Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sibir vesterni: 1943-cü ildə qızıl mədənlərini soyan evenk Pavlovun quldur dəstəsi - Foto

1942-ci ilin noyabr ayında Volqa sahillərində Qızıl Ordu dəstələri Stalinqradda çıxılmaz vəziyyətə düşən nasistlərə qarşı əks hücuma keçdilər.

Bu zaman isə cəbhədən çox uzaqda yerləşən uzaq Yakutiyada maraqlı hadisələr cərəyan edirdi.

Baş verənləri əsl Sibir vesterni adlandırmaq olardı. Amerikadan fərqli olaraq, Yakutiyada hinduları maral çapan evenklər əvəz edirdi. Onları isə kovboylar yox, NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı) əməkdaşları təqib edirdilər.

Pavlovun quldur dəstəsi

Tərəflər arasında toqquşma Sibirin donmuş və şaxtalı düzənliklərində baş verirdi.

Qızıl mədənlərini qarət edənlər 1942-ci ilin 23 noyabr tarixində NKVD-nin Altay vilayəti üzrə nümayəndəliyinə qorxunc xəbər daxil oldu. 21 noyabr tarixində naməlum dəstə maral saxlayanlara hücum edərək, bir neçə nəfəri qətlə yetirir və 20 maralı oğurlayaraq aparır. Növbəti gün isə dəstə Krutoya hücum edərək, yerli əhalinin silahlarını əlindən alır və qızıl mədəninin iki fəhləsini əsir götürür.

Eyni gün günorta saatlarında dəstə Xatırxaysk qızıl mədəninin mərkəzinə hücum edir, qızıl və pulun saxlanıldığı kontora soxulmağa cəhd edirlər. Qızıl mədəninin rəhbəri və onun silahlı dəstəsi gecə saatlarına qədər quldurlara qarşı mübarizə aparır və onları binaya buraxmırlar.

Bundan sonra quldur dəstəsi ərzaq anbarını qarət edir, həkim qadını öldürür, qəsəbədəki binanı yandırır və tayqaya doğru üz tuturlar. Onlar özləri ilə 10 ton un və 10 min rubl dəyərində qızıl aparırlar.

Quldurların sayı və keçmiş dustaqların, yerli sakinlərin onların cərgələrinə könüllü qoşulması barədə faktlar NKVD əməkdaşlarını qorxudurdu. Milis əməkdaşları Sibir dərinliklərində müharibənin kim tərəfindən başlandığını dərhal başa düşdülər. Onlar tayqa dərinliklərinə üz tutan keçmiş evenk-kolxozçular idilər.

Pavlovun quldur dəstəsi

Kolxozçudan quldurluğa

1942-ci ilin avqust ayında Aldansk dairəsinin Tommotsk rayonundakı kolxoza cəbhədəki gərgin vəziyyət barədə məlumat daxil oldu. Kolxozçuların əksəriyyəti evenklər idi və onlar sadəlövhcəsinə almanların tezliklə qələbə qazanacağına və bolşeviklərin sonunun çatacağına inanırdılar. Keçmiş köçərilər dövlətin vaxtilə əllərindən alaraq, kolxoza qatdığı maralları götürərək tayqaya yola düşdülər.

Kolxozun 50 yaşlı sədri Yeqor Pavlov da onlarla birlikdə idi. Bir aylıq köçdən sonra Pavlov 8 nəfərdən ibarət dəstə yığdı və sovet hakimiyyətinə qarşı savaşa başladı. Çar ordusunun keçmiş zabiti Qoroxov da quldurlar arasında idi. Pavlov almanları gözləmədi və qızıl mədənlərinə hücumla müharibəyə start verdi.

Bir neçə uğurlu hücumdan sonra dəstədə quldurların sayı 20-ə çatdı. Ətrafa qorxu yaymaq üçün dəstədə 150 döyüşçünün olduğu barədə şayiələr dövriyəyə buraxıldı. Bu isə ucsuz-bucaqsız tayqa üçün böyük güc sayılırdı. Quldurlar barədə məlumat əldə edən NKVD əməkdaşları “Pavlov dəstəsi”nə qarşı əməliyyatlara başladılar.

Pavlovun quldur dəstəsi

Tayqaya səfər

Güclü şaxtalar olsa da, əməliyyatçılar yaz aylarını gözləmədən dəstəni məhv etmək qərarına gəldilər. 24 noyabr tarixində yerli milis və NKVD əməkdaşlarından ibarət 22 nəfərlik dəstə yola çıxdı. 5 günlük səfərdən sonra onlar Xatırxay qızıl mədəninə çatdılar.

Əməliyyatçılar burada Prokopyev familiyalı evenki saxladılar. Məlum olur ki, o, quldurlardan biridir. Amma yaralandığı üçün ətraf qəsəbələrdə gizlənmək qərarına gəlir. Saxlanılan şəxsin verdiyi məlumata görə, dəstənin 18 üzvü Epparax çayı sahilindədir. Rıbin 6 döyüşçüyə mədənin mühafizəsini tapşıraraq, dəstəsi ilə quldurları axtarmağa yollandı.

1 dekabr tarixində yorğun əməliyyatçılar evenklərin düşərgəsinə çıxdılar. Bu isə tərəflər üçün gözlənilməz idi.

Milis işçiləri düşərgəni atəşə tutdular. Yarıçılpaq evenklər cavab atəşi açdılar. Qısa və dəhşətli toqquşma başladı. Maral saxlayanlar iki milis işçisini öldürdülər və Rıbini yaraladılar. Sonra isə qarət etdiklərini də özləri ilə götürmədən tayqaya qaçdılar. Tərk edilmiş çadırlarda silah və qızıldan başqa, quldurların ailəsi də qalmışdı.

Pavlovun quldur dəstəsi

NKVD quldurların izinə düşür

Bir həftə evenklər Sibir meşələrində veylləndilər. Amma 8 dekabr tarixində onlar tələ qurdular.

Əməliyyatçılar itki verərək Xatırxaya qayıtdılar və quldur dəstəsi ilə əlaqəsi olan şəxsləri həbs etdilər.

Dəstənin öhdəsindən gəlmək üçün iki evenk ovçuya - Vasilyev və Fyodorova müraciət edildi. 5 fevral tarixində ovçular quldurlarla Amqa çayı rayonunda görüşmək barədə razılığa gəldilər. Pavlov tərəfdarlarını toplamaq və növbəti addımlarını planlaşdırmaq istəyirdi.

Danışıqlar zamanı yaxınlıqda pusquya yatan NKVD əməkdaşları hücuma keçdilər. Silahlı qarşıdurma zamanı Pavlovun arvadı öldürüldü, özü isə ağır xəsarət aldı. Amma yenə də qaça bildi. İzə düşən əməliyyatçılar onu tayqada tapdılar.

Aldığı yaralardan Pavlov öldü. 5-6 fevral tarixlərində əməliyyatçılar 12 evenki həbs etdilər. Məhkəmənin hökmü ilə 3 nəfərə güllələnmə hökmü kəsildi. Dəstənin digər üzvləri isə katorqaya göndərildi...

Son xəbərlər
Bütün xəbərlər »