Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sapanddan silaha keçən ovçu

Ovçuluq ta qədim zamanlardan insanların öz tələbatlarını ödəmək üçün yığıcılıqla yanaşı məşğul olduğu vərdişlərdən olub. Ovçuluğa bu gün bəzi insanlar idman növü, bəziləri isə ağır, stresli iş həyatından sonra istirahətin bir növü kimi yanaşır.

Bu dəfəki müsahibimiz də 24 ildir ovçuluq edən Aftandil Misirxanovdur.

Bizimyol.info ovçu Aftandil Misirxanovla müsahibəni təqdim edir.

-Ova başlamaq üçün hansı prosedurlardan keçmək lazım gəlir?

-Ova başlamazdan əvvəl ov edəcək şəxs silah seçməlidir. Silahı almaq üçün də icazən olmalıdır. Yaşayış yerindən, Norkoloji Dispanserdən, Psixi Sağlamlıq Mərkəzindən arayış almaq, göz müayinəsindən keçmək lazım gəlir. Bunlar vacib arayışlardır. Bu arayışlar toplandıqdan sonra silah alacağımız mağazaya təqdim edilir. Mağaza sənədləri Daxili İşlər Nazirliyinə təqdim edir. Silah almaq istəyən şəxsin məhkumluğu olub-olmaması dəqiqləşdirilir və məhkumluğu yoxdursa, 15 gün içərisində silah həmin adamın adına keçirilir. Silah aldıqdan sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib ovçuluq vəsiqəsi alınır. Sonrakı mərhələdə ov etmək üçün əlavə lisenziya alırsan. Burada hansı quşdan, neçə baş vurmaq olarsa, bu öz əksini tapır.

-Silah seçimində nələrə diqqət etmək lazımdır?

-Silah seçimi ovçunun hansı ova çıxacağından asılıdır. Mən quş ovu üçün silah almışam. Qanadlı heyvanlar üçün ən yaxşı K12 silahları qəbul edilir. Çünki bu silahların içərisindəki seçmələr(qırma) vurma şansını artırır. Buna görə bütün dünyada K12 silahları geniş yayılıb. Ovçular bu silahdan çox istifadə edir.

-Təhlükəsizlik məsələlərini özünüz təmin edirsiniz ya necə?

-Təhlükəsizliyə hər ovçu özü riayət etməlidir. Məsələn, ov yerinə çatana qədər silah sökülü vəziyyətdə getməlisən. Ov ərazisinə daxil olduqdan sonra silah yığılmalıdır. Çalışmaq lazımdır ki, silahı ağzıyuxarı vəziyyətdə saxlayasan. Aşağı və yana tərəf tutmaq olmaz. Geyim məsələsi getdiyin ova baxır. Məsələn, ördək, qaz ovuna gedirsənsə günəş şüasını əks etdirməyən paltarlar geyinmək lazımdır. Çünki paltarın üstünə gün düşsə, quş hiss edir ki, qamışlıqda kimsə var. Mən deyərdim ki, ovun uğurlu alınmasının 50 faizi getdiyin yerə, ova uyğun geyinməyə bağlıdır. Bundan başqa ovdan əvvəl həmin əraziyə getmək, ərazi ilə tanış olmaq da vacibdir. Təcrübəli ovçu ərazi ilə tanış olduqda bilir ki, burada quş olacaq, ya yox.

-Ovçuluq dərslərinin keçirildiyi yerlər varmı? Siz necə öyrənmisiniz?

-Təəssüf ki, mən elə bir yer bilmirəm ki, orada xüsusi olaraq ovçuluq öyrədilsin. Özüm uşaqlıqdan başlamışam. İlk ovçuluğum sapandla olub. Sonra silahla tanış olmuşam. Artıq 24 ildir ki, ovçuluqla məşğulam.

-Ovladığınız quşları dost-tanışla yeyirsiniz, yoxsa satdığınız da olur?

-Ya dost-tanışla, yoldaşlarla yeyirik, ya da pay verirəm. Heç vaxt satmamışam. Elə olur ki, elə çöllükdə bişirib yeyirik, elə də olur ki, yaxınlıqdakı hansısa restoranda hazırladıb yeyirik. Məncə, ovçu olan şəxs israf etməz. Mən həmişə ovçu yoldaşlarıma da deyirəm ki, yeməyəcəyiniz halda ov etməyin. İsraf heç bir halda bəynilmir. Özünə yetəcək qədər ovladın bəsdir. Ov o demək deyil ki, əlinə silah alıb qarşına çıxan bütün heyvanları öldürə bilərsən. Bu yolverilməzdir.

-Ova çıxanda neçə gün qalırsız?

-Adətən səhər çıxır axşam evə dönürəm. Nadir halda bir gün qaldığım olub. Uzaq olduqda qayıtmaq uyğun gəlmirsə qalırsan. Neçə gün qalmağın getdiyin məsafəyə, edəcəyin ova görə dəyişir. Böyük heyvan ovuna çıxanda çadır götürür, təxminən, iki gün qalırsan. Ərazini öyrənmək, ovdan sonra dönmək də zaman alır.

-Başınıza gələn, yadda qalan bir xatirənizi bizimlə bölüşərdiniz?

-Bir dəfə çoxlu ov etmişdim. Sayı dəqiq yadımda deyil neçə quş ovlamışdım, amma çox idi. Evə dönən baş yolda dost-tanış, kimə rastladımsa pay verdim. Bir də evə çatanda torbama baxdım ki, bomboşdur. Bunu heç unutmuram (gülür). Evə əliboş dönmüşdüm.

-Bəzən ovçuları heyvanları öldürən, təbiəti məhv edən kimi görürülər. Buna münasibətiniz necədir?

-Bu əsla belə deyil. Ölkəmizdə insanlar arasında belə bir fikir formalaşdığı üçün təəssüf edirəm. Ovçu təbiəti qoruyanlardan biridir. O qədər olub ki, təbiət qoynuna ova çıxmışam və görmüşəm ki, bir quş, ya hər-hansısa bir heyvan tələyə düşüb. Əziyyət çəkir, xilas ola bilmir. Onu vurmamışam, əksinə azad etmişəm. Bəzən də olur görürəm hansısa ağac əyilib, qırılmaq təhlükəsi var, çalışıram düzəldəm, qırılmasın. Yəni, biz ovçular heyvan, təbiət qatili deyilik.

Söhbət etdi: Aləmdə Nəsib

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »