii ki, bu xətti İran hökuməti maliyyələşdirəcək.Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayırılması haqda qərar qəbul edilib, ancaq bu kredit hələ ki ayrılmayıb. Ancaq Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq, bu layihəyə investisiya yatırmaqla ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb.
Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək. Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan Respublikası gerçəkləşdirilməsi gərəkən bütün infrastruktur layihələrini uğurla həyata keçirib.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti və perspektivləri haqda bizimyol.info portalına açıqlamasında beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə tanınmış ekspert, politoloq Nəzakət Məmmədova deyib ki, bu, Azərbaycan və bütün region üçün çox mühüm meqalayihədir.
- Belə bir meqalayihə qlobal güclərin dəstəyi olmadan meydana gələ bilməzdi...
- Təbii ki. Bu layihə dünyanın əsas güc mərkəzlərini, yəni Çin, Rusiya və Avropa Birliyini qane edir. Layihəyə qarşı tək güc mərkəzi ABŞ ola bilər.
- ABŞ-ın qarşı olmasının səbəbi nədir?
- Səbəbi məlumdur; İranın ABŞ tərəfindən sanksiyalara məruz qalması nəzərə alınarsa, belə bir şəraitdə Avropa Birliyinin yaxın müttəfiqi olan İranın dünyaya əsas çıxış yollarından biri Azərbaycandır. AB Azərbaycanın İrana münasibətinin və normal qonşuluq əlaqələrinin dəyişməz olaraq qalmasında maraqlıdır və ölkəmizi buna təşviq etməyə çalışır. Azərbaycan prezidenti İlham Əliyev də layihə ilə bağlı qeyd edib ki, "Şimal-Cənub, Şərq-Qərb nəqliyyat-kommunikasiya yollarının qovuşağında yerləşən tək, unikal ölkədir və bu, AB-nin diqqətini ölkəmizə çəkən amillərdən biridir.
- Layihənin AB üçün əhəmiyyıti aydındır. Bəs Azərbaycanın özü üçün hansı önəmi daşıyır?
- Layihənin, təbii ki, ölkəmiz üçün mühüm əhəmiyyəti var. Ölkəmiz tarixi İpək Yolu üzərində yerləşir və bu amil bizə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini uğurla həyata keçirən mərkəz ölkə olmaq imkanı verir. Prezident İlham Əliyev bu layihənin geosiyasi əhəmiyyətinə xüsusi diqqət çəkibr və ölkələr, eləcə də, regionlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdiriməsində, sabitlik və təhlükəsizliyin bərqərar olmasında onun mühüm töhfə verə biləcəyini vurğulayıb.
- Qeyd etdiniz ki, bu layihəyə qarşı duranlar var. Deməli, bunu həyata keçirmək elə də asan omayacaq. Azərbaycan bu çətinliklərə yenə də sinə gərə biləcəkmi?
- Bəli, dediyim kimi, bu layihənin heç də bütün dünya güclərini qane etdiyini söyləmək olmaz. Rusiya və İranı birləşdirən nəhəng layihədə Azərbaycanın birləşdirici ölkə rolunda çıxış etməsi ölkəmiz üçün də asan məsələ deyil. Lakin dinc yanaşı yaşamaq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə üstünlük verilməsi, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, milli maraqlara üstünlük verən xarici siyasət xətti bu meqalayihəni labüd edir.
Gülnarə ƏMİRQIZI
Bizimyol.info