Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehriban Əliyeva: "Azərbaycanın təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılıb"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Azərtac xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Əziz qonaqlar!

Sizi Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Belə mötəbər tədbirin ölkəmizin paytaxtında yenidən keçirilməsindən məmnunluğumu bildirirəm.

Biliyin qiymətləndirilməsi təhsil sahəsinin ayrılmaz tərkib hissəsidir. Müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsi böyük əhəmiyyətə malikdir.

“Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan hazırkı konfrans bu baxımdan təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılmasına, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyaların yaradılmasına öz töhfəsini verəcək.

Azərbaycanın təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılıb. Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik. Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir.

Ölkəmizdə, eyni zamanda, beynəlxalq qiymətləndirmənin inkişaf prinsiplərinə əsaslanaraq lazımi araşdırmalar aparılmış və bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilib.

Qərar qəbuletmə prosesində qiymətləndirmənin etibarlılığı və daha düzgün qərar qəbul etmək üçün müvafiq qiymətləndirmə üsullarının müəyyən edilməsi aktual məsələlərdəndir.

Əminəm ki, 55 ölkədən 300-dən artıq ekspertin qatıldığı konfransınızda qiymətləndirmə sisteminin müxtəlif aspektləri ilə bağlı geniş müzakirələr yeni qiymətləndirmə texnologiyalarının səmərəli tətbiqində və standartların formalaşdırılmasında mühüm rol oynayacaq.

Hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Son xəbərlər
Bütün xəbərlər »