Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda həbs olunan hindistanlı turistlər: “Bizə burada yemək verilmir, işgəncə altındayıq”

Azərbaycana turist kimi gələn beş nəfər hindistanlı – Bujel Suman, Ajrudin, Kristian Selinben Noyelkumar, Tamanq Sinq Bahadır və Cundra Simon Bakıda yaşadıqları evdə həbs olunub. Onları Dövlət Miqrasiya Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşları saxlayıb.

Bizimyol.info xəbər verir ki, həbsdəki hindistanlılar yaxınlarına zəng edərək günlərdir ac saxlandıqlarını deyiblər, təhqiramiz davranışdan, işgəncədən şikayətləniblər. “Təsəvvür edin, zəng edib, ağlaya-ağlaya deyirdilər ki, “bizə burada yemək verilmir, işgəncə altındayıq”. Onların həbsi qanunsuzdur. Heç bir qanunsuzluq eləməyiblər. Azərbaycana da viza ilə gəliblər. Kristian Selinben Noyelkumar həyat yoldaşıyla birlikdə səyahətə gəlmişdi. Onlar həbs olunanda vizalarının müddəti bitməmişdi. Hətta bitsə belə, mütləq əvvəl ölkəni tərk etmək barədə xəbərdarlıq olunmalıydı”, - deyə “Bizimyol.info”ya bildiriblər.

Əlavə ediblər ki, həbsdəki yaxınlarının azadlığa çıxması, hüquqlarının müdafiəsi üçün artıq azərbaycanlı vəkillə müqavilə bağlayıblar: “Vəkilə sənədləri vermirlər, bu nə deməkdir?!”

Elnur Kələntərli Elnur Kələntərli

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərli məsələ ilə bağlı Bizimyol.info saytına bildirib ki, qanunvericiliyə əsasən, daimi yaşayışla bağlı bir illik müqavilənin bitməsinə 30 gün qalmış onlar müqavilənin uzadılması üçün müraciət etməlidirlər. Müraciət etmirlərsə, axırıncı gün ölkədən çıxmalıdırlar. Çıxmırlarsa qanunsuz miqrant hesab edilirlər.

“Xəbərdarlıq məsələsinə gəlincə hər bir miqrantın əlindəki sənəddə onun vizasının nə zaman bitməsi barədə məlumat olunur. Ola bilsin ki, adı çəkilən şəxslərin geri dönüş bileti olmayıb. Əgər bilet olmasa təbii olaraq həmin şəxsin qanunsuz miqrant elan edilməsi gözlənilir. Geri dönməyə imkanı olmayan şəxslərə biz kömək edirik və ölkəsinə yola salıqrıq. Azərbaycana milyonlarla turist gəlir onarın hər birinə xəbərdarlıq etməli deyilik. Biz ilk növbədə ölkəmizin təhlükəsizliyini düşünürük. Ölkəyə turist qismində daxil olan əcnəbinin viza vaxtı bitirsə bu qanunsuz fəaliyyətdir. Bizim ölkəmizə gələn hər bir xarici vətəndaş ölkə qanunlarına hörmətlə yanaşmalıdır.

O ki, qaldı işgəncə verilməsi məsələsinə bu doğru ola bilməz. Biz cəza vermirik, onlar cinayətkar deyillər. Biz cinaytkarlıqla mübarizə qurumu deyilik. Onlar saxlanılıb Qanunsuz Miqrantların Saxlanılması mərkəzinə yerləşdirilirlər. Yeməkləri, içməkləri, qalmağa otaqları var. Orda bir çoxları ailələri ilə qalırlar. Mərkəzdə konkret saxlanma vaxtı yoxdur. İmkanı olmayanları biz özümüz yola salırıq. Konkret adı çəkilən şəxslərlə bağlı araşdırma aparıb rəsmi məlumat verəcəyik”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »