Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Nazirin müavini: “Müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

APA-nın xəbərinə görə, müşavirədə Baş Nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, YAP üzvləri iştirak ediblər.

Müşavirədə çıxış edən Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək: “Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, həmişə olduğu kimi seçki kampaniyasının başlaması ərəfəsində ölkədə siyasi canlanma müşahidə olunmaqdadır. Müxalifətin ayrı-ayrı dəstələri, təbəqələri müəyyən qədər canlanıblar. Siyasi proseslərə özlərinə məxsus prinsiplərlə qoşulublar. Müxalifətin əhəmiyyətli bir hissəsinin apardığı siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır”.

Baş Nazirin müavini qeyd edib ki, son zamanlar müxalifət Azərbaycan reallığının üzərinə kölgə salmaq niyyəti ilə Ermənistanı ideallaşdırmaq təbliğatı aparır: “Bu isə hər bir Azərbaycan vətəndaşında ikrah hissi yaradır. Azərbaycanı kobud şəkildə Ermənistanla müqayisə edirlər. Ermənistanda həyatı başqa bir mənzərə altında təqdim etməyə çalışırlar. Bütün bu fonda Azərbaycan reallıqlarını təhrif edirlər. Bununla da Azərbaycan cəmiyyətində hökumət apardığı siyasətə inamsızlıq yaratmağa çalışırlar. Onlar Azərbaycandan kənar auditoriya üçün nəzərdə tutulan ikili təbliğat aparırlar ki, Azərbaycan hökumətinin imici zədələnsin. Bütün bunların arxasında müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil”.

Daha sonra müşavirə jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Son xəbərlər
Bütün xəbərlər »