Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fermer bal yığıb, onu satmağa müştəri tapmır

Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənov yerli KİV-lərə açıqlamasında deyir ki, 400 kiloqram balını sata bilmir. Və iddia edir ki, bunun səbəbi xaricdən ölkəyə idxal edilən ucuz baldır.

“Rusiyadan böyük həcimdə bal ixrac edirlər. 1 kiloqram balı 42 manata satırlar, üstündə də hədiyyə verirlər... Yaponlar isə gəlib bizdən götürür balı. Məndə 112 arı ailəsi var, 400 kiloqram bal tədarük etmişəm. İnanın ki, istehsal etdiyim balın 10 faizini sata bilməmişəm. Xaricdən saxta bal gətirib, doldururlar bazarlara. Qalırıq belə. Onda mənə də şərait yaratsınlar, mən də xaricə satım. Mən balımı harda satım? Maraqlanan yox, alan yox»,-arıçı fermer deyir.

Arıçının sözlərinə görə, xarici bal onların bazarını sıxışdırıb: “İstehsal etdiyim balın 1 kiloqramı 25-30 manat qiymətindədir. Həmin qiymətə də yerli bazara çıxardırıq. Əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Yarmarka olanda bir az satılır. Belə vaxtlarda 1-2 kiloqram satmaqla nə etmək olar? Baldan əldə elədiyimiz vəsaitlə həm yaşayırıq, həm də kəm-kəsirlərmizi düzəldirik. Belə getsə yığışıb hökmət evinin qarşısına çıxacağıq... Arıçılıqla məşqul olan, bu sahə ilə dolanan minlərlə ailə var. Təbii balımız var.Yoxlasınlar balı, onu keyfiyyətinə görə, qiymətləndirsinlər. Ballarımızı götürümürlərsə, problemlərimizi həll edə bilmirlərsə onda heç olmasa xaricdən balın gətirilməsini tənzimləsinlər. Elə eləsinlər ki, yerli arıçılara ziyan dəyməsin”.

Masallı Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhrrəmov isə narahatlığa əsas görmür:

“Bazarda balın 1 kiloqramı 25-30 manata satılır. Azad satışdır. Biz bu məsələni aydınlaşdırarıq. Amma hər arı ailəsinə görə, dövlət 10 manat subsidiya verir. Bu arıçlara dəstəkdir. Bizdə dəqiq rəqəmlər var. Adətən bal yaxşı olmayanda problem yaranır. Bal keyfiyyətlidirsə orada problem olmamalıdır.”

Masallı Rayon Dövlət Aqrar Mərkəzin direktoru Seymur Nuriyev də deyilənlərlə razılaşmır: “Səmədağa Həsənov rayon üzrə Arıçılar Assosiasyasının nümayəndəsidir. Özü assosiasyiyaya nə üçün məlumat vermir? Masallı xaricdən bal gətirmir.”

Seymur Nuriyevin dediyinə görə dövlət arıçılara həmişə dəstək verir. Belə ki, rayonda arıçılara 74 min manatdan çox subsidya verilib.Rayonda 10 mindən çox arı ailəsi var.

“Elə arıçılar var ki, subsidya istəmir.Yarmarka təşkil olnur, orada satış keçirdirlər. Kefiyyətli baldırsa orda satılır. Tutaq ki, ölkəyə kənardan bal gətirirlər. Biz nə edə bilərik? Deyək ki, gətirməsinlər?”,-Nuriyev bildirib.

Ekspertlər isə bal idxalını əsasən, Azərbaycanda bu məhsulun qiymətinin bir çox qonşu ölkələrlə müqayisədə yüksək olması ilə izah edirlər.

Dövlət Statistika Komitəsinin ( DSK) məlumatına görə, 2018-ci ildə 30474 təsərrüfatda mövcud olan 501,0 min arı ailəsindən 4993,9 ton bal əldə edilib. Bundan başqa həmin təsərrüfatlardan 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kq arı südü əldə olunduğu qeyd edilir.

“Balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun - 14,2 manat, vərəmumun - 118,4 manat, güləmin - 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat olub”.

Rəsmi açıqlamaya görə, 2018-ci ildə arı ailələrinin sayı 229,3 min, bal istehsalı isə 1950,8 ton artıb. 2018-ci ildə 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib, onun da 96,4 faizi Yaponiyanın payına düşür. DSK-nın açıqlamasına görə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanunu-nun qəbul edildiyi ( 2009) dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm də bal istehsalı təqribən 3,5 dəfə, artıb.

Azərbaycana bal idxalına gəlincə, ötən il bu göstəricinin 90,26 ton təşkil etdiyi bildirilir. Verilən məlumata görə, Azərbaycana ən çox bal İran, Rusiya və Türkiyədən idxal edilib. Virtualaz.org

Son xəbərlər
Bütün xəbərlər »