Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənim paradiqmam

Orta məktəbdə paralel siniflərdə oxuduğumuz filosof dostum, professor  Məmmədov  Əziz  müəllimin ən çox xoşuna gələn fəlsəfi kateqoriyalardan biri paradiqmadır. Bu söz onun dilindən düşmür. Paradiqma (yunan dilində) sosial, fəlsəfi anlamda təsəvvür sistemlərində mütləq həqiqətin mövcüd təzahürlərini  özündə daha parlaq ifadə edən nümunə deməkdir. Çoxdan həvəsində idim ki, ona tayı-bərabəri olmayan bir paradiqma nümayiş etdirim. Hər dəfə də gətirdiyim nümunədə nəsə bir zəif həlqə tapırdım: deyirdim qoy qalsın, hər şeyin zamanı var, bir az da gözləyək.

Rusların gözəl bir kəlamı var: "podozritelno xoroşiy çelovek". Yəni bu insan şübhə doğuracaq qədər yaxşı insandır, belələri gerçək həyatda olmur. Mənim də dostuma təqdim edəcəyim paradiqmam bənzəri olmayan ölkəmizin bənzərsiz törəməsidir.

Satirik hekayə janrının ən tanınmış simalarından biri hesab olunan Əziz Nesin "Üç mələyin anası" hekayəsində, ananın yeməkdən imtina edən övladlarına küçədən tutub gətirdiyi qədərindən də arıq bir kişini soyundurub nümayiş etdirdiyi paradiqmanı belə təsvir edir: "Çəkisi 45 kq olar-olmaz, qoca kişinin qıçları çubuk kimi nazik idi, qolları sap kimi sallanmışdı, boynu elə bil saman çöpü idi. Qabırğalarını uzaqdan saymaq olardı. Vücudu üzərinə çirkli sarı dəri çəkilmiş bir skilet idi". Ana kişini göstərib: "Baxın, yeməsəniz siz də bu günə düşəcəksiniz"- deyir.

Əziz Nesinin paradiqması vaxtilə dünyanı həm güldürdü, həm də düşündürdü.

Cavanlıqda oxuduğum hekayə ömürlük yaddaşıma həkk olmuşdu. İndi də mən dünyaya sonsuz məhəbbətlə şöhrət və pulpərəstliyin gətirə biləcəyi eybəcərliklərin törətdiyi personajlardan biri haqda söhbət açmaq, paradiqmamı təqdim etmək istəyirəm.

Bu, bizim müasir Azərbaycanımızın ərsəyə gətirdiyi akademik Abel Məhərrəmovdur. Məqsədim heç də bir şəxsin qəlbinə dəymək və ya onu aşağılamaq deyil, bu mənim əqidəmə sığmayan keyfiyyətdir. Məqsədim zaman ardıcıllığında insanın keyfiyyətinin dəyişmə sürətinin onun maddi imkanlarından asılılığını nümayiş etdirməkdir. Abel müəllim Respublikamızın ali məktəblərinin rektorlar şurasının sədri olduğundan, əvvəlcə qısaca da olsa “yaranışın” panoramasının təsəvvür sistemlərində tam canlandırılması üçün onun ayrı-ayrı fraqmentlərini nəzərinizə çatdırıram ki, özünüz nəticə çıxarasınız. Bizim tanışlığımız 1973-cü ildən, onun tədris hissəsində işlədiyi vaxtdan başlayıb. Onda o, sadə, gülərüz və mehriban bir cavan oğlan idi. Biz isə Elektronika kafedrasının bir neçə əməkdaşı, Rusiyanın Ryazan şəhərindəki 5000 işçisi olan Lenin komsomolu adına Elektron Cihazları Zavodu ilə təsərrüfat hesablı elmi-tədqiqat işləri aparırdıq. Abel müəllim də təzəcə işə başlamışdı və bizim qələbəmizə sevinirdi. Biz universitetin hesabına ildə 150.000 rubl gətirirdik və kifayət qədər lazımlı adamlar idik. Sonralar da biz impuls plazma sürətləndiriciləri, vakuum tozlandırıcıları, plazma, ozon və su hazırlığı texnologiyaları ilə mükəmməl işlər görmüşük. Universitetə konfranslar gətirmişik. Beynəlxalq konfranslarda BDU-nun adını dünya elm aləminə tanıtdırmışıq.

İnsanların yetişməsində aldığı təhsilin rolu danılmazdır. Məramından asılı olmayaraq təhsil-təlim ocaqlarının hamısı trafaretli məktəblərdir. Bütün bunlardan əlavə, bir də ölçüsüz-çərçivəsiz həyat məktəbi mövcuddur. Bu məktəbin heç məkanı da yoxdur. İnsan şüurunun, idrakının illərlə əldə etdiyi həyatda baş verən hadisələrin yaratdıqları anlamların məhsuludur. Əslində həyat məktəbi irrasional mövcüdluqdur, rasional deyil. Rasional olsaydı ağrısı bir qədər də çox olardı. Bu məktəbin “qəhrəmanları” zamanın yetişdirmələri olmaqla bərabər, həm də şəxsi "keyfiyyətləri" ilə normal insanlara məxsus göstəricilərdən əsaslı surətdə fərqlənirlər. Onların ən böyük qüsurları özlərinə kənardan baxa bilməmələridir. Həyat məktəbi bir də ona görə irrasionaldır ki, bizim düşüncələrimizdən asılı deyil. Çoxlu sayda bizdən asılı olmayan təsadüflərin yaratdıqları mühit son nəticədə qabaqcadan proqnozlaşdırılmamış fenomenlər yetişdirir. Bu fenomenlərin yekun göstəriciləri millətə və xalqa gözlənilməyən ibrət dərsləri yaşada bilir.

Vətən, vətəndaş, vətənin daşı-kəsəyi və s. anlamları əlbəttə, imperiyaların mənəm-mənəm hoqqabazlıqları sayəsində yaranan müqavimət hərəkatının təzahürləridir. Müstəqillikləri simvolik olan xırda dövlətlərin nəfsi iti sakinləri (yalançı patriotlar) paranı üstün tutaraq dövlətçilik prinsiplərini kölgədə qoyub fantastik uğurlar qazana bilirlər. Əlbəttə, bunlar hamısı müvəqqətidir və sonda utanc gətirən gülünc aqibətdir. Bütün bunlar vətənə arxadan vurulan zərbədir. Təhsil sistemində belə şəxslər ən qorxulu və ziyankar personajlardır. Heç ağlı olan da ömrünü para toplamaqla keçirərmi? Həqiqi alimin təfəkküründən gələn dünya səviyyəli bir məqalənin sevinci heç bir para sevinci ilə müqayisəyə gələ bilməz. Məgər Həzrəti Peyğəmbərimiz əbəs yerəmi alimin (əlbəttə, söhbət indiki psevdoalimlərdən getmir) mürəkkəbinin şəhidin qanından üstün tutulduğunu demişdir? Həqiqi alim öz cəbhədaşlarına xəyanət edərmi? Qətiyyən yox!

İnsan yaranışından bütün canlıların alisi olduğunu hiss edərək bu haləti doğrultmağa can atmış, təbii ki, xeyli müvəffəqiyyətlər də əldə etmişdir. Əlbəttə, idrakın gücü və ağlın qələbəsi prinsipcə cəlb edicidir. Hamı istəyir ki, övladları ağıllı olsun, cəmiyyət içərisində söz sahibi kimi tanınsın  və s.

Eramızdan əvvəl (427-347-ci illərdə) yaşamış dahi yunan filosofu, Sokratın tələbəsi Aristotelin müəllimi Platonun ideyaları klassik fəlsəfənin əsasını təşkil edir. O, inandırırdı ki, bizi əhatə edən nə varsa, hamısı ideal dünyanı təşkil edən cisimlərin pis nüsxələridir. Platon dövlət quruluşu və dövlətçilik məsələləri ilə uzun illər məşğul olmuş, “Respublika” adlı əsərində Utopiya (xam xəyal) adlandırdığı ideal dövlətin quruluşunu təsvir etmişdir. Onun Utopiyası ilə indiki dövlətlər arasında nə qədər fərq varsa, bizim akademiyamızla onun akademiyası arasında da bir o qədər fərq var. Bizim bütün ömrümüz akademiklərimizin, elə bəzi professorlarımızın da fəaliyyətsizliyinə məsxərə ilə keçmişdir. Sanki bu ad insanları ovsunlayır, mürmüc edir. Mən indiyə kimi bir akademikin hansısa elmi konfransda, hansısa elmi məsələni araşdırdığını görməmişəm (yalnız rəhmətlik akademik Azad Mirzəcanzadədən başqa). Onlar yalnız rəyasət heyətinin tərkibində olmaqları ilə fərqlənirlər. Bütün bunlarla yanaşı, alim adlandırılan kəslərin maddiyyata olan aludəçiliyini də əlavə etsək, işlərimiz tamam “düzələr”.

Respublikamızda, uzağa getmək lazım deyil, nəfsi ilə mücadilə apara bilməyənlərin aqibətini görmüşük. Yəni həyat məktəbi fəaliyyətdədir. İbrət götürmək lazımdır. Böyük məbləğli pul kütləsi insan idrakında tornado effekti yaradır. Tropik ölkələrdəki tornado qasırğalarının burulğanının içində sorma effekti yaradan fırlanan hava kütləsinin sürəti saatda 650 km-ə çata bilir. Az müddətdə böyük pullar görən insanlar da normal təfəkkürə sığmayan eybəcərliklər törədə bilirlər. O insanların geriyə yolu yoxdur. Pulgirlik ağır psixi xəstəlikdir, insanları məhvərindən çıxarır.

Yazı qəzet məqaləsi olduğundan səbəbkarın elmi fəaliyyəti haqda geniş yazmağa imkanım yoxdur. Maraqlananlar Abel müəllimin 5 tomluq seçilmiş əsərlərindən və biblioqrafiyasından, eyni zamanda Bəhmən Sultanlının “Yazıçı” nəşriyyatında 2013-cü ildə çap olunmuş “Düzün sözü” kitabından (səh. 60-69 və 207-232) ətraflı məlumat ala bilərlər.

2000-ci ilin oktyabrında rektorun kabinetinə bitişik kiçik akt zalında “rektor seminarı” adlandırılan üç təbiət elmləri fakultələrinin (fizika, kimya, biologiya) iştirakı ilə keçirilən möhtəşəm bir seminarda mən “Ozon generatorları” elmi tədqiqat laboratoriyasının elmi rəhbəri kimi beş nəfərdən ibarət kollektivimizlə birgə il yarımlıq işimizin hesabatını verirdim. Tribunanın qarşısında böyük bir masanın üstündə tərəfimizdən hazırlanmış 4 cihazı sərgiləyirdik. Müxtəlif güclü iki hava tənzimləyən ionizator və iki məişət və tibbi ozonatorlar işçi rejimdə çalışırdı. Zalın dolu olmasına baxmayaraq oradan dağ havasını xatırladan ozon ətri gəlirdi.

Seminar gözlədiyimizdən də yaxşı keçdi. Kimya və biologiya fakultələri ilə birgə işləməyə qərar verdik. Hamı məni təbrik edirdi. Rektorumuz da məmnun idi. Ozon texnologiyası geniş tətbiqə malik elmi tədqiqat sahələrindəndir.

Dəhlizə çıxanda arxa qapıdan mənə doğru gələn fakultəmizin “tanınmış” simalarından biri, onda dosent indi professor özünəməxsus çevikliklə- “bir dəqiqə, bir dəqiqə, ay Nemət, kişini niyə incidirsən, qoymursan işləsin?” Dedim, hansı kişini deyirsən? Dedi, idarədə bir kişi olar da, rektoru deyirəm. Bura zavod-fabrik deyil, apar o dəmir-dümürü rədd elə buradan. Bura universitetdir! Və iti addımlarla çıxıb getdi. Bax, zərbə belə olar! Rinqdəki zərbə gözləniləndir, ağrısı az olur və tez unudulur. Mən bütün bunları ona görə bilirəm ki, tələbə vaxtı boksla məşğul olmuşam. Düzü, həmkarım mənə yaxınlaşanda elə bilirdim məni təbrik edəcək, çünki o da Leninqrad məktəbi nümayəndəsidir, mən də, həmişə də münasibətlərimiz yaxşı olub. Hadisə məni yaman tutdu. İşə bir bax, gör biz nə gündəyik. Belə mühitdə işləmək, həm də elmə töhfələr vermək müşkül işdir. Mən bu hadisəni indiyə kimi heç kimə danışmamışam. Axı danışılası da deyil. Mən xaricdə müxtəlif universitetlərdə olmuşam. Bütün rektorlar öz kabinetlərində, masalarının üstündə həmin universitetin tələbələrinin və əməkdaşlarının hazırladıqları müxtəlif cihaz və ya maketləri fərəhlə qonaqlarına nümayiş etdirirlər. Bizdə isə olmazmış. Bəs, mən bütün bunları niyə yazıram? Çünki 22000 tələbəsi və 2000 işçisi olan universitetin sağlam mühiti olmalıdır, boş söz-söhbətlə keyfiyyətli təhsil vermək olmaz.

İstənilən rektor haqda danışanda onun mühitini nəzərə almaq lazımdır. Həm də burada radiofizikada tədris olunan əks rabitə mövcuddur. Rektor mühitə, mühit rektorun şəxsiyyətinə təsir göstərir. Elə məhz insan psixologiyasından gələn qərarlaşmış standartlardan fərqli duyğuların yaratdığı möcüzələrin qabarmaması üçün dünya universitetlərinin hamısında rektorlar dörd illik seçilirlər. Əgər bizim Abel müəllimimiz də dörd il rektor işləsəydi bütün bu işlər törəməzdi, özü də xoşbəxt olardı, biz də. İndi haradadır rektora ab-hava yaradanlar? Haradadır böyük elmi şurada lüzumsuz qərarları sürəkli alqışlarla, yekdilliklə qəbul edən dekanlar, kafedra müdirləri, kimlər və kimlər!

Gələcək işlərin naminə universitetimizdə hamı tərəfindən tanınan Abel müəllimi fəlakətə sürükləyən “Milli epitafistlərimiz” məqaləmdə “şərəfləndirdiyim” tipajları üzə çıxarmaq lazımdır.

Onlardan birinin bir “fəaliyyətini” nəzərinizə çatdırıram ki, qalanları haqda təsəvvürünüz olsun. Vaxtilə uzun illər dekan, kafedra müdiri işləyən professor günlərin birində lapdan sıçrayıb gedir rektorun qəbuluna. Rektorun köməkçisindən xahiş edir ki, onu bir dəqiqəlik Abel müəllimin yanına buraxsın, vacib deyiləsi sözü var. Köməkçi də deyir ki, gözləmə otağı adamla doludur, mümkün deyil. Professor təkid edir ki, mənim sözüm hamının sözündən önəmlidir. Köməkçi görür mümkün deyil, girir rektorun yanına və onu məsələdən hali edir. Rektor deyir, qoy gəlsin dəhlizə açılan qapının qabağına. Elə də olur. Rektor qapını açıb deyir, xeyir ola, professor? O da deyir ki, sadəcə gəlmişəm deyim ki, sizə mən qurban olum! Vəssalam.

Bax, bu yerdə istənilən dağ əriyər, dözməz, amma Abel müəllim ərimədi, düz iyirmi il dözdü.

6-15 iyul 2006-cı ildə, ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək bir seksiyası müasir su hazırlığı texnologiyasına həsr edilmiş,  torpaqşünasların XVIII beynəlxalq konfransına dəvət almışdım. Abel müəllimə müraciət edəndə dedi ki, yol pulunu biz verə bilmərik, böyük məbləğdir, ezamiyyət xərclərini verərik. Yol biletini AMEA-nın təcrübə-sənaye zavodu köçürmə yolu ilə almışdı. Bizim onlarla xeyli birgə elmi əməkdaşlığımız olub, işlərimizdən biri çirkab suları təmizləyən kompleks qurğuya patentin alınması idi. Ezamiyyət xərclərini almaq üçün rektorun qəbuluna getdim. Qəbul kiçik akt zalında keçirilirdi. Xaricə gedən iki nəfər idik. Mexanika-riyaziyyat fakultəsindən bir nəfər Təbrizə konfransa gedirdi. Beynəlxalq əlaqələr üzrə prorektorun köməkçisi Həzrət müəllim sənədləri rektora təqdim etdi. Abel müəllim dedi ki, Təbrizə gedənə 300 azn, mənə isə 200 azn verilsin. Zaldan hənirti və gülüş səsləri gəldi. Təbrizə gedən rektorun yerlisi idi. Həzrət müəllim zala tərəf baxıb, “ay Abel müəllim, axı düz gəlmir, Təbrizə cəmi üç günlük gedənə 300 azn, Amerikaya 10 günlük gedənə 200 azn?” Onda rektorun əlacı kəsilib dedi: “Yaxşı, Nemət müəllimə də 300 azn verin.” Bax, belə-belə işlər.

60 il BDU-nun mexanika-riyaziyyat fakultəsində dosent işləmiş, ikinci kursda bizə Nəzəri mexanikadan məruzələr oxumuş savadlı müəllimlərimizdən biri, 80 yaşlı Xeyirov Zal müəllim təqaüdə çıxanda hiss edir ki, onun təqaüdünü düz hesablamayıblar. Gəlir universitetə. Çox çək-çevirdən sonra o, rektorun qəbuluna getməli olur. Gedib görür adam çoxdur. Düşünür ki, burada onu tanıyanlar var, xahiş edər və mümkün qədər tez qəbula düşər. Mümkün olmur, qalma-qal, səs-küy yaranır və rektorun cangüdənləri onu ikinci mərtəbənin pillələrindən aşağıya itələyirlər. Zal müəllim çox ciddi xəsarətlər alır, yataq xəstəsi olur, zəifləyir və o vaxtdan ölən gününə qədər çəliklə gəzir.

Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadə vəfat edəndə onunla vida mərasimi BDU-nun böyük akt zalında keçirilirdi. Çox möhtəşəm bir mərasim və çox ağrılı bir ayrılıq mütləq sükutla sona yetdi. Cənazəni əsas binanın qapısından çıxarıb, darvazaya doğru aparanda tabutun ardınca respublikamızın tanınmış simaları gedirdi. Təsadüfən biz tanınmış yazarımız Sabir Rüstəmxanlı ilə yan-yana gedirdik. Birdən Abel müəllimin bir neçə cangüdəni hərəmizə bir dürtmə vurub, ona sərbəst və mühafizəçilərin arasında olmaqla fəza boşaltdılar. Rüstəmxanlı müvazinətini zorla saxladı, çox pərt oldu - “Bu nədir, niyə belə?”- dedi. Hətta, belə kiçik epizodlar da xalqın gözündən yayınmır, yaddaşlarda ömürlük qalır.

BDU-da 50 il müəllim işləyib bir dəfə də mənzil almamışam. Lakin üç-dörd dəfə mənzil alanlar olub. Axırıncı dəfə yataqxanaların yerində 450 mənzillik  bina istifadəyə veriləndə getdim Abel müəllimin qəbuluna, dedim 40 ildir işləyirəm, evim Əhmədli qəsəbəsindədir, metro ilə gedib-gəlməyə əziyyət çəkirəm, mənə də digər müəllimlərə verilən güzəştli şərtlərlə mənzil verməyinizi xahiş edirəm. O saat dedi ki: ”Poyezd uşol” və əli ilə fəzada böyük bir dairə cızdı. Mən də sözsüz-söhbətsiz fırlanıb həmin dairənin trayektoriyası ilə zaldan çıxdım. Sonradan bildim ki, Abel müəllimin vaxtı olmadığından həmin  mənzilləri “bölməyi” ailə üzvlərinə və yaxınlarına tapşırıb. Onlar da kvadrat metrəsi 500 azn-dən başlayan qiymətlərlə mənzilləri satıblar. Əgər yoxlayan olsa, o binada heç əlli faiz universitet işçisi yoxdur.

2014-cü dərs ilinin sonuna yaxın elan etmişdim ki, mənə verilən rəsmi xəbərdarlığa (üzrlü səbəbdən rektorla imtahan qabağı görüşə getməmişdim) görə etiraz əlaməti olaraq istefaya gedəcəyəm. Bunu eşidən rektorun müşaviri professor Əliyev İsmayıl müəllim çox təkid etdi ki, fikrimdən daşınım, yəni xəbərdarlıq nə böyük şeydir ki? O, mənim qəti qərara gəldiyimi bilib, rektora zəng açıb görüş istədi. Getdik. Akademik çox qayğılı və fikirli görünürdü. Hal-əhval tutan kimi dekanımızı və elmi işlər üzrə prorektoru kabinetinə dəvət etdi. Qəzəbimin səbəbkarı, Abel müəllimin sehirli çubuğuyla göydən üç alma əvəzi zəmbillə düşmüş  dekanımız  Ramazanov Məmmədəli müəllim  bir kəlmə də danışmadı. Prorektor isə gələn kimi, sanki elə bunu gözləyirmiş kimi “bunlar ikisi bir otaqda bir-birləri ilə dil tapa bilmirlər”- dedi. O saat başa düşdüm ki, məsələ başqa cürdür. Bu adam heç mətləbə dəxli olmayan əfsanə danışır. Bunlar artıq mənim getmək məsələmi həll ediblər. Abel müəllim isə heç bir söhbətə məhəl qoymayıb: “O ağaclar çox böyük və qiymətli ağaclardır, mütləq kökləri zədələnməmiş çıxarılmalıdır və Şüvəlanda dediyim yerdə basdırılmalıdır. Eşidirsən? İndi iyun ayıdır, artıq istilər düşüb, onlara çoxlu su verin, Allah eləməsin quruyarlar”- sözlərini deyərək, təsərrüfat işləri üzrə prorektor- dekanımızın qardaşına, fəlsəfə doktoru Ramazanov Nəbi müəllimə göstərişlərini verirdi. Deyilənə görə, bu qardaşlar Abel müəllimin xalaoğlanlarıdır.

Prorektor AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Kazımzadə Aydın müəllim, bizim 2000-ci ildə, yəni 14 il əvvəl “Respublika” qəzetində mərhum dostum, fizika-riyaziyyat elmləri namizədi  Zahid Mustafayevlə birgə yazdığımız məqalədən danışırdı. O vaxt Qəbələ RXS-i ətrafında Rusiya tərəfi ilə çox qızğın mübahisələr gedirdi. Heydər Əliyevlə Putinin görüşü gözlənilirdi. Ona kömək məqsədilə RXS-in faydalı və ziyanlı tərəflərini geniş (bir qəzet səhifəsində) araşdırmışdıq. Mən 1975-ci ildən ardıcıl olaraq ifrat yüksək tezliklər (İYT) elektronikasının nəzəri və təcrübi tərəflərinin əsaslarını tədris edirdim. Bu sahədə respublikamızda cəmi bir neçə mütəxəssis var idi. O zaman BDU-nun elmi işlər üzrə prorektoru akademik Əsgərov Bəhram müəllim dedi ki, “məqaləniz yuxarılarda çox bəyənilib və yerinə düşüb. Heydər Əliyev özü şəxsən məqaləni oxuyub. Rusiya səfirliyindən də fakultəyə zəng açılıb, sizinlə tanış olmaq istəyirlər.” Dekanlıqdan mənə heç bir şey deməmişdilər. Bizimlə eyni vaxtda mənim otaq yoldaşım, uzun illər radiofizika fənnini tədris edən dosent Davudov Benyaməddin müəllimin də Samur qəzetində RXS-lər haqda məqaləsi dərc edilmişdi. Hər iki məqalədə birbaşa şüalanmanın təsirinin ziyanlı olduğu iddia edilirdi, bilavasitə təsirlərin ziyanlı tərəfində fikir ayrılığı var idi. Məhz həmin məqaləni 14 ildən sonra prorektorumuz qabartdı və rektor da buna heç bir reaksiya vermədi və demədi ki, axı, Nemət müəllim sıradan müəllim deyil, xeyli xidmətləri var. 2009-cu ildə bizim təqdimatımızla universitetimizin 90 illik yubileyində elmi-pedaqoji fəaliyyətinə görə prezidentimiz onu “Tərəqqi” medalı ilə təltif etmişdir.

Otaqdakıların yaşda böyüyü mən idim. Danışmağın artıq olduğunu hiss edib ayağa qalxdım və çıxdım. Vəssalam. Bu da bizim araşdırmamız, 50 illik müəllimliyin sonu. Mənim həmin görüşdən yalnız bir nigarançılığım qaldı, görəsən o möhtəşəm küknar ağacları qurumadı ki?

Akademikimiz uzun illər BDU-da 1300 nəfərin əvəzinə “işləyib”, demək olar ki, bütün imtahanları şəxsən yaratdığı bir qrup adamla götürüb.

Təhsil qanununa məhəl qoymadan fakultələrin dekanlarını, dekan müavinlərini və kafedra müdirlərini (bəzi istisnalarla) yalnız öz seçimi-istəyilə təyin edib. Ona görə də düzgün və keyfiyyətli seçim olmadığından fakultələr və kafedralar böyük sarsıntılar yaşayıblar. Öz yerində olmayan psevdo alimlər onların elmi istiqamətlərinə dözülməz zərbələr vurublar. Bütün bunları tezliklə aradan qaldırmaq üçün gecikmədən həqiqi idrak və zəka sahiblərini üzə çıxarmaq lazımdır.

Bütün  elmi və müdafiə şuralarının fəaliyyətlərini demək olar ki, sıfıra endirib.          Aspiranturaya və doktoranturaya qəbul yalnız onun icazəsi ilə aparılıb.

Heç bir prorektor onun icazəsi olmadan heç bir sənədi imzalamayıb.

Abel müəllimin məşhur kəlamlarından:

  1. Pis tələbə yoxdur, pis müəllim var.
  2. İndiyə qədər tələbələri müəllimlərə tapşırırdılar. Mən elə edəcəyəm ki, bundan sonra müəllimlər özlərini tələbələrə tapşırtsınlar.
  3. Mən universitetin həyətini Parisin bulvarlarına çevirəcəyəm! (Doğrudan da indi tələbələr universitetin həyətindəki skamyalarda heç kimə məhəl qoymadan saatlarla öpüşürlər. Artıq yaşlı müəllimlər onların arasından “bonjur-bonjur” deyə-deyə keçirlər).

Akademikimizin ən böyük səhvi 1009-cu ildə Seyyid Rəzi tərəfindən toplanmış və dünyanın bütün kitabxanalarında saxlanılan Həzrəti Əlinin “Nəhcül-bəlağə” əsərindəki nəfs haqda yazılanlara etinasız yanaşması olmuşdur. Hələ ömür qabaqdadır. Öyrənmək heç vaxt gec deyil. Cavanların xətrinə məşhur iş adamı və naşir Əli Poladın “Həzrəti Əli” kitabından (Bakı-2004, səh. 182) nəfsə aid nə varsa hamısını verirəm:

Nəfs

        üNəfsinizlə daima mücadilə edib onu öz hökmünüz altına alın.

üNəfsini özünlə başqası arasında bir ölçü-meyar et. Öz nəfsin üçün istədiyini, o adam üçün də istə. Öz nəfsin üçün istəmədiyini onun üçün də istəmə. Sənə necə münasibət bəslənməsini istəyirsənsə, sən də ona elə münasibət bəslə. Zülmə məruz qalmaq istəmirsənsə sən də zülm etmə.

  • . Ən güclü insan nəfsi  qarşısında güclü olan adamdır.
  •  Nəfsinin ağası olan ucalar.
  •  Nəfsinə əsir olan alçalar.
  •  Nəfsini tanıyan onunla mücadilə edər.
  •  Hökmdarların ən yaxşısı nəfsinə hökm edə biləndir.
  •  Ən yaxın düşmənin nəfsindir.
  • Nəfsin üsyanına qarşı mücadilə edən adam Allahın  hüzurunda şəhid mərtəbəsindədir.
  • Nəfsi ilə mübarizə aparmayan adam xoşbəxtliyə qovuşa bilməz.
  • Nəfsi ilə mübarizə aparanların yeri cənnətdir.
  • Nəfsi ilə mübarizə aparmaq böyüklük əlamətidir.
  • Nəfsilə mübarizə aparmaq müdriklik nişanəsidir.

Bütün bunları ona vaxtında dostları hesab olunan BDU-nun İlahiyyat fakultəsinin dekanı Hacı, akademik Vasim Məmmədəliyev və Şeyxülüslam Hacı, professor Allahşükür Paşazadə deməli idilər. Abel müəllimi bütləşdirənlərdən ikisi də onlar olublar. Pulun hənginə tab gətirməyən Abel müəllimin başına gələnlər hamıya örnəkdir. Mən Abel müəllimin faciəsini millətin - xalqın pula həris məmurları və müqəddəs alim - müəllim peşəsini biznesə çevirənlərin qarşısında özünə qəsd kimi qiymətləndirirəm. Çünki O, statusu və sağlımlığı bahasına isbat etdi ki, böyük pullar kimliyindən asılı olmayaraq hamı üçün fəlakətdir.

Onun yalnız bir yolu var, xalqın qarşısına çıxıb bütün yalnışlıqları boynuna alsın və bu yolun mütləq təhlükəli olduğunu dilə gətirsin, tövbə etsin. Utanmaq lazım deyil. İnsanlara, xüsusilə də vaxtında əməllərini tənqid edənlərə münasibətini dəyişsin. Kin-küdurət fayda verməz. Universitetin qarşısındakı eyvana çıxıb işdən qovduqlarına müraciət etsin. Ucbatından dünyasını dəyişənlərə rəhmət oxusun, sağ qalanlardan üzr istəsin. 1300 nəfərlik professor-müəllim heyətindən verdiyi əziyyətlərə görə üzr istəsin. Onda xalq onu bağışlayar. Sonra ömründə bir dəfə Karlovı Varı əvəzinə, gedib BDU-nun Altıağacdakı istirahət düşərgəsində əməkdaşlarına bəh-bəhlə sırıdığı damı siçanlı koteclərdən birində, heç olmasa bir həftə qalıb külliyyatını oxusun.

İndi  mən belə düşünürəm ki, Abel müəllimin bir nəfər də həqiqi dostu olmayıb. Bəlkə də özü dostluğa əhəmiyyət verməyib, inanmayıb. Dünya dahilərindən çoxları deyiblər ki, heç vaxt sizi tərif edənlərin yanına getməyin, tənqid edənlərin yanına gedin ki, çaşmayasınız. BDU-da üç nəfər onu əvvəl şifahi, təsiri olmadıqda yazılı surətdə tənqid ediblər, əslində “gözün üstündə qaşın var”-deyiblər. Onlardan biri o vaxt kimya fakultəsinin aparıcı elmi işçisi, repressiya qurbanı Yunus Sultanlının  oğlu, professor Bəhmən Sultanlı, digəri fizika fakultəsindəki “yarımkeçiricilər fizikası” problem laboratoriyasının aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Vyaçeslav Nağıyev, üçüncüsü isə tarix fakültəsinin dosenti Altay Göyüşov olmuşdur. Onların hər üçünü Abel müəllim işdən qovdurmuşdu. Onunla da onun fəlakəti başlanmışdı. 2018-ci ilin noyabr ayının 15-də “Abeliana” elan ediləndə Slavikin sevincinin həddi-hüdudu olmadı. O, Allahın varlığına bir daha inandı və sevincindən noyabrın 24-də haqq dünyasına qovuşdu. Allah ona rəhmət eləsin. Amin.

Sonda Azərbaycandakı bütün digər ali məktəblərin müdavimlərindən dönə-dönə üzr istəyib: “Bakı Dövlət Universitetinin millətin yetişməsində rolu müstəsnadır”- deyirəm. Bu universiteti heç bir məktəblə müqayisə etmək mümkün deyil. Bu məbədgahın bünövrəsi təmiz və pak insanlar tərəfindən qoyulduğundan xalqın ruhunu, əqidəsini özünəməxsus duyğularla zənginləşdirir. Azərbaycanımızın idrakı, zəkası bu məbədgahda pöhrələnib, ərsəyə gəlib və möhtəşəm qol-budaqlar ataraq əzəmətli xalqımızın simasına çevrilib. Bura rektor seçilənlərin nəfsi olmamalıdır. Onlar yalnız ictimai düşüncəni şəxsi mənfəətdən üstün bilən şəxslər olmalıdırlar. Əgər biz bir də səhv etsək mənəviyyatımız yalın dizlərilə daş-kəsək üstündə qalacaqdır.

 15.11.2018-01.03.2019

Son xəbərlər
Bütün xəbərlər »