Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq sığınacağından reportaj: “Bura təcavüzə məruz qalan, şiddət görən məsum qurbanlar gətirilir” - Video

“Uğur ölümə məhkum olunan uşaqların simvoludur”

Bu gün əslində bu uşaqların da məktəb bayramıdır. Ürəklərində buruq bir sevinclə onlar da məktəb yollarına üz tuturlar. Amma ata evidən deyil, uşaq sığınacağından... Bu gün anasının sevgi dolu öpüşü ilə yola salınanlarla yanaşı, valideynlərinin şillə-yumruğundan, atasının cinsi təcavüzündən, kasıblığın qara pəncəsindən , qaraçı diləndirmə şəbəkəsinin əlindən qaçan uşaqlar da məktəb yolunu tuturlar. Onların hekayəsi bir başqadır.

Valideyn himayəsindən məhrum uşaqlarla işləmək uşaqlıq arzum idi. Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağının qapısını həyəcanla döyürəm. Qeyd edim ki, bura uşaq evi deyil. 12 ildir ki, Azərbaycan Uşaqlar Birliyinin nəzdində Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə psixoloji, fiziki zorakılığa məruz qalmış uşqlarla müəyyən bir müddətdə iş aparılır. Reinteqrasiya mərkəzi gün ərzində 10-12 şikayətçi qəbul edir. Hər gün 20-25 nəfər hüquqi, tibbi, psixoloji kömək üçün bu mərkəzə müraciət edir. İl ərzində 170-200 arası uşaq mərkəzin xidmətindən yararlanır. Hazırda mərkəzdə 35 uşaq, üç valideyn qalır.

İkimərtəbəli geniş bir evin həyətinə giririk. Həyət dolusu uşaq var. Topla oynayırlar. Bizi görüb hamısı maraqla baxır. Üzlərində sevinc var.Bir- birlərinə heç yad kimi görünmürlər. Elə bil çoxuşaqlı bir ailənin qapısını döpymüşük.

Kəmalə Ağazadə

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin kabinetinə üz tuturuq. Bizimlə bərabər otağa ona qədər balaca uşaq da daxil olur. Kəmalə xanımla biz görüşməyə fürsət tapmadan onlar Kəmalə xanıma sarılırlar Böyüklər çiyinlərini qucaqlayırlar, hardasa iki yaşlarında bir oğlan bir qız da böyüklərə baxıb onun ayaqlarına sarılır. Kəmalə xanım müdür kimi deyil, ana şəfqəti ilə bir-bir hamısı ilə görüşür. Bu mənim nazlı qızımdı, bax bu mənim ürəyimdi, bu mənim sevincimdi, bu mənim dəcəl balamdı, bu isə mənim ağıllı və mehriban qızım, bu mənim ən güləyən və ən hay-küylü oğlum, bu mənim ən.....

Bu mənzərəni görmək ürəyimi isidir. Kəmalə xanımın otağındakı divanın üstünə yığılmış qatı açılmamış məktəbli formalarıp, ondan çox təzə məktəbli çantaları, dəftər-kitab diqqətimi çəkir. Kəmalə xanım nəzərlərimi tutur və sevinclə “bu il burdan neçə dənə balam məktəbə gedəcək. Sizin haqqında yazdığınız 7 yaşlı Xalidəni də məktəbə yazdırdıq. Birinci sinifə gedəcək” deyir.Bayaq gördüyüm balacalardan biri, Kəmalə xanımın xüsusi yanaşma sərgilədiyi Uğur onun qucağına çıxmağa çalışır. Kəmalə xanım bu gözəl üzlü məsum balanın üzündən öpüb bu da mənim Uğurumdu deyir. Sosial şəbəkələrdə də Uğurdan məxsusi bəhs edib həmişə Kəmalə xanım. Bunun səbəbini soruşuram. Gözləi dolur.

“Uğur ölümə məhkum edilmiş və yaşamağı bacarmış bütün uşaqların simvoludur. Onu anası lap körpəykən dayəyə verib gedib və dalıyca gəlməyib. O qadın da necə gəldi bəsləmişdi. Uşağa o qədər “Cici bəbə” peçenyesi yedirtmişdilər ki, bağırsaq keçirməzliyinə düşmüşdü. Bizim əlimizə gələndə Uğur ölmək üzrə idi. Xilas etdik. Yaşama tutundu.Ona görə onun mənim üçün yeri başqadır.”

Bu illər ərzində neçə-neçə problemli ailənin dərdləri ilə üzləşib Kəmalə xanım. “Çox hadisələr olub. Bir dəfə əri ilə dalaşıb uşaqları ilə birlikdə sığınacağa yerləşmiş qadın gəlmişdi. Adətən bizdə iki ay qalmalıdırlar. Amma o uzun müddət qaldı. Sonradan öyrəndim ki, əri ilə barışıb, lakin burda uşaqları doyunca yeyib-içə bildiyinə, şəraitləri yaxşı olduğuna görə bizdən ayrılıb getmək istəməyib, əri ilə barışdığını gizlədib. Elə qadınlar olur, yardım edirik, gedəndən sonra bizi şantaj etməyə başlayır. Getməmək üçün. Əslində bura uşaq sığınacağıdır. Siz bilirsinizmi bura nə qədər ailəiçi cinsi zorakılığa məruz qalmış azyaşlı qızlar gəlib? Atasının, əmisinin, dayısının, qardaşının təcavüzünə uğrayan, ailəsindən segi deyil, şiddət görənərin yuvasıdır bura”.

Uşaq sığınacağının hər yerinə kameralar quraşdırılıb. Kəmalə xanım harda olursa olsun burdakı uşaqların hər addımına nəzarət edir. “Bunlar oyuncaq deyil. İnsandır. Birisinə nəsə olsa böyük məsuliyyətdir. Bir dəfə yüksək vəzfəli bir məmur tanışım mənə dedi ki, Kəmalə xanm sən sanki partlamağa hazır bir bombanın üstündə oturmusan. Dedim inşallah heç vaxt partlamaz o bomba”.

Kəmalə xanım ilk gün sığınacağa hansısa uşaq gələndə gecəni onun yanında keçirir, tək qalmadığını hiss etdirməmək üçün.

Qonşu otaqdan uşaqların xorla oxuduğunu eşidirik. Kiminsə ad gününü təbrik edirlər. Biz də qoşulmaq istədik. Məlum oldu ki, uşaqlar müəllimlərindən birinin ad günü olduğunu öyrəniblər. Sürpriz doğum gününə tortları olmadığı üçün kiçik bir keksin üzərinə şam sancaraq sevimli müəllimlərini əhatə edirlər və “ Ad günün mübarək” deyə oxuyurlar. Ad günü keksini isə müəllim deyil, Uğur yeyir.

Bu arada uşaqlardan birinin , hardasa 8-9 yaşlı qızın 2 yaşlı balaca bir qızın ayağına corab geyndirdiyini görürəm “ Xəstələnəcəksən, çıxarma corabını”.

Başqa birisi isə çarpayıya dırmaşmaq istəyəkən yerə yıxılan oğlanı qucağına alıb alnından öpür “ Qorxma qardaşım, heç nə olmadı, bax burdayıq”deyir.

Burda tanış olduqları bacı-qardaşlarına sevgi və diqqətlə yanaşır bu böyük ürəkli balacalar.

Qızlardan biri çox ürkək və kədərli görünür. Kəmalə xanımın üzünə baxıram. Sualımı gözümdən anlayır. Amma elə o da baxışları ilə danışır. Hiss olunur ki, yaşı az olsa da başı az çəkməyib bu balaca qızın. Doğmalarının ona yaşatdıqları dəhşət səbəbi ilə hələ ürkəkdir, qorxuları keçməyib.Nəsə soruşmuruq. Əslində burda onlardan heç kim heç nə soruşmur. Psixoloq danışır öncə. Özlərini yaxşı hiss etdiklərində isə Kəmalə xanımla dərdləşirlər.

Kəmalə xanımı adı əslində bu yaratdığı mərkəzlə əlaqədar qalmaqallara da qarışıb. Onu insan alverində ittiham edənlər də az olmayıb. O isə alışıb buna. “Haqsızın yanında dayanmaq asan iş deyil. Qarşı tərəf əlbəttə ki, məni düşmən kimi görəcək. Bir neçə il öncə dayısı tərəfindən zorlanan bir qızı müdafiə edirdik. 12 yaşlı qıza anası da sahib çıxmırdı. Deyrdi qız dayısına şər atır.Məhkəmə qızın bakirə olduğunu deyirdi. O alçaq dayı bəyəm özünü təhlükəsiliyə almaq üçün qeyri-ənənəvi yollarla uşağa toxunmağı bacarmırdımı? Belə-belə işləri isbat etməyə çalışanda mən oluram pis, düşmənlərim yaranır.Kim nə deyir desin, mən kimlərəsə yardım edirəmsə bu mənə bəsdir. Yerimiz dardır. Bəzən elə olur ki, bir çarpayıda iki uşaq yatır. Amma bu onların küçədə, təhülkə altında, qarda, yağışda yatmasından daha yaxşıdır. Qalan şeyləri hər kəs öz ürəyinə görə danışırsa mən nə deyə bilərəm?”.

Bəs buranın dövlətin nəzarətində olan uşaq evlərindən fərqi nədir? Kəmalə xanımın dediyinə görə, bu uşaq sığınacağı əslində tranzit rolu oynayır. Bura zorakılıq qurbanı olan uşaqlar daxil olur. Uşağın travmalardan qurtarması və problemin hüquqi həllini tapması üçün iş aparılır. “Bura gətirilən uşaqların əksəriyyəti küçədə qalmış döyülmüş zorlanmış, diləndirilmiş və bu kim güclü travmalara məruz qalmış uşaqlardır. Bir çoxlarının sənədləri olmur. Sənədləri olmadığı üçün onlar dövlət qurumuna yerləşdirilmirlər. Biz burda o sənədləri düzəldirik, bu hüquqi müddəti keçənə qədər uşağın yanında qanuni nümayəndə olmalıdır Və o nümayəndə mən oluram. Bu proseslər ən az bir il, iki il davam edir.Bu proseslər və reablitasiya tamamlandıqdan sonra biz normal vəziyyətdə olan uşağı ya uşaq müəssisəsinə yerləşdirirk, ya da ailəsinə qayarırıq- əlbttə zorakılıq olmayıbsa”.

Bəs yenicə özünə gələn bu uşaqların burdan ayrılması çətin olmurmu? Kəmalə xanım deyir ki, çətin olsa da biz onları buna hazırlayırıq. Deyirik ki, gələcəyinizin təminatı naminə bu olmalıdır. Bu yuvadan uçmuş beş övladımız universitet məzunudur. İki nəfər ailə qurub, hamısı ilə görüşür, maraqlanırıq.Mən hər zama burdakı uşaqlara bir söz deyirəm. Çalışın birinci ayaqlarınızın üzərində durmağı bacarın.Evlənmək həmişə var. Əsas odur öz qanadınızla uşmağı bacarın”.

Burdakı uşaqların hamısı çox böyük həyat dərsi alıblar.

Bəziləri üçün bu mərkəz bəlkə də Kəamlə xanımın iş yeri kimi görünə bilər.Amma bu dünyaya daxil olanda o qədər kövrək və ürəkyandıran hekayələrin şahidi olursan ki. Sadəcə bəzi qaydalara riayət etmək üçün onlar barədə ətraflı yazmırıq.

Kəmalə xanımın buranı tərk etməyəcək bir balası da var. Artıq 6 ildir onun himayəsindədir. “Anası ruhi xəstədir. Xəstəxanada mənə dedi ki, qızımı yad əllərə vermə, mən sağalıb gələcəm. Ona söz verdim.Bu gün o qız mənimlədir, söz verdiyim üçün də heç bir başqa müəssisəyə göndərmədim onu”.

Bu bir neçə kəlmənin arasında dayanan üç insan ömrünün acısını hiss edə bilirsinizmi? Ananın, balanın və hər gün o qızın gözlərindəki qüssəni görməli olan Kəmalə xanımın.

Görüşüb ayrılırıq. Çəkdikləri bütün bəlalara baxmayaraq uşaq pozitivliyini, məsumluğunu qoruyan sığınacaq sakinləri bizi qapıya qədər ötürürlər. Qapılar bağlanır. Divararın bu tayında fərqli bir dünya, divarların o tayında başqa bir aləm qalır. Düşünəcək o qədər şey var ki...

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »