Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: "Əsl bal üçün dağa-daşa dırmanmağa ehtiyac yoxdur"

Azərbaycanda bal yarmarkası keçiriləcək. Ötən il bal yarmarkasında saxta bal satanlar isə yarmarkaya buraxılmayacaq.

"Bizimyol.info" "Sputnik"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Arıçılar Assosiasiyası"nın sədri Bədrəddin Həsrətov məlumat verib.

Həsrətovun sözlərinə görə, yarmarkaya "Aqrar Tədarük və Təçhizat ASC" qurumu nəzarət edəcək. O, həmçinin ariçilara bəzi güzəştlərin ediləcəyini bildirib:

"Ötən il keçirilən Bal yarmarkasına gətirdiyi məhsulun az hissəsi keyfiyyətsiz çıxan arıçılar bu il yarmarkada iştirak edə biləcəklər. Amma 100 faiz saxta bal gətirənlər yarmarkada iştirak üçün qeydiyyatdan keçə bilməyəcəklər. Bal yarmarkasına il-ildən nəzarət gücləndirilir.

Çox təəssüf ki, keçmiş Kənd Təsərrüfatı Nazirliyi bu yarmarkanı öz şəxsi mənfəətləri üçün "bazara" çevirmişdi. Buna görə də yarmarkada satılan balların keyfiyyətinə alıcılarda haqlı olaraq şübhə yaranmışdı. Amma bir neçə ildir ki, bu istiqamətdə əhəmiyyətli dərəcədə dönüş yaranıb.

Bizim Assosiasiyanın Bal yarmarkasının təşkili ilə bağlı Aqrar Tədarük və Təchizat ASC-yə inamı böyükdür. İnanırıq ki, bu il bal satışı üçün ən ideal yarmarka keçiriləcək".

Həsrətov, arıçılar qara siyahıya salınmazdan əvvəl onlara sarı və qırmızı kartlarla xəbərdarlıq ediləcəyini qeyd edib: "Ötən il qayda pozuntularına görə "neqativ rəy toplayan" iştirakçılar bu il keçirilən yarmarkaya buraxılmayacaqlar. Saxta bal aşkarlandığı halda dərhal aktlaşdırılması, məhsulun məhv edilməsi və saxta mal satanın məsuliyyətə cəlb olunması üçün aidiyyəti orqanlara təqdim olunur, eyni zamanda həmin iştirakçının növbəti ildə də yarmarkada iştirakına qadağa qoyulur, iştirakçı ikinci dəfə bu hərəkəti təkrar edərsə, birdəfəlik yarmarkada iştirak hüququndan məhrum edilə bilər. Yarmarkanın gedişatı zamanı alıcılar istədikləri vaxt əldə etdikləri məhsulları ödənişli əsaslarla AQTA laboratoriyalarında təkrar yoxlada bilərlər. Alıcı tərəfindən məhsulda hər hansı əsaslı şübhə yaranarsa, məhsul laboratoriyaya təkrar yoxlama üçün təqdim olunur və labaratoriyanın nəticəsinə əsasən, problem barəsində qərar qəbul olunur".

Yarmarkaya gələ bilməyən bal satıcıları üçün də şərait yaradılacaq : "Yarmarkaya gələ bilməyən fermer işçi komissiyasının rəyi əsasında başqa şəxsə etibarnamə verə bilər, lakin həmin şəxsin adı qara siyahıda olmamalıdır və həmçinin 2 sarı vərəqə alan şəxs olmamalıdır. Eyni zamanda həmin şəxs ailə üzvü olmalıdır.

Fermer yarmarkada şəxsən iştirak etməli, istisna hallarda sərgiyə gələ bilməyən arıçı sərgidə onun balını satmaq üçün yalnız bir nəfərə etibarnamə verə bilər. Həmçinin bir rayonun iştirakçıları digər rayonun adından yalandan istifadə etməsi, balının digər rayonun ərazisinə məxsus olduğunu elan etməsi qəti qadağandır. Bu qaydalar pozularsa, sarı kart göstərilərək xəbərdarlıq ediləcək. Xəbərdarlıq 2 dəfə göstəriləcək. 3-cü dəfə qırmızı kart göstərilib sərgidən uzaqlaşdırılacaq və növbəti ilin sərgisinə də buraxılmayacaq.

Xüsusi ağır xətalar törədən iştirakçı birbaşa qırmızı kart alıb sərgidən uzaqlaşdırılacaq və adı qara siyahıya salınaraq növbəti yarmarkaya buraxılmayacaq".

Xatırladaq ki, yarmarkada iştirak etmək istəyən fermerlər 6-11 sentyabr tarixlərində "kendden.az" saytındakı qeydiyyatdan keçməlidirlər.

Son xəbərlər
Bütün xəbərlər »