Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakıda qucaqlaşmadığım kişi qalmayıb” – Avtobuslarımızın “mehriban olun!” məşəqqəti

Sentyabrın 16-nın gəlməsi ilə Bakıda sıxlıq və marşrutlarda əzilmək mövsümünə start verildi. Hər gün bir saata getdiyimiz yolu indi ən az saat yarıma qət edirik.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "bir manatlıq taksi" adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və bununla bağlı tədbirlər görüləcək. Tədbir deyəndə nə nəzərdə tutulur? Bu taksilər yığışdırılır, müəyyən vaxtdan və görüm-baxımdan sonra yenidən xəttə buraxılır. “Bəxt üzüyü”nün Söylüsü demiş, Mayıf Qasımın yaxası orden istəyən kimi kimlərinsə cibləri pul arzusuna düşəndən düşənə kampaniya xarakterli təmizəmə əməliyyatı aparılır.

Ölkədə işsizlik probleminin var olduğu bir dövrdə həmin taksilər həm ailələrin dolanışıq yeri, həm də marşrut xətlərinin problemli olduğu ərazilərdə bu məşəqqəti aradan qaldıran vasitədir. İşıq gələn yerə barmaq soxmaqdan öncə nəqliyyat problemi həll olunmalıdır axı.

“Son illər əhalisi kütləvi şəkildə artan və artmaqda davam edən Masazıra şəhərdən cəmi bir marşrut xətti işləyir (bu da bir inhisardır). Bir manatlıq taksilər bu yükü bir qədər azaldır. Düzdür, taksi sürücüləri maşını çox pis sürürlər, pik saatlarda qiyməti 1.50, 2 manata qaldırırlar, amma dayanacaqda saatlarla gözləməməyə görə, yeganə çıxış yoludur. Ona görə də, bu taksiləri ləğv edərkən, ilk növbədə vətəndaşlar üçün marşrut problemi həll edilməlidir”.

Bu fikirləri həmin ərazidən hər gün mərkəzə işə gəlməli olan jurnalist Rəşad Vaqifoğlu paylaşıb. Və o bu fikirdə olan tək adam deyil. Şəhərin içərisində Bakubus xidmət göstərsə də ucqarlarda nəqliyyat problemi hələ də qalmaqdadır. Dildən ağızdan eşitdiklərimi deməyəcəm. Elə özümün istifadə etdiyim 28 May metrostansiyasından Əhmədliyə gedən 46 saylı avtobusun misalında işdən çıxıb evinə tələsən insanların keçirdikləri əsəbdən danışım. Bu xəttə əlavə yeni avtobuslar verilib, deyilənə görə, interval azaldılıb, avtobusların da sayı artırılıb. Burası gözəl.

Bu avtobusların marşrutu elədir ki, hər dayancaqda mütləq şəkildə 4-5 adam götürür. Axşam və səhər saatlarında bu 4-5 nəfərin sayı ən az 20 olur. Di gəl ki, 28May metrosunun qarşısından start götürən avtobus ağzına qədər dolmayınca sürücü avtomobilini yerindən tərpətmir. Digər dayanacaqlarda bu avtobusun yolunu gözləyənlər də məcbur olub az qalırlar bir -birlərinin belinə çıxalar. Hər gün maraqlı polemikanın şahidi oluram.Daha doğrusu xalq yaradıcılığının. “Ay şofer, gözün doysun, sür daha”.Sürücü keyfini pozmadan “sıxlaşın, mehriban olun”, deyir. Yaşlı bir xala isə qucaqlaşdığı kişinin tərli qollarının altından başını güclə çıxarıb qışqırır- “Ay kişi, Bakıda qucaqlamadığım kişi qalmayıb, bu andırı adam balası kimi sürün də. Tanımadığımız adamlarla qucaqlaşa- qucaqlaşa qohum olmuşuq, dinsizlər”.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »