Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Caduya, falçıya inanan məmurlar - tarixdə olanlar və bu gün yaşananlar...

Azərbaycan qanunları onlara ancaq bir halda qadağa qoya bilir – necə?

Bu günlərdə saytlarda azərbaycanlı məmurların, tanınmış sənətçilərin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələnməsi ilə bağlı video yayılıb.

Qeyd edək ki, Azərbaycanda vəzifəli şəxslərin falçılara, cadugərlərə inanması, onların “köməklərindən” yararlanması barədə mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı məlumatlar yayımlanır.

PADŞAHLARIN ŞƏXSİ FALÇILARI OLUB, ÇÜNKİ..

“Yeni Müsavat” isə xatırladır ki, tarixin müxtəlif dönəmlərində ölkəni idarə edən şəxslərin şəxsi falçıları, münəccimləri olduğunu nəzərə alanda bu olaya o qədər də barmaqarası yanaşmaq olmaz. Siyasi qərarlarını vermədən, müharibəyə başlamadan öncə kart açdırıb, rəml atdıran nə qədər padşah, ölkə rəhbəri olub, xəbəriniz varmı? Və bəzən falçıya inandığı üçün “ağzı yanan”lar da həmçinin. Məsələn, falçısının tövsiyəsi ilə sürpriz erkən seçkilərə gedən Şri Lanka prezidenti Mahinda Rajapaksanın nümunəsi olduqca əyləncəlidir. Maraqlıdır ki, falçısının məsləhəti ilə erkən seçimə gedən və seçkilərdə uduzan prezident mediaya açıqlamasında özünü məhz bu cür müdafiə etmişdi: “Hətta Nostradamus da səhv edə bilər. Mənim falçım da istisna deyil. Səslərin cəmi 41 faizini alacağımı heç vaxt təxmin etməzdim”.

Bu uğursuzluqdan sonra falçı Sumanadasa Abeygunavardena isə prezidentlə yollarını ayırmalı olub. Çünki sonuncu bu fiaskosunu şəksiz falçısına “borclu idi”. Üstəlik, məlum hadisədən sonra falçının da populyarlığı sıfıra enmişdi.

FALÇILIĞA İLDƏN-İLƏ DAHA ÇOX PUL XƏRCLƏNİR

Belə iddialar var ki, Azərbaycanda falçılıq və cadugərliyə 2017-ci ildə 200 milyon manat civarında pul xərclənib. Əvvəllər bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata çatmırdı.

Amma son aylarda falçıların bir-bir həbs olunması ciddi hadisə sayılır. Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub. Hadisə bir neçə il bundan öncə baş verib.

Bəzi məmurlara yaxın olduğunu iddia edən 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı Babayeva 7 il müddətinə azadlıqdan məhrum olunub. “Həzrət Sabir” kimi tanınan falçı Sabir Abbasov da həbs edilib. “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, dövrümüzün “Şeyx Nəsrullahı” sayılan “Həzrət Sabir” əlil arabasında olan əlilləri əllə müalicə etdiyini söyləməklə külli miqdarda vəsait mənimsəməkdə ittiham edilir.

Bəs qanun nə deyir? Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüqquqlarını əldə etmə - dələduzluq cinayətinin əlamətləridir. Falçılar insanların onlara göstərdiyi etibardan sui-istifadə edirlər. Xəstəni müalicə edəcəyi, itkin insanı tapacağı vədini verən şəxs bütün hallarda qarşı tərəfi aldatmış sayılır. Məqsəd yenə də haqsız qazanc təmin etmək, başqasının əmlakını ələ keçirməkdir. Əvvəlcədən insanı aldadıb və ya etibarından sui-istifadə edib, həlli mümkün olmayan vəd verməklə pulunu almaq artıq dələduzluq hərəkətidir.

QANUNLAR NƏ DEYİR? FALÇILIQ QANUNLA QADAĞANDIR, YA YOX...

Azərbaycan qanunları isə falçılarla bağlı sərt mövqedədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı daha öncə mətbuata açıqlamasında deyib ki, Azərbaycanda falçılığa qarşı daim mübarizə aparılır və vəziyyət nəzarət altındadır. Falçılığın dini xurafatın elementi olduğunu deyən komitə sədri bütün dinlərin falçılığı pislədiyi kimi, islamın da ona qarşı olduğunu vurğulayıb: "Qurani-Kərim"də falçılığın məqbul olmadığını özündə ehtiva edən ayə var. Falçılıq fırıldaqçılıqdır. Bu ad altında insanları aldadaraq onların əmlakını, vəsaitini əlindən almaq Cinayət Məcəlləsində dələduzluq maddəsi ilə tövsif edilir. Eyni zamanda, insanı aldadıb pulunu mənimsəmək Cinayət Məcəlləsində və digər hüquqi aktlarda öz əksini tapıb".

Amma məsələnin ən ilginc tərəfi falçılıq probleminin iki vətəndaş arasındakı məsələ olması ilə bağlı yaranan fikirlərdir. Belə ki, vətəndaşdan şikayət olarsa, hüquqi müstəvidə bu məsələyə toxunmaq mümkün olur. M.Qurbanlı daha öncə deyib ki, hansısa bir şəxs kiminsə evinə gedib ona hansısa tövsiyələr verib və qarşılığında həmin adamdan ödül alıbsa, bunu müəyyənləşdirmək o qədər də asan deyil: “Hüquq-mühafizə orqanları ilə bizim yerli şöbələrin keçirdikləri əməliyyatlar şikayətlər əsasında olur. Şikayət olanda reydlər keçirilir, cərimə və xəbərdarlıqlar edilir. Bu cür məlumatlar mediada olanda da dərhal ona reaksiya veririk, proflaktik tədbirlər görülür. Falçılıq adı altında dələduzluqla məşğul olanlar ifşa olunmalıdır. Vətəndaşlarımız da məlumatlı olmalıdırlar. Onları daha çox maarifləndirməliyik. Biz dünyəvi dövlətik. Azərbaycan xalqının intellektual səviyyəsi yüksəkdir. 21-ci əsrdə xurafata yuvarlanmaq, həkimi qoyub falçıya getmək, problem üçün falçıya müraciət xurafat elementidir. Ona görə buna qarşı ictimai mübarizə olmalıdır".

Rəsmi qurumlar primitiv falçılıqla ekstrasensliyi qarşı-qarşıya qoymur. Buna səbəb olaraq ekstrasenslikdə sehirbazlığın olması arqumentini irəli sürürlər. Bəzi ölkələrdə, məsələn Rusiyada, Qərb ölkələrində, fitrətən istedadlı olanlar, ekstrasenslərlə bağlı hüquqi müstəvidə problemlər ortaya çıxmasın deyə, onlara sertifikatlar verilməsi praktikası var. Azərbaycanda isə bununla bağlı hər hansı sistem yaradılmayıb.

Son xəbərlər
Bütün xəbərlər »