"Həyat yoldaşım mənə gül alsa, başına çırpardım"
Bir sıra bayramlarda "qaz vurub qazan doldurduğu" deyilən gül satanlar, görəsən, digər günlərdə satış edə bilirlərmi?
Görəsən, azərbaycanlı vətəndaşlar gül almağa, gül bağışlamağa meyillidirmi?
Bizimyol.info əməkdaşları bir neçə gül dükanına baş çəkib, satıcılarla söhbətləşməyə çalışıb. Müxbir yoldaşımla yol kənarındakı gül dükanlarından birinə daxil oluruq. Yeraltı dükana düşən pilləkanlarda güllər düzülüb. Elə də çox rəngarəng demək olmaz, daha çox ağ və qırmızı güllərdir. Güllərə baxa-baxa aşağı - dükana enirik. Bu dəmdə yaşlı, ucaboy bir kişi yaxınlaşır.
- "Buyurun, necə bir gül istəyirsiniz?
- Utana-uatana "Dayı, əslində biz gül almaq üçün gəlməmişik. Müxbirik. Bilmək istəyirik adi günlərdə siz gül satanların işi necə gedir? Camaatımız gül almağa meyillidirmi?
Bayaqdan alıcı gəldiyini sanıb gülərüzlü dayanmış satıcı dayı, deyəsən, gül almadığımza görə bizə bir az əsəbiləşir. Mülayim səsi bir anda soyuqlaşaraq etinasızlaşır. Öz-özümə düşünürəm ki: "Burada nə var axı, niyə aqressivləşirsən ki... Lap sözü də pulla satmaq istəyir... " Amma fikirlərdən ayılıb suallarımıza davam edirik. Məlum olur ki, adi günlərdə satışları heç də yaxşı getmir.
- Bəs satılmayan gülləri aldığınız yerə geri qaytara bilirsinizmi?
- Yox, özüm yetişdirirəm, qalıb solanları da atırıq...
- Gül alarkən rənginə fikir verirlərmi? Məsələn, sarı gül ayrılıq rəmzidir deyirlər. Sarı gül alan varmı?
- Ta elə şeylərə fikir verən yoxdur. Kim hansı gülü bəyənirsə, alır.
Satıcının danışmağa meyli olmadığını görüb, dükandan çıxırıq. Müxbir yoldaşım mənə çevrilib: "Adamı qınamıram, satışın olmayan vaxtında dükana iki nəfər gəlir, onlar da müxbir. Mən də olsam acıqlanaram" deyir. Yolumuza davam edirik, irəlidəki küçədə ad-sanı ilə tanınan gül dükanı mağazalar şəbəkəsindən birinə daxil oluruq.
Deyəsən, məktəblərin açılması ilə əlaqədər yeni güllər gətirdiblər. İçəri daxil oluruq. Gənc, gülərüz xanım bizi salamlayır. Xanıma müxbir olduğumuzu bildiririk. "Hə, buyurun, nə maraqlandırır souşa bilərsiniz" deyir.
- Adi günlərdə satış olurmu? Gül alan varmı?
- Bəli, olur. Doğum günü üçün, hədiyyə üçün alanlar çox olur. Küsmüş sevgilisi, həyat yoldaşı üçün alanlar da var.
- Gül buketlərinin qiyməti neçə manatdan başlayır?
- Gül buketlərinin qiyməti ortalama 25-30 manatdan başlayır. Güllərin növünə, rəngarəngliyinə görə qiymətlər də dəyişir. Daha bahalı buketlər də var.
- Bayram günlərində qiymətlərdə qalxma olurmu?
- Xeyr, elə necə var elə olur. Sadəcə satış çox olur.
- Gül alarkən sizinlə məsləhətləşənlər olurmu?
- Bəli, olur. Daha çox ev, ofis üçün gül alanlar qulluqla bağlı suallar verirlər. Biz özümüz də çalışırıq hər zaman gülə qulluqla bağlı məlumat verək. Çünki elə gül var günəş işığı sevir, elə gül var az günəş işığı sevir. Su da həmçinin. Bəzən müştərilər arasında olur ki, gülü alıb apardıqdan sonra eyvana çıxarır ki, daha çox günişığı alsın. Bir neçə gün sonra gül yanır. Gəlib deyirlər, izah edirik ki, elə gül var Günəşi , suyu çox sevmir. Buna görə gül alanda qulluqla bağlı satıcıdan məsləhət almaq və ya internetdən araşdırma etmək lazımdır.
Satıcı xanımla sağollaşıb mağazadan çıxırıq... Müxbir yoldaşım "Belə vaxtda mənə yoldaşım gül alıb gətirsə, yəqin dalaşaram ki, pulu niyə gülə verirsən? 400 manat maaş alırsan, onun da 50 manatını gül buketinə verirsən? Gülü başına çırpardım. İstifadə edəcəyim bir şey alardın". İkimiz də bu acı reallığa gülüb yolumuza davam edirik...
Yəqin ki, nə zamansa Azərbaycan qadını da maliyyə durumunu fikirləşmədən yeyilib-içilməyən, geyinilməyən, sadəcə göz, könül oxşayan hədiyyələrdən zövq alacaq.
Aləmdə Nəsib