Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Səudiyyə Ərəbistanına qarşı silah embarqosunun müddətini uzadıb

Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışına dair moratoriumun müddətini daha 6 ay, yəni 2020-ci ilin martın 31-dək uzadıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü bildirib.

Ötən gün Almaniya kansleri Angela Merkel səudiyyəli jurnalist Camal Qaşıqçının ötən il qətlə yetirilməsindən sonra tətbiq edilmiş moratoriumu uzatmaq niyyətində olduqlarını açıqlamışdı.

Almaniya hökuməti bu mövqeyini əslində Səudiyyə Ərəbistanı ilə İran arasında qarşıdurma əlamətlərini daşıyan Yəməndəki müharibənin getdikcə qızışması ilə də əsaslandırır. Belə ki, A.Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı ilə Sosial Demokrat Partiyası arasındakı koalisiya bu müharibədə tərəf olan ölkələrə silah satışına qarşı çıxıb.

Xatırladaq ki, Almaniya tərəfindən ötən ilin oktyabr ayından tətbiq edilmiş moratorium bu ölkənin istehsal etdiyi hissələrin Böyük Britaniya, Fransa və İspaniyanın iştirak etdiyi layihələr üçün tədarükünü də dayandırıb. Nəticədə Səudiyyə Ərəbistanının satın aldığı “Eurofighter Typoon” tipli qırıcı təyyarələrində quraşdırılacaq “RR Meteor” tipli raketlərin də tədarükü təxirə salınıb.

Son xəbərlər
Bütün xəbərlər »