Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Patruşevin missiyası və Qarabağ

Məxfi danışıqlar haqqında açıq söhbət: bizi nə gözləyir və biz nəyi gözləyirik?

Mariya Zaxarova (Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi) Azərbaycanın xeyrinə, Ermənistanən əleyhinə interpretasiya olunacaq mühüm bəyanat verib. Zaxarovanın bu açıqlaması Ermənistanın baş naziri Nikol Paşinyanın bu il avqustun 5-də Xankəndində: “Qarabağ Ermənistandər” deməsindən sonra yaranmış yeni vəziyyətə Rusiya prizmasından aydınlıq gətirən bəyanatdır.

Paşinyanin avqustun 5-də Xankəndində verdiyi məlum bəyanat, bundan əvvəl də yazdığımız kimi, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini, demək olar, bloklayan bir avantüra idi. Bəllidir ki, bu, Azərbaycan qədər danışıqlar prosesinə qeyri-rəsmi partonajlıq edən Rusiya tərəfinə atılmış əlcək idi. Ermənistan Qarabağ müharibsində hərbi qələbə qazanmış tərəf olsa da, legitim danışıqlarda güzəştərə getməli olan tərəf də elə Ermənistanın özüdür.

Qarabağ

Çünki beynəlxalq hüquq Ermənistanın tərəfində deyil. Bu günədək Ermənistan Azərbaycanın torpaqlarını niyə işğalda saxlayıb? Bunun səbəbi sadədir; hər nə qədər beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, beynəlxalq siyasət Ermənistanın xeyrinə olub. Beynəlxalq hüquq isə indiki reallıqda güc hüququ (güclünün hüququ) olaraq tətbiq edildiyindən və beynəlxalq siyasətin də böyük güclərin maraqlarını təmsil etdiyindən Azərbaycan haqlı olduğu halda öz ərazi bütövlüyünü bərpa etmək imkanlarından məhrum olub. Həmin beynəlxalq siyasət münaqişənin beynəlxalq hüquq çərçivəsində (BMT-nin məlum qətnamələri və ATƏT-in müvafiq aktları əsasında) həllini təmin etməyib, üstəlik qalan yeganə yolu – münaqişənin hərbi həll variantını da bloklayıb. Belə situasiya təbii olaraq, Ermənistanın xeyrinə işləyib. İndiki situasiya isə budur ki, Ermənsitan dünən daha çox Rusiyaya arxalanıb beynəlxalq hüquqa meydan oxuyurdusa, bu gün artıq bu respublikanın yeni hökuməti Qərbə arxalanıb beynəlxalq siyasətin özünə qarşı çıxır. Yəni təkcə, hüquqi çərçivələrə qarşı deyil, siyasi danışıqlar prosesinə də saymazlıq göstərmək niyyətinə düşüb. Bununla da həm münaqişənin hərbi fazasına yön vermiş, həm də ondan sonra atəşkəs sazişi imzaladaraq diplomatik fazaya öncüllüyü ələ almış Rusiyaya təzyiq göstərmək cəhdləri ortadadır. Bu təzyiq cəhdlərinin əsas məqsədləri haqqında bundan əvvəl Qlobal oyunda Qarabağ” adlı məqaləmdə ətraflı yazmışam. Ermənistanın yeni hökuməti münaqişənin bu və ya başqa variantda (hərbi və ya siyasi) həllinə Rusiyanın təsir gücünü azaltmaq, minimum endirmək (mümkün olsa, qalan iki həmsədrin – ABŞ və Fransanın rolundan da aşağıya salmaq) və təbii olaraq, özünə qarşı əks-inqilab ssenarisini neytrallaşdırmaq (öz hakimiyyətinin dayanıqlılığını artırmaq) üçün həm Ermənistan siyasətindən Robert Köçəryanın və Serj Sarqsyanın liderlik etdiyi “Qarabağ qruplaşması”nı vurub çıxarmalı və ya əsaslı şəkildə zəiflətməlidir, həm də Dağlıq Qarabağdakı separatçı rejimin və silahlı birlşmələrinin başına öz adamlarını gətirməlidir. Bu iki məsələdə isə o, Rusiya ilə toqquşur.

Paşinyan bilir ki, Qarabağ münaqişəsi bu və ya başqa şəkildə həll olunmayınca Ermənistanın NATO-ya üzvlük planları xəyal olaraq qalacaq. NATO yolu xəyal olaraq qaldıqca da, Rusiyadan uzaqlaşması çətindir. O anlayır ki, hazırkı danışıqlar prosesi artıq yekun nəticəyə yaxınlaşıb və bu razılaşmaya getsə, hətta bir rayon qaytarmaq durumunda qalsa belə bundan müxalifəti istifadə edərək güclənəcək, Paşinyanın hakimiyyəti laxlayacaq və bəlkə tezliklə yıxılacaq. Ona görə özü və komanda üzvləri Azərbaycana torpaq qaytarmayacaqları haqqında dalbadal bəyanatlar verdilər. Münaqişənin hərbi həllinə gəincə, Paşinyan risqli də olsa, buna da gedər, bir şərtlə ki, hərbi əməliyatlara birinci başlayan Azərbaycan olsun, o zaman Rusiya hərbi müttəfiqi Ermənistan olduğu halda Azərbaycana açıq kömək etməkdə çətinlik çəkəcək və bəlkə də bunu heç istəməyəcək, Qərb isə hərbi əməliyyatlara başlayan tərəfə güclü pressinq tətbiq edəcək (bu, hətta sanksiyalara qədər gedib çıxa bilər).

Nikolay Patruşev

Bütün bu proseslərin Ermənistanın daxili siyasətinin və Rusiyanın təhlükəsizlik maraqlarının predmeti olması səbəbindən yaranmış yeni durumun həllinə Rusya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev daxil olub. Əgər bu sırf hərbi-siyasi müstəvidə müzakirə olsaydı müdafiə naziri Şoyqu, siyasi-diplomatik müstəvidə olsaydı, xarici işlər naziri Lavrov iri plana çıxardı. Bu işə Patruşev qarışdığına görə, proseslər açıq danışılması mümkün olmayan gündəlik üzrə gedir. Paşinyanın 5 avqust bəyanatından sonra Patruşev Ermənistana getmişdi. Ondan sonrakı mərhələdə proseslərin hara gedə biləcəyini izləmişdilər. bəlkə də Azərbaycanın hansı cavab addımları atmasını gözləmişlər; bəlkə də bununla bağlı rəsmi Bakıya da müəyyən pressinq olub. Bu barədə əlimizdə səhih informasiyalar yoxdur; ehtimal edə bilərik. Ancaq Nikolay Patruşevin Ermənistanda “inandırıcı” olmadığı bəllidir. Bunu Paşinyanın Nüvel de Armeni qəzetinə müsahibəsi də göstərdi. Həmin müsahibədən sitat: “Niyə heç kim düşünmək istəmir ki, Ermənistan-Rusiya münasibətlərində qarşılıqlı şübhə varmı?! Məsələn, Rusiya Azərbaycana silah satanda bu, şübhə predmeti olur, ya yox?! Mən bununla demək istəyirəm ki, biz çoxəsrlik kompleksdən xilas olmalıyıq: biz suveren tərəfdaşlarıq və əgər onlar bizdən şübhələnirsə, bizim də onlardan şübhələnməyə ixtiyarımız var. … Əgər kimsə bizim öz tərəfdaşlıq öhdəliyimizi yerinə yetirmədiyimizi düşünürsə, bizim də eyni cür etmək icazəmiz var”.

Şübhəsiz ki, Paşinyanın Rusiyaya qarşı pressinq cəhdi təkcə verbal deyil, real əsaslarda da davam edir. Ermənistan Putin hakimiyyıtinə asi çıxıb Rusyadan qaçaraq bu balaca Qafqaz respublikasına sığınmış Vitali Şişkinə siyasi sığınacaq verməklə çox irəli gedib. Vitali Şişkin 2015-ci ilin yanvarında “kütləvi iğtişaşlara çağırışlar” və “düşmənçilik və nifrət yaymaq” maddələri ilə həbsdə olub və bu ilin yanvarında azadlığa çıxdıqdan sonra Ermənistana qaçıb. Rəsmi İrəvanın bu addımı Rusiyanın daxili sabitliyinin pozulmasına dəstək və xarici güclərin Rusiyada destablizasiyanı qızışdırmaq və orta perspektivdə ölkədə xaos yaratmaq və uzaq perspektivdə Rusiyanı parçalamaqla Çinin izolyasiyaya salmaq kimi planlarında Ermənistanın da yer almaq cəhdlərindən biri kimi başa düşülə bilər. Bu isə Rusiya baxımından öz “müttəfiq”indən aldığı çox ciddi, qəfil zərbədir. Bununla Ermənistan Rusiyanın daxili tarazlığını pozmaq istəyənləri stimullaşdırmış olub.

Paşinyan etirazla qaşılandı

Təbii ki, buna Paşinyanı sövq edən güclərin məqsədi Rusyanın regionda və beynəlxalq siyasi arenada avtoritetini ciddi şəkildə zədələməyə, onu müttəfiqlırinin tərk etdiyi fikirni gücləndirməyə, Rusiyanın getdikcə daha çox təkləndiyi tablonu daha qabarıq göstərməyə, Şimal qonşumuzun iqtisadi izolyasiyasını onun strateji-siyasi baxımdan da blokadaya alınması ilə tamamlamağa – həlqəni daha da daraltmağa hesablanıb. Məlum güclər Rusiyanın görmək istədikləri çöküşünü əvvəlcə beyinlərdə şəkilləndirməyə çalışırlar və Ermənistan da bunda iştirak edir. Həmin güclər Rusyaya qarşı Ermənistanın de-marşlarnın davamını istəyirlər; Tramp Ermənistandan öz hərbi kontingentini (ki, əslində çox simvolikdir) Suriyadan çıxarmağı tələb edib. Patruşevin məxfi missiyası yox yerdən yaranmayıb; o, İrəvanda bu addımın qarşısını almağa da çalışıb. Ruslar Qərbin Ermənistanın indiki hakimiyyıtindən ona qarşı maksimum yararlanmağa çalışacaqlarını bilir və özünü maksimum sığortalamağa çalışır (Mümkündür ki, Azərbaycan hərbi təyyarəsini Xəzər üzərində yaxalamış o sirli “qəza” da məxfi missiyanın səfəri ərəfəsində bizə düşmən olan dövlətə qarşı bir reverans, bir növ müttəfiqlik jesti də ola bilərdi (bu, təbii ki, ehtimaldır).

Bizim üçün burda önəmli olan məqamlar nədir? Məsələ ondadır ki, Ermənistanın açıq müharibədə olduğu ölkə Azərbaycandır. Türkiyə ilə də latent münaqişə var. Rusiya Ermənistanı cəzalandırmaq üçün bu iki ölkənin, xüsusilə də, Azərbaycanın üzərindən yürüyə bilər. Açıq desək, Azərbaycanın gücündən – sözün bütün mənalarında, yararlanmağa çalışa bilər. Eyni dərəcədə Ermənistanın indiki hakimiyyətinin arxasındakı (və ya belə ehtimal olunan) güclər də Rusiyanı bölgədən sıxışdırmq üçün yenə də Azərbaycanın və Türkiyənin zərbə alacağı planlar qura bilər. Paşinyanın müsahibəsindən də göründüyü kimi, Azərbaycana silah satmamaq Rusiya ilə münasibətləri düzəltməyin şərti kimi qoyulub. Azərbaycana qarşı o ərəfədə ABŞ-ın da silah satışı embarqosuna bənzər bir qərar verməsi ilə Ermənistanın bu şərti arasında sinxronluq görünür. Bütün bu və bir çox başqa səbəblərdən Azərbaycan rəsmi İrəvanın aqressiv əməllərinə və bəyanatlarına böyük vasitəçi dövlətlərin reaksiyasını gözləmək mövqeyi tutmuşdu. Və bu yöndə ilkin nəticələr Rusiyanın rəsmi və ekspert dairələrindən gəldi. RF TŞ katibi Nikolay Patruşevin Bakıya səfəri və RF XİN sözçüsü Mariya Zaxarovanın məlum açıqlaması rəsmi Moskvanın mövqeyinin ifadəsi oaraq görülməlidir.

Mariya Zaxarova Mariya Zaxarova

Zaxarovanın həmin açıqlamasından bir sitata diqqət edin: “Belə bəyanatlar (Nikol Paşinyanın: “Qarabağ Ermənistandır” bəyanatı və buna bnzər başqa bəyanatlar nəzərdə tutulur – B. H.) mübahisələr doğurur və ya əlavə suallar yaradır, ya da kövrək danışıqlar prosesində balansı poza bilər. Daxili siyasi prosesə hörmətə rəğmən və siyasi quruluşun demokratik modelində hər kısin təkcə öz fikirini deməkdə deyil, həm də müvafiq siyasi zəminlər hazırlamaqda sərbəst olduğu anlamaqla bərabər çox istərdik ki, hər halda tərəflər bütün resurslarını dinc nizamlamaya yönəltsinlər. Proses mürəkkəbdir, uzun çəkir, düşünürəm ki, sürətlə irəli getmək azımdır və ona görə də bəyanatlar da bu məqsədə uyğun və kömək edən tərzdə olmalıdır”.

Bu bəyanat, əlbəttə, Azərbaycanın mövqeyinə çox yaxındır; haqqında əlavə yazacağım bəzi məqamları çıxmaq şərtilə uyğundur. Xüsusilə də, bəyanatda, prosesin sıfır nöqtəsinə qayıtmasından narahatlıq ifadə olunur; bu halda yeni hərbi münaqişənin bu dəfə kimin xeyrinə bitəcəyinə eyhamlar var (Elə Bakıda da düşünürlər ki, Ermənistanla təkbətək qalarsa, Azərbaycan münaqişənin hərbi formatından qalib çıxa biər). Ancaq bunlar ehtimallardır, rasional-real olan Rusiya XİN-in Ermənistan rəhbərliyinin bəyanatlarını danışıqlar prosesini poza bilən addımlar kimi qəbul etməsidir. Bu o deməkdir ki, danışıqlara “alternativ”in Bakıda deyil, İrəvanda axtarıldığı, hərbi əməliyyatlatların mümkün bərpasının ilkin məsuliyyətini Ermənistanın daşımalı olduğu Rusiya baxımından dərk və ifadə olunur. Yəni bu saatdan sonra hərbi əməliyyatlara Azərbaycan başlamış olsa belə, bunun məsuliyyətini Ermınistanın danışıqlar prosesini bloklamasında görəcək (və təbii ki, haqlı olacaq) bir rəsmi düçüncə formalaşır deyə bilərik bəlkə də. Ən azı indilik. Burda Azərbaycan tərəfini qane etməyən iki nüans var: bunlardan biri Zaxarovanin bəyanatında Ermənistanda “siyasi quruluşun demokratik modeli”nin olması haqda ifadələrdir. Azərbaycanda hesab edirlər və faktlar, arqumentlər göstərirlər ki, Ermənistanda hakimiyyət legitim yolla deyil, küçənin təzyiqi ilə dəyişib, sonradan parlament seçkiləri ilə legitimləşdirməyə cəgd edilib. Bundan başqa, Ermənistanda siyasi rəqiblərə qarşı repressiyalar həyata keçirilib. Bu yöndə başlıca yekun fikir isə budur: demokratik yolla hakimiyyətə gələn qüvvə təkcə milli deyil, bəşəri ideyaların daşıyıcısı kimi çıxış etməlidir, yəni öz xalqının hüquqlarına hörmət edirsə, başqa xalqların da hüquqlarına eyni münasibəti göstərməlidir. Bu necə demokratdır ki, işğal siyasətini dəstəkləyir, başqa ölkənin ərazisinin ilhaqına yönəlik addımlar atır?! Axı demokrat siyasi kimliyin əsas şərtlərindən biri münaqişəli durumlarda gücə deyil, danışıqlara, iddialara deyil, hüquqa üstünlük verməsidir; konfliktlərin dinc vasitələrlə, müxtəlif maraqları uzlaşdırmaqla həllinə yönəlmlidir. Demokrat da başqa bir xalqın torpağına gəlib, orada öz dövlətinin Təhlükəsizlik Şurasını keçirər?! Və sair və ilaxır.

Haşiyə: Hər bir halda Rusiya XİN sözçüsünün bəyanatı Azərbaycanda əsasən müsbət qarşılandı. Həm də bəlkə ona görə ki, Azərbaycan hakimiyyətinin ikinci şəxsinə və həmin ərəfədə Ermənistanın həbsdə olan sabiq prezidentinə Rusiyanın ali ordeninin verilməsindən sonra bir çox dairələrdə buna diqqət cəmləşdirildi. Bu da sıradan hadisə deyildi və həmin mövzuda gedən şərhlərə toxunmağı lazım bilmirəm (ayrıca bir söhbətn mövzusudur). Sadəcə, burada bir mühüm məqamı vurğulamaq istəyirəm: Rusiya Azərbaycanda hakimiyyətin, Ermənsitanda isə müxalifətin nümayəndəsini “Rusiyanın əsl dostu” adlandırdı. Başqa sözlə, rəsmi Moskva Ermənistandakı hakimiyyətin ona dost olmadığını xüsusi olaraq vurğuladı. “Rusiyanın əsl dostu” olmaqdan Azərbaycan nə qazanır və ya nə itirə bilər – bu da bir ayrı məsələdir – zamanla aydın olacaq.

Hələlik isə son vaxtlar müzakirə olunan bir mətləbə toxunmaq istəyirəm.

Cəmiyyətdə belə suallar zaman-zaman ortaya çıxır: Azərabaycan Ermənistanla müharibənin bərpa olunmasından çəkinirmi? Əgər belədirsə, niyə? Yeri gəlmişkən, düşmən tərəf də bunu bilir və bu yöndən Azərbaycan cəmiyyətinin fikrini qarışdıra biləcək gedişlər edir. Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk aylarda: “Mən belə qorxaq dövlət görməmişəm” demişdi. Onun hökumətində olan başqa şəxslər də zaman-zaman: “Azərbaycan döyüşdə uduzduğu torpaqları danışıqlarla almaq istəyir”, “Azərbaycanlılar qorxaqdır” və sair kimi aşağılayıcı-təxribatçı açıqlamalar veriblər. Bunların da səbəbi və məqsədi var. Onlar əvvəla danışıqların Azərbaycan tərəfinddən pozulmasına nail olmaq üçün Azərbaycan cəmiyyətinn öz dövlətinə təzyiqini körükləməyə çalışırtlar. Ermənistan hərbi nəticələrə əsaslanaraq belə düşünür ki, danışıqlardan çıxsa da, hərbi əməliyyatlara başlamaq zərurəti yoxdur. O hərbi əməliyyatlara yeni ərazilər işğal etmək üçün başlaya bilər ki, hazırda buna ehtiyacı yoxdur. Onlar bilir ki, Azərbaycan rəsmən danışıqlardan çıxsa, növbəti gün hərbi əməliyyatlra start verməlidir; üçüncü seçimi yoxdur. Çünki işğal altındakı torpaq Azərbaycanındır. Öz ərazi bütövıüyünü bərpa etmək zərurəti Azərbaycana aiddir, Ermənistana yox. O səbəbdən, Ermənistan mümkün qədər təzyiq edir ki, Azərbaycan danışıqlardan çıxdığını birinci olaraq bəyan etsin və hərbi əməliyyatlara başlasın. Azərbaycan da bunu bilir; bu prosesdə beynəlxalq hüquqa söykəndiyinə görə, dünya birliyinin bu məsələdə məhz elə beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləməsinə çalışır. Bu aspektdən yanaşanda Azərbaycan, doğrudan da, müharibədən ehtiyat edir. Ancaq Ermənistanla deyil, Ermənistan vasitəsilə bir qlobal gücün başqa bir qlobal gücə qarşı Azərbaycan ərazisində müharibəsindən yayınmağa çalışır. Belə bir acı təcrübə Ukraynada yaşandı; ABŞ-la Rusiya Ukrayna ərazisində müharibə etdi və itki verən Ukrayna oldu. Bunun Ukrayna dövlətçiliyi üçün başqa təhdidlər doğurduğunu görürük; Rusiya ilə yanaşı Macarıstan, Polşa, Rumıniya kimi dövlətlərdə də yarımrəsmi səviyyədə Ukraynaya ərazi iddiaları səslənməyə başladı. Azərbaycan öz xalqını məhz belə bir təhlükədən yayındırmağa çalışır. Son dövrlərin intensiv və qapalı təhlüksizlik diplomatiyası da buna yönəlib. Durumun mürəkkəbliyi də elə burdadır; Azərbaycan dövləti başqa – böyük güclərin hibrid müharibəsinin öz ərazisinə transfer etməsini istəmir və bundan mümkün qədər sığortalanmağa çalışırkən, bir yandan da işğal olunmuş torpaqlarını azad etməklə də mükəlləfdir və əgər sülh danışıqları pozuarsa, müharibədən də qaçmaq mümkünsüz olacaq. Belə bir çətin durumun həllini diplomatiyada axtaran Azərbaycan bu gün öz cəmiyyətinin daha da sıx konsolidasiyasına ehtiyac duyur. Bu günkü durum bizim ötən əsrin 90-cı illərin əvvəllərində - Sovet İttifaqı dağılan və Ermənistanla Azərbaycan arasında münaqişə yetişən və artıq başlanmaqda olan vəziyyətlə oxşardır və demək olar ki, eynidir.

Azərbaycan keçmiş sovet respublikaları arasında 90-cı illərin sınaqlarından ən çox itki ilə çıxan ölkə oldu. O zamanlardan 27-30 il keçib və bu gün biz 90-cı illərin səhvlərini təkrarlasaq, bəlkə də o zamankından daha böyük itkilər verərik. Cəmiyyətin konsolidasiyası isə, nə qədər qəribə olsa da, mürəkkəbləşdirilmiş siyasi situasiya yaratmaqdan – müxtəlif siyasi qrupların, sosial zümrlərin, iqtisadi-maliyyə qruplaşmalarının maraqlarının uzlaşdırılmasından asılıdır. Son dövrlər sosial yönümlü addımlar bu baxımdan ilkin müsbət gedişlər sayıla bilər. Ancaq bunu iqtisadi, siyasi sahələrə də tətbiq etmək lazımdır. Və məsələ yalnız sosial dəstəkdən getmir; sosial azadlıqlardan da gedir. Ölkədə iqtisadi, siyasi liberallaşma ardınca sosial azadlıqlara, mədəni-mənəvi azadlıqlara da daha geniş meydan verir. Bu baxımdan, qarşıdakı seçkilər miqyaslı və effekktli siyasi manevrlər üçün fürsət olaraq dəyərləndirlə bilər (siyasi təfəkkür çevik və miqyaslı düşüncə mexanizminə söykənməlidir). Bəlkə ölkənin siyasi quruluşunu dəyişmək – parlamentli respublikaya keçmək, bəlkə siyasi elitanın yenilənməsi belə manevrlər ola bilər. Dövlət vəzfələrini tutan insanlar da mülki geyimdə və ya uniformada olmasından asılı olmayaraq dövlətin əsgəri deməkdir. Fədakarlıq təkcə sıradan olan məmurdan və ya adi vətəndaşdan tələb olunmur, hakimiyyət ierarxiyasındakı yerindən asılı olmayaraq hər kəsin gərəkli anlarda fədakarlığına ehtiyac var. Eləcə də, cəmiyyət idarəçiliyinin ifrat mərkəzləşdirilməsi heç də həmişə daxili və xarici təhdid və təhlükə qaynaqlarını neytrallaşdırmağa bəs etmir...

P.S. Rusiya və Azərbaycan TŞ katiblərinin detallı danışıqlarındakı terrorizmə və siyasi ekstremizmə qarşı mübarizə mövzularından belə bəlli olur ki, bu ölkələrin təhlkükəsizliyinə təhdidlər hardan və necə qaynaqlanır. Belə miqyaslı təhdidlər önündə tab gətirməyə təkcə dövlət maşınının gücü yetməz; bunlara qarşı cəmiyyətin gücü ilə dayana bilərik. İctimai gücün ən kəsərli silahı isə dərk olunmuş azadlıq hissidir; tarix də, çağdaş zaman da göstərdi ki, dərk olunmuş azadlıqlar platformasında birləşən toplum daha güclü olur. Azad olmayan insanın məsuliyyət hissi də zəif olur; onun əvəzindən hər şeyi başqaları düşündüyü və həll etdiyi üçün. Hər zaman belə məqamlarda yazdığım şəxsi fikrimi bir daha təkrar edəcəm: Vətəni dəlicəsinə sevmək olar, ancaq ona ağılla xidmət etmək lazımdır. Vətən də dövlətin simasında adekvat qarşılıq verəsidir. Vətənin öz vətəndaşına sevgisi onun azadlıqlarına hörməti və bu azadlıqların dərəcəsi ilə ölçülür. Yəni bütün sevgilər kimi Vətən sevgisi də qarşılıqlı olanda sevgdir, qarşılığı olmayanda tərəflərdən biri mütləq əzab çəkir. Məncə, bu hər şeyi deyir.

Son xəbərlər
Bütün xəbərlər »