Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə Neft Fondunun rəhbərinin qardaşının xeyrinə qərar verib: 100 milyon manatı banka qaytarmaya bilər

“Bəzi əmanətçilər müflis bankdan pullarının çıxarılmasının, borclular isə borclarının silinməsinin uydurma əqdlər bağlayaraq və hüquqdan sui-istifadə edərək qanunsuz yolunu tapıblar: Əmanətlərin Sığortalanması Fondunun ən azı fərsizliyi nəticəsində məhkəmələr qanunsuz sxemi təsdiqləyir! korrupsiya ehtimalı böyükdür! qalan əmanətçilərin pullarının tam batması ehtimalı artır”.

Bizimyol.info xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Ekspert qeyd edib ki, bu günlərdə Ali Məhkəməsinin qəbul etdiyi qərarla müflis bankın kreditorları (əmanətçiləri) və borcluları tərəfindən hüquqdan kobud sui-istifadə mexanizmi təsdiqlənib: “Bununla da müflisləşmə institutunun iki əsas prinsipi pozulub: 1) kreditor tələblərinin ödənilməsinin növbəliliyi (yəni hər bir kreditor növbəsini gözləməlidir); 2) kreditor tələblərinin ödənilməsində mütənasiblik (yəni müflisin qalıq aktivləri kreditorlar arasında proporsional şəkildə bölüşdürülür). Nəticədə də digər kreditorların hüquqları kobud şəkildə pozulmuş olur: kreditorlardan birinin tələbi növbədənkənar ödənilir, üstəlik borclulardan biri borcdan yaxa qurtarmış olur. Başqa sözlə, bütün kreditorların bölüşdürməli olduqları qalıq əmlak azalmış olur!”

Əkrəm Həsənov

Ekspert bildirib ki, bank müflisləşibsə, deməli, əmlakı heç bir halda bütün borclarının tam ödənilməsinə kifayət etmir: “Məhz buna görə də bankın qalıq əmlakı onun kreditorları arasında mütənasib şəkildə bölüşdürülməlidir. Amma bəzi kreditorlar (statuslarına uyğun olaraq) digərlərindən üstündür. Hər iki prinsip ədalətə, xüsusilə sosial ədalətə söykənir. Konstitusiyanın 149-cü maddəsinin I hissəsinə əsasən haqq-ədalət dedikdə bərabər mənafelərə bərabər münasibət başa düşülür. Bu yanaşmanı pozmağa yönəlmiş hər hansı addım, əqd təbii ki, qanunsuzdur!”

Ekspert deyib ki, sözügedən qadağanın mənası çox sadədir: “Borcluya imkan verilmir ki, müflis şəxsə qarşı tələbi böyük güzəştlə əldə edib borcunu əvəzləşdirərək qeyri-dürüst yolla varlansın (qənaət etsin) və nəticədə müflisin qalıq əmlakını azaldaraq digər kreditorlara zərər vursun. Axı müflislik institununun əsas məramı məhz kreditorların maraqlarının qorunmasıdır! Bizim məhkəmələrin tətbiq etdiyi yanaşma isə bütün dünyada qadağan edilən bu yolu leqallaşdırıb və bununla da müflislik institutunu süquta uğradıb, məhv edib.

Bundan sonra müflis bankın hər bir borclusu bu mexanizmdən rahat istifadə edə biləcək. Məsələn, Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovun şirkətlər qrupunun “Bank Standard”a təxmini 100 mln. manat borcu var Həmin bankda milyonlarla pulu qalmış iri kreditorlar (həm fiziki, həm də hüquqi şəxslər) var. ƏSF onlara açıq-aşkar deyir ki (Ləğv Planında da bu, birmənalı təsbit edilib), vəsaitləri qaytarılmayacaq. Təbii ki, həmin kreditorlara tələblərinin hətta 10 faizi belə ödənilsə, qalan məbləğdən imtina etməyə razı olacaqlar. Məsələn, bankda bir neçə hüquqi şəxsin 10-30 mln. manat arası pulu qalıb. Bir sıra fiziki şəxsin də 1-2 mln. manatı Şahin Mövsümov onlara tələblərinin 10 faizini ödəməklə həmin tələbə sahib olub bankla borcunu əvəzləşdirə bilər. Yəni banka cəmi 10 mln. manat ödəyərək, 90 mln. manata qənaət edə və varlana bilər. Təbii, digər kreditorlar arasında bölüşdürülməli olan həmin 90 mln. manat da banka çatmayacaq! Bax, məhz budur məhkəmələrimizin qanuni don geyindirdiyi bu yaramaz sxem!

Mülki dövriyyədə hüquq ilk növbədə kreditorları qorumalıdır. Bunu etmirsə, həmin ölkədə hüquq sadəcə yoxdur!

Kreditorları qorumayan ölkəyə heç kəs sərmayə qoymayacaq, xüsusən də xaricdən. Nə qədər ki dünyanın heç bir ölkəsində olmayan bu biabırçılıq bizdə geniş yayılmayıb, kökünü kəsməliyik!

Nə etmək lazımdır? ƏSF təcili olaraq məsələni Konstitusiya Məhkəməsi səviyyəsinə çıxarmalıdır (yəni şikayət etməlidir). Bu işdə mən əvəzsiz olaraq ƏSF-ə hüquqi yardım etməyə, o cümlədən vəkili olmağa hazıram (problemlə bağlı elmi məqalə hazırlamağı da düşünürəm)!

Müflis bankların kreditorları da fəal olmalıdır. Ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Hesablama Palatasına və s. şikayət etmək lazımdır. Çünki sözügedən qərar ilk növbədə məhz müflis bankların kreditorlarının əleyhinə atılan addımdır!”

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »