Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səsin sehrindən...

Bu gün metroda eşitdiyim qayğıkeş səsdən söz açmaq istəyirəm. Düşünürəm ki, biz nə qədər vaxtında yaxşını demiriksə, onun yerinə pislər ayaq açır. Bilmirəm niyə, amma gün ərzində demək olar ki, hər bir olayda Cabir Novruzun:

"Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara"

bu misraları beynimdə səslənir, sanki bütün baş verənləri ədalət tərəzisindən keçirib yerindəcə hökmünü verir.

Yaxşıdırsa, yaxşı dedirdir, pisdirsə, yamanlayır. Sevinirəm ki, bu gün yaxşıdan yazıb, yaxşı deyəcəm. Əvvəlcə, istəyirəm adiləşmiş metro təəssüratımın qısa xronikasını danışam. Elə həmin gün, sentyabrın 17-si, yeni tədris ilinin başlamasının ikinci günü olsa da, ilk dərs günündəki qədər sıxlıq var. Metroda yenə də tünlükdür. Sıxlıq o qədər çoxdur ki, insan hənirtisindən platformada belə, hava isti, adamı boğacaq qədər ağırdır. Bu vəziyyətdə gecikən qatarlar da adamın səbrini lap tarıma çəkir. Qatar gəldiyində insanların bir-birini itələməsi, ayaqların tapdanması, burnunu tutduracaq qədər ətrafa yayılmış kəskin tər qoxusu demək olar ki, hər bir metro sərnişini üçün adi hal alıb. Səhəri yuxudan kəm oyanmış, ailə, dərs və s. sosial problemləri bu sabah da çiynində ağır yük kimi daşıyan insan bir də metro vaqonunun bağlanmaqda olan iki qapısı arasında sıxılır. Elə bu dəmdə kobud bir səsin "Qapını burax, qatarı gecikdirmə!" səsinə diksinərək sanki yuxudan ayılır. Qaralmış qanını bir də bu ədalətsiz "əmrlə" lap zəhərə döndərən səsə özündən biixtiyar hirs, qəzəb baş qaldırır. Axı neyləsin? O da gecikir. Öz-özünə "Qatarlar arasındakı intervalı azaltsaydınız biz də rahat, adam kimi işimizə-gücümüzə gedərdik" - deyə düşünür. Amma nə fayda? Elə hamı öz-özünə deyinir, gileylənir, axırda da yaşadığı duruma boyun əyib, "El hara, sən də ora" deyib başını aşağı salır. Sıxlıqda alnından süzülən tərini belə, silməyə əlini qaldıra bilmir. Naəlac "5-6 stansiyadır, birtəhər dözərəm" deyib öz-özünə təsəlli verir. Alnından süzülən tər gözlərinə dolhadolda kirpiklərini tez-tez qırpır. Bu anda narazı tərzdə bir xanım səsi eşidilir: "Bir az o tərəfə çəkilin də!!! Mən irəli sıxıldıqca siz mənə tərəf gəlirsiniz!". Deyəsən, elə bu vəziyyətə də öyrəşmişik, çox adiləşib. "Əvvəllər olsaydı xanımı qısnayan "kişi" hər kimdirsə, qoymazdılar, növbəti dayanacaqdan o tərəfə gedə bilsin. İndi isə insanlar xanıma təəccüb qarışıq "nç, nç, nç, camaat lap pozulub"- deyə pıçıldayaraq əlacsız baxışlarla baxır. Nə qəribədir. Biz nə vaxtdan belə olduq?!" - deyə düşüncələrə qərq olur və budur, sakitlik bərqərar olub: "Qapılar bağlanır, növbəti stansiya Ulduz" səsi onu fikirlərdən ayıldır. "Az qaldı, 10 dəqiqəyə çatıram. Alternativim olsaydı, razıyam, piyada da gedərdim, amma bircə bu sıxlığa düşməyəydim..." fikirləri yenidən onu öz ağuşuna alır...

Bu demək olar, hər səhər yaşanan haldır. Bu səhər isə bir az fərqli idi. "Qara Qarayev" stansiyasında platformadakı sıxlığı görüb Həzi Aslanov istiqamətində bir neçə stansiya geri dönürəm. Elə platformada istiqamətimi dəyişmişdim ki, qatar gəlir, həm də yeni qatar. Təəccüblənirəm. Bir neçə dəfə qatarın monitorunda yazılmış "Dərnəgül" yazısına və platformanın yuxarısındakı elektron tablodakı yazıya baxıram. Xeyr, yanılmamışam. Elə "Dərnəgül" istiqamətində hərəkət edən qatardır. Düşünə bilərsiniz ki, bu qədər durub düşünəcək qeyri-adi nə var? Cavab verim: Çünki keçən il səhər saatlarında sərnişin sıxlığı daha çox "Dərnəgül" istiqamətindəki qatarlarda müşahidə olunsa da, yeni, kondisonerli qatarlar "İşərişəhər" istiqamətində hərəkət edirdi. Təbii ki, bu da əhvalımızı dəng edirdi. Metro sərnişinləri yaxşı bilir ki, insan sıxlığında isti qatarda bir neçə stansiya getmək adama işgəncə olur. Bundan sonra "Oğulsansa, günə xoş başla görüm, necə başlayırsan?"

Xülasə, budur, qatar platformaya çatır. Sevinirəm ki, bir az rahat gedərəm. Qapılar açılır, qatara minirəm, irəli addımlayıb tutacaqdan tuturam. Qatar yola düşür. Bir neçə stansiyadan sonra "Koroğlu" stansiyasına çatırıq. Qatarın qapısı açılar-açılmaz isti, buğanaq hava axını vaqonda havasızlıq yaradır. Yelpiyimi çıxarıb özümü sərinlətməyə çalışıram, elə bilirəm bu anda havasızlıqdan boğulacam. Sanki kondisoner də işləmir. Sərnişinlər bir-birini itələyir, itələnərək, qısnanaraq ayağı büdrəyən, başqasına dəyib onu da yerindən tərpədən qadınların narazı, qışqırtıya bənzər, kişilərin kobud, xırıltılı səsi eşidilir. Bu dəmdə qapılar bağlnarkən "sürpriz" bir səs eşidilir: "Hörmətli sərnişinlər, xahiş olunur qapılardan kənar dayanın!". Bayaqdan eşitdiyim narazı səslər, havasızlıq qanımı qaraldıb. Lakin bu səsdəki nəzakət sanki hər kəsə: "Sizi başa düşürük, hər kəs gecikir, tez getmək istəyir. Amma xahiş edirik, öz təhlükəsizliyiniz üçün ehtiyatlı olun, qapılardan kənar dayanın" -deyə mesaj verir. Bu mesaj elə bil hər il davamiyyətini qorumağı bacaran "müvəqqəti" çətinliyimizdə təsəlli olur. Nə qədər davamiyyətini qorumaqda israrlı olsa da, həqiqətən müvəqqəti olduğuna inandırır. Bu səsdəki nəzakət təbii ki, əhvalıma müsbət təsirsiz ötüşmür. Elə o anda mənə tam əyan olur ki, biz çox kobudlaşmışıq. İctimai yerlərdə nəzakətli davranışlara, adi xoş münasibətlərə susamışıq. Xidmət göstərməkdə yaxşı ola bilmədiyimiz kimi, könül oxşamağı da bilmirik.

Kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

Dostum əsəbi halda nömrəni yığır: Dəstəyin o biri tərəfində lətafətli, nəcib səs cavab verir: "Müştəri xidmətləri. Biz sizi eşidirik, buyurun"

Məlahətli səsin eşidilməsi elə bil o anda alovlanıb yanan əsəbinə sərin su səpir. Təkcə ona görə yox ki, incə xanım səsindən xoşhal olub, həm də ona görə ki, xoş xanım səsi sanki "Sizi anlamağa və probleminizin həllində kömək olmağa çalışacam" deyə ümid dolu bir mesaj verir.

Bu nadirən olan hal deyil, heç də az olmayıb ki, qulağayatımlı səs tonundakı qayğının təsirinə düşən dostum kimi N sayda şikayətçi dəqiqələrlə danışsa da problemini həll edə bilmədiyi halda xoş əhval-ruhiyyə ilə sağollaşıb və bu vəziyyəti də xoş bir an olaraq, üzündə təbəssümlə anıb. Buna görə fərqi yoxdur səs sahibi kişidir, yoxsa qadın. Əsas odur ki, səs tonu ilə nə demək istəyir, hansı mesajı verməyə niyyətlənib. Metroda eşitdiyim bu sürpriz səs də xanım səsi yox, elə kişi səsi idi. Təəccübləndirən tərəfi isə səsindən aldığım mesaj idi.

Bəs, görəsən, xidmət göstərdiyimiz sahədə bizi kobud olmağa vadar edən nədir? Olmazmı ki, səsimizdəki qayğını, nəzakəti daim qoruyaq? Xoş təbəssümlə, qayğıkeş səsimizlə könüllərə sığal çəkək? Yəqin ki, bu ritorik xarakterli sualıma hər kəsin cavabı olacaq.

Sonda isə qeyd etməyi özümə borc bilirəm: Unutmayaq ki, BİZ anlayışını formalaşdıran o və ya onlar deyil, elə sənlər, mənlərdir.

Son xəbərlər
Bütün xəbərlər »