Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uşaqpulu məsələsi hökumətdə araşdırılır”

Milli Məclisin deputatı: “Mən sosial dəstəyin ünvanlı verilməsinin tərəfdarıyam”

2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir. Həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı. Son vaxtlar bu məsələ ətrafında müzakirələr başlanıb və davam edir. Hakimiyyətin tənqidçiləri hökuməti uşaqlara kifayət qədər diqqət ayırmamaqda, uşaqpulunu bərpa etməməkdə ittiha edir. Hakimiyyət nümayəndələri isə öz növbəsində, bu məsələ ilə bağlı rəsmi mövqenin əsaslı olduğnu deyirlər. Bizimyol.info saytına müsahibə verən Milli Məclisin deputatı, iqtisadçı-alim Azər Badamov bu məsələyə dair öz mövqeyini açıqlayıb.

- Azər müəllim, Sizcə, 2006-cı ildə uşaqpulunu ləğvi ilə bağlı qərar düzgün qərar idimi?

- Təbii ki, düzgün addım idi. Uşaq pulu aşağı məbləğdə verilirdi və bu da ümumilikdə aztəminatlı ailənin tam sosial müdafiəsini təmin etmirdi. Amma ümumi şəkildə uşaq pullarının ləğv edilməsi və əhalinin daha çox sosial dəstəyə ehtiyacı olan hissəsinin ünvanlı şəkildə müdafiəsi daha da məqsədə uyğun idi. Ünvanlı sosial yardımın verilməsi həmin kateqoriyadan olan əhali təbəqəsinin sosial vəziyyətini kifayət qədər yaxşılaşdırdı. Əslində də belə olmalıdır. Dövlət sosial müdafiəyə ehtiyacı olan insanlara dəstək verməlidir.

- Amma ünvanlı sosial yardım ın özü də sonradan təftiş olundu? Tam doğru yanaşma sayılmadı...

- Bəli, bir neçə ildir ki, ünvanlı sosial yardım alan ailələr aktivlərlə təmin olunur. Əgər dünən bir ailənin gözü dövlətdən alacaq yardımda idisə, artıq özünəməşğulluq proqramına qoşulandan sonra onun özü mikro və ya kiçik sahibkara çevrilir; həm özünü dolandırır, həm də dövlətə vergi ödəməyə başlayır.

- Sizcə, özünüməşğulluq proqramı gözlənilən nəticəni verdimi?

- Məncə, bu iş uğurla qurulub və yüksələn xətlə davam edir. 2018-ci ildə özünə məşğulluq proqramı çərçivəsində 6000 ailə aktivlərlə təmin olunmuşdusa, bu il 10 min nəfərin bu proqramda iştirakı nəzərdə tutulur. Ən əası odur ki, həmin kateqoriyadan olan şəxslər treninqlərə cəlb olunur, maarifləndirilir, konkret layihələr təqdim olunur və sonra özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilir. Bəli, demək olar ki, özünü məşğulluq proqramı öz uğurlu nəticələrini göstərməkdədir.

- Bəs əhalinin sosial müdafiəsi belə uğurla təşkil edilibsə, nədən, Sizcə, uşaqpulu mövzusu yenidən gündəmə çıxıb?

- Bilirsiniz, ölkəmiz inkişaf etdikcə, iqtisadiyyatımız gücləndikcə, əhalinin sosial rifahı yaxşılaşdırılır. Təkcə bu il ərzində ölkə başçısının imzası ilə 2 böyük sosial islahatlar paketi icra olunur. Bu proqramların icrası dairəsinə 4,2 milyon insan düşür, dövlət büdcəsində illik 3 milyard manatdan çox maliyyə yükü yaradır. Burda məqsəd əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Universitetlərdə təhsil alan tələbələrin böyük bir hissəsi dövlət hesabına ödənişə keçirildi. Bütün bu işlər böyük maliyyə tələb edirdi və əvvəlki illərdə əldə olunmuş iqtisadi uğurlar belə möhtəşəm addımların atılmasına imkan yaratdı.. İndi isə son vaxtlar ictimaiyyət arasında uşaq pullarının verilməsi ilə bağlı məsələ tez-tez müzakirə olunur. Təbii ki, ölkə iqtisadiyyatı gücləndikcə, uşaq pulların verilməsi məsələsi də reallaşacaqdır. Düşünürəm ki, hökumətdə bu istiqamətdə araşdırmalar aparılır.

- Yəni verilə bilər, ancaq bu, bütün ailələrə şamil olunacaq?

- Mənim şəxsi fikrimi soruşursunuzsa, uşaq pulların ünvanlı şəkildə ödənilməsinin tərəfdarıyam. Çünki, uşaq pulları aztəminatlı ailələrə verilməlidir. Əgər bir ailənin büdcəsinə ayda böyük bir məbləğdə gəlir daxil olursa, onun uşaqlarına uşaq pulunun verilməsinə ehtiyac görmürəm.

- Yəni varlı, imkanlı ailələrin uşaqlarına verilməsin...

- Bəli. Əgər ünvanlı şəkildə daha çox ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulları ödənilsə, bu, daha məqsədəuyğun olardı.

- Amma bəzi xarici ölkələrdə uşaqpuu çoxdan verilir və hamıya şamil olunur. Bu da arqument kimi göstərilir. Bu nümunələr var. Müxalif ekspertlər, siyasətçilır deyir ki, o ölkələrdə var, bizdə də olsun. Bunlar əsaslı fikirlərdirmi?

- “Xarici ölkələrdə nə isə verilir, bizdə niyə verilmir?” kimi qoyulan sualı düzgün hesab etmirəm. Hər ölkə öz iqtisadiyyatını qurmaqda müstəqildir. Atılan addımları da öz iqtisadi gücünə görə atır. Bəzi ölkələrin müstəqil iqtisadiyyatlarının 100 illərlə ölçülən tarixi var və artıq oturuşmuş iqtisadiyyata malikdirlər. Bəzi ölkələrin iqtisadiyyatları daha çox gəlirlidir və orada atılan sosial addımların əhatə dairəsi daha genişdir. Beləliklə, ölkələri eyniləşdirməyi düzgün hesab etmirəm.

- Bizim iqtisadi gücümüz geniş əhatə etməyə imkan vermir?

- Bilirsiniz, Azərbaycan gənc, müstəqil ölkədir. Demək olar ki, müstəqillik illərində ölkəmiz tamamilə yenidən qurulub və bu işlər yenə davam etdirilir. Son 16 ildə Azərbaycan öz simasını dəyişib. Təbii ki, bu böyük inkişaf böyük maliyyə resursları hesabına əmələ gəlib. Dövlətimiz həm böyük layihələrə investisiyalar yatırır, həm dünyada baş verən iqtisadi böhranlardan ölkə iqtisadiyyatını qoruyur, həm valyuta ehtiyatlarını artırır, həm də əhalinin sosial müdafiəsini gücləndirir. Yəni, bu işlərin kompleks şəkildə həyata keçirilməsi çox ciddi məsələdir və biz bunun öhdəsindən gəlirik. Biz çalışmalıyıq əldə olunan uğurlarımızı qoruyaq, daha da inkişaf etdirək və qazanılan nailiyyətləri ölkə vətəndaşlarına yönəldək.

- Məlumdur ki, ölkənin inkişafında demoqrafik gücün də payı var. Buna əsaslanaraq, belə fikirlər də səsləndirilir ki, uşaqpulu ilə əhali artımını stimullaşdırma olar...

- Mən belə düşünmürəm. Əgər uşaq pulları əhali artımını stimullaşdırsaydı, Almaniya kimi güclü iqtisadiyyata malik yüksək uşaq pulu ödəyən ölkədə uşaq doğumu çox aşağı səviyyədə olmazdı.. Hətta orda çoxlu ailələr var ki, ümumiyyətlə, uşaq dünyaya gətirmir.Bu tendensiyanı bütün Avropanı bürüyüb. Uşaqların çox dünyaya gəlməsini o millətin mentaliteti ilə bağlı sayıram. Dünya ölkələri içərisində doğum səviyyəsi yüksək olan ölkələr müsəlman ölkələridir. Yəni elə ölkələr var ki, evdə uşaqları yedizirməyə, geyindirməyə bir şey tapılmır, amma çox uşaqlı ailələrdirlər. Uşaq pulunun verilməsi və əhalinin sosial təminatının gücləndirilməsini isə birbaşa ölkənin inkişafı ilə bağlı məsələ hesab edirəm.

Gülnarə ƏMİRQIZI, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »