Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilənçilərə pul verirsinizmi? - Sorğu

Metro çıxışlarında, insanların çox göründüyü küçələrdə, məktəb və universitet binaları yaxınlığında tez-tez qarşılaşdıqlarımızdan biri də dilənən insanlardır. Kimisi qucağında qolu-qıçı şikəst, xəstə uşağını saxlayaraq onun üçün pul diləndiyini deyir, kimisi də özü əlil olduğunu deyərək "Allah rizası üçün" pul istəyir. Bəs görəsən, insanlarımız necə düşünür? Dilənçilərə pul verirlərmi?

Bizimyol.info bu sualı sosial şəbəkə istifadəçilərinə ünvanlayıb.

Müşfiq Zülfüqaroğlu

-Xeyr, dilənçilərə pul vermirəm.

Keçən dəfə Gəncədə univermağın qabağında yaşlı bir qadın yaxınlaşdı. "Bala, rayona getməliyəm, pulum yoxdur, varsa mənə yolpulu verərdin"dedi. Mən də köşkdən siqaret alırdım, üstümdə xırda qalmadı. Onluğu köşk saticisina verdim ki, zəhmət olmasa, bunu xırdala. Satıcı oğlan mənə "Qardaş, məndən məsləhət, vermə, yalan danışır. Onun hər günü burda keçir. Yalandan hamını aldadıb dilənir" dedi. Mən də pul vermədim, biraz gözləyib fikir verdim ki, bir neçə nəfərdən eyni qaydada yarım saatın içində 6-7manat topladı. Sonra çıxıb getdim, fikirləsdim ki, gör indi bunun günü neçəyə gəlir?! İki gün sonra bir dostumla yenə onu gördüm və əhvalatı danışdım. Dostum həmin xanımın onların qəsəbəsində ikimərtəbəli evləri olduğunu dedi.

Xəqani Hüseynov

-Hamısına da verirəm.

-Niyə? Bəs deyirlər, bu da bir biznesdir. Düşünmürsünüzmü ki, belədirsə, bu biznesə sizin də dəstəyiniz olur?

-Mənə bu maraqlı deyil. Men pul verirəm. Çox şeyi düşünsək, gərək çox şeydən də imtina edək. Bizim camaat kömək etməməyə meyillidir. Bir yerdə səhv görəndə tam kəsib atır. Bu düz deyil. Yalandan bir uşağın adına bank hesabı açmışdılar. Camaatı aldatmışdılar. Ona kömək edib aldanan insanlar sonra heç kəsə kömək etmədilər. Bu da bir növ heç kəsə kömək etməmək üçün bəhanələri oldu. Halbuki hamı yalançı deyil. Dilənçiliyin də kökünü öyrənən deyiləm, düşünürəm ki, bu mümkün də deyil. Ona görə hamısına pul verirəm. Bəlkə də buna görə dünyada ən çox aldanan adamam.

Kəklik

-Mən əlillərə pul verirəm, amma nə sağlamlığı yerində olanlara, nə də uşaqlara pul vermirəm.

Ülvi Bahadır

-İstisna hallarda pul verirəm. Mənim müşahidə qabiliyyətim güclüdür. İlk baxışdan kimin yalançı, kimin həqiqi ehtiyac sahibi olduğunu bilirəm. Onu da qeyd edim ki, Türkiyədə ailələr var, dilənə-dilənə biznes qurublar, villalarda yaşayırlar. Bizdə də yaxşı yaşayanları kifayət qədərdir.

Gülər Əhmədova

-Adətən uşaqların əlini boş qaytarmıram. Düzdür, bilirəm ki, çox vaxt diləndirilirlər, amma uşaqdır deyə qəlbini qırmaq istəmirəm. Böyüklərin də ki, üst-başlarına baxıram. Məncə, ehtiyacı olan insan görünüşündən, üzündən bilinir. Elə insanlara pul verirəm.

Xalid Əbdülbağıyev

-Adamına baxıram. Həqiqətən ehtiyacı varsa, üstümdəki pula baxıb verirəm. "Peşəkar"lardan yan keçirəm. Çox israr etsə, qəpik verib uzaqlaşıram. Əsasən də uşaqlar adama daha çox yaxınlaşır.

Dilənçilərin gündəlik topladıqları işləyənlərin aylıq maaşına yaxındır. Yerindən, adamından asılıdır. Metro və camaatın sıx olduğu yerlərdə çox pul toplanır. Seyrək ərazilərdə az toplanır. Ən əsası onların çoxu dilənməyi peşə seçiblər. Nadir hallarda kimsə əlacsızlıqdan çörəkpuluna görə əl açar. O da 3-5 manatı utanaraq toplayıb evə gedər.

Gülçin İsgəndərova

-Dilənçilərə pul vermirəm. Görsəm ki, kiminsə həqiqətən ehtiyacı var, ona yardım edirəm.

Şöyüf Səfərov

-Mən dilənçilərə pul vermirəm və bunu düzgün də hesab etmirəm. Əvvəllər də nə dilənçiyə pul vermişəm, nə də nəzir qutusuna pul atmışam. Bir vaxt eşitmişdik ki, Şamaxıda nəzir qutusunu bir nəfər yığıb aparıb, Bakıda villa alıb. Belə hallara görə kiməsə yardım etmək istəyirəmsə bir abituriyentin hazırlıq pulunu ödəyirəm, imkansız bir ailənin uşağıan dəfətr-qələm alıram, bir kilo ət alıb verirəm. Mən bunu daha faydalı hesab edirəm.

Ayşə Abdulxalıqova

-Dilənçilərə pul vermirəm. Ürəyim ağrıyanda pis olub pul verdiyim olub, amma çalışıram başa salım ki, yaxşı əməl deyil.

Akşin Xəyal

-Dilənçiyə pul vermirəm, amma hər ay maaşımdan müəyyən qədər ayırıram və xəstə, müalicəsinə pul lazım olan insanların bank hesablarına ödəyirəm.

Zeynəb Abdullayeva

-Qaraçılara pul vermirəm. Amma yoxsul qocalara, şikəst adamlara verirəm.

Tural Ramazanoğlu

-Həqiqətən ehtiyacı olan və o pulu qazanma gücündə olmayan insanlara verirəm. 2 metir boy, 100 kq çəkisi olan biri dilənirsə ona pul vermək elə onu bədbəxtliyə sürükləməkdir.

Beləliklə, sorğuda 5 xanım, 7 bəy olmaqla 12 respondent iştirak etdi. 6 nəfər dilənçilərə pul vermədiyini, 1 nəfər həmişə pul verdiyini, 5 nəfər isə müşahidə edərək həqiqətən ehtiyacı olana pul verdiyini qeyd edib. Ümumilikdə, respondetlərin ortaq fikri müşahidə edib həqiqətən ehtiyacı olna yardım etmək oldu.

Aləmdə Nəsib

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »