Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcili yardım həkimi: “Zəng edib dedi ki, uşaq qarğa səsi çıxarır”

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. Bu tarix Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilib. Dünyada ilkin tibbi yardım xidməti hələ 19-cu əsrin sonlarında yaranıb. Azərbaycanda isə ilk təcili tibbi yardım xidmətinin əsası 1922-ci ildə qoyulub.

Peşə bayramları münasibəti ilə hansısa vəzifəli məmuru deyil, ömrünü gününü insanların xilasına həsr etmiş təcili yardım həkimi ilə söhbətləşməyə qərar verdim. Bizimyolinfo saytının müsahibi terapevt Svetlana Abdulovadır.

Svetlana Abdulova həkim

- Svetlana xanım, neçə ildir bu müqəddəs işlə məşğul olursunuz?

- Artıq 15 ildən çoxdur. Mən 17 yaşım olanda təcili yardım həkimi olacağıma qərar verdim və fikrim o qədər qəti idi ki, həkim kimi fəaliyyətə başlayandan az sonra elə təcili yardım həkimi kimi işləməyə başladım.

- Deyəsən bu qərara gəlməyinizə hansısa bir hadisə səbəb olub.

- Bəli. Dərsdən evə gəlirdim. Axşam qaranlığıydı. Küçənin başında bir qadının dəhşət içində qışqırığını eşitdim. Tanımadığım bir həyətdən gəlirdi səs. Özümdən asılı olmadan həyətə girdim. Yerə bir kişi uzanmışdı, qadın da başının üstündə nalə çəkirdi. Heç kim yox idi. Ərinin ürəyi tutmuşdu. İnstinktiv olaraq yardıma qaçdım, süni nəfəs verdim, ürək masajı elədim. O arada qadına qışqırdığm da yadımdadır - “ Qışqırma, təcili yardım çağır”. İlk yardım həkimləri gələndə mənim ilk xəstəm gözlərini açmış və nəfəs alırdı. Bir insanı həyata qaytarmağın qürururnu yaşadım. Necə böyük bir hiss olduğunu anlada bilmirəm Amma elə orda qərar verdim ki, həkim olacam, həm də təcili yardım həkimi. Qadın mənə “sağ ol” da demədi. O qədər pərişan və həyəcanlı idi ki başını itirmişdi. Belə zamanlarda soyuqqanlı və qərar verən birisi olmaq önəmlidir. Özümdə bunu gördüm. Kimyaçı olmaq istəyən mən, dönüb oldum həkim( gülür).

- Bir az da işiniz barədə danışaq.

- Mənim bildiyimə görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000-ə qədər, bəzən isə daha artıq olur. 103 xidmətinə daxil olan bütün çağırışlar çeşidlənərək ilk növbədə icra edilməsi daha vacib olması şərti ilə bölmələrin həkimlərinə ötürülür və icra edilir. Səbəbindən asılı olaraq təcili tibbi yardıma daxil olan çağırışlar 2 qrupa bölünür. 1-ci qrupa çox təcili çağırışlar, məsələn fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşaiyət olunan səpkilər, kimyəvi və ya dərman preparatları ilə zəhərlənmə, intihar, yanğın, massiv yanıq, dərin və massiv yaralanmalar, qıcolmalar, kəskin tənəffüs pozulmaları və digərləri daxildir. 1-ci qrup çağrışlara ən geci 20 dəqiqə ərzində çatılır. 2–ci qrup təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra 60 dəqiqədən gec olmayaraq icra edilir.

- Sizi bu işdrə ən çox əsəbləşdirən nə olur?

- Biz zamanla yarışırıq. Zamanımızı alan boş zənglər. Bəzən təcili yardıma ehtiyacın olmadığı hallarda zənglər gəlir, vaxtımızı alırlar. Həqiqətən yardıma ehtiyacı olan insanlar kənarda qalır. Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə aid olmayan suallar verənlər olur, ünvanlar, telefon nömrələri, saat soruşanlar, yalançı çağırışlar. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməli oluruq.

- Amma yəqin ki, yadda qalan məqamlar da olur.

- Hə çox olur. Amma bu gün onun barəsində danışmaq istəməzdim. Bayramımızdır axı. Bir iki məzəli hal barədə danışmaq istəyərdim. Bir dəfə təcili yardım çağırıblar. Gənc anadır,ər arvad bəlkə də 20 yaşları olardı. İkisi də həyəcanlı və təcrübəsiz. Doğuş başlamaq üzrəydi biz çatanda . Kirayədə qalırdılar. Gec çağırış etmişdilər. Anaya deyirik ki, güc ver, əri əsəbləşdi ki güc yeridirmi, kömək edin, uşağım dünyaya gəlsin. Doğuşda güc nəyə lazımdır? Biz bu hadisəni xatırayıb sonralar çox gülmüşdük.

Uşağı yeni dil açmaqda olan bir ailə isə uşağın səsləndirdiyi sözlərdən qorxub təcili yardım çağırmışdı.Evə çatmışıq deyir “uşaq yəqin qızıdırıb qa, qa edir.Bu niyə qarğa səsi çıxarır?”. Yazıq uşaq qaqa deməyə çalışırmış bəlkə də. Hər halda dəhşətli hadisəlr olmaqdansa belə nüanslar olsun eybi yox.

- Deyirlər xəstəni ilk növbdə həkimin təbəssümü sağaldır. Evimizə gələn həkimləri çox zaman qaşqabaqlı görürük.

- Xəstə həkimə inanmalı, güvənməlidir. Yaxşı əhval0ruhiyyə ən ağır xəstənin özünü gümrah hiss etməsinə kömək edər. Mən buna haqq verirəm. Mənə çox adam “ üzü nurlu xanım” deyir. Bu xoşuma gəlir. Tərif kimi yox, pozitiv enerjimlə də insanlara sağlamlıq, gözəl ovqat bəxş etmək istəyirəm. Biz hamını xilas edə bilmərik. Bəzən ölümlər də olur, bəzən çox qaçınılmaz sonları olan fəlakətlər yaşanır, kimisi gözünü, kimisi qolunu itirir. Belə durumda xəstəni beton kimi sərt sifətlə şoka da salmaq olar, ürək dirək verib həyata bağlamaq da. Bu mənim şəxsi fikrimdir. Bəlkə kimlərsə razılaşmaya bilər.

- Ölüm, qan, ağır xəstəliklər. Bunlar sizin işdə rast gəldiyiniz ağrılı məqamlardır. Heç yorulduğunuz olub?

- Yox. Xilas etmək mənim missiyamdır. İşimi o qədər sevirəm baş verənləri o şəkildə görmürəm. Xilas olunan hər ömür, yardım etdiyim hər bir insan mənim üçün töhfədir, dəyərlidir.

İlhamə Rəsulova

Bizimyolinfo

Son xəbərlər
Bütün xəbərlər »