Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlər üçün tikilən ikinci binanın sirli dərdi

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə iki il keçməsinə baxmayaraq çıxarışların (“kupça”) verilməməsi barədə söz-söhbətlər hələ də səngiməyib.

Xatırladaq ki, adıçəkilən binanın açılışı 2017-ci ilin iyulunda olub. Amma iki il ərzində jurnalistlər yaşadıqları mənzillərin “kupça”sını ala bilmir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib.

KİVDF sədri Vüqar Səfərlinin bu binanı xidməti bina kimi adlandırması hay-küylə qarşılansa da, əslində Vüqar Səfərlinin söylədiklərində bir həqiqət də var. Sənədi olmayan, içərisində oturub, heç bir hüquqi haqqa sahib olmadığın ev necə sənin ola bilər ki?!

Vüqar Səfərli Vuqar Seferli

KİVDF sədri Vüqar Səfərli mediaya verdiyi müsahibəsində qanunlarda bəzi dəyişikliklərin edildiyi üçün evlərin sənədləşməsində problem yarandığını söyləyib. Lakin bu dəyişikliyin nə olduğunu nə Vüqar müəllim bilir, nə də üz tutuduğumuz Əmlak Komitəsi açıqlayır.

“Müəyyən qanunlar dəyişilib, bunu mən bilmirəm. Bunu Əmlak Komitəsi həll edir, biz həll etmirik axı. Sadəcə, biz maraqlıyıq ki, bu məsələ həll edilsin. Dediyim kimi, dünən iki dəfə onlarla, rəhbərliklə danışıq aparmışam ki, göstərişlər verilsin. Hüquqşünasla da danışmışam. Onlar deyir ki, dövlət əmlakı hədiyyə edilə bilməz. Bu, dövlət əmlakıdır, dövlət pul ayırıb Fonda və Fond bunu tikib. Keçən dəfə bunun yolunu tapdılar ki, Fond bunu özəlləşdirdi və qərar çıxardı ki, bağışlansın. Yəni uzun yolla həll edildi. Bina Əmlak Komitəsi tərəfindən bizim balansımıza verilməlidir, “kupça” təqdim olunmalıdır. Bu məsələni birinci olaraq, Fond sənədləşdirməlidir. Bundan sonra baxaq görək, o mənzillər hansı formada jurnalistlərə veriləcək. Jurnalistlərə birbaşa ev verilməyib axı…İndi də buyursunlar. Bizim üstümüzə nə iş düşsə, onu edəcəyik”,- deyə o bildirib.

Vahid Əhmədov 00-1

Millət vəkili Vahid Əhmədov bu söhbətləri yersiz maneə hesab edərək, jurnalistlərin evlərinin xidməti evlər olmadığını söyləyib: “Prezidentin açılışda iştirakı zamanı “kupça” söhbəti olmamışdı. İndi yersiz maneə yaradıb, lazımsız müzakirələr açmağın yeri yoxdur. Ona görə də istər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, istərsə də aidiyyatı olan digər qurumlar tez bir zamanda sənədləşmə işlərini tamamlayıb sakinlərə çıxarış verməlidirlər”.

Qulu Xəlilov

Bu qanun dəyişikliyi nədən ibarətdir. Dəyişən qaydalar hansılardır? Təəssüf ki bu sualımıza çox çalışsaq da cavab tapa bilmədik. Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov Bizimyol.info saytına bildirdi ki, əgər ilkin hüquq müəyyənedici sənədlər bina sahibi tərəfindən təqdim olunsa və jurnalistlər də bizə bu sənədləri versələr biz bu məsələni ən qısa müddətdə həll etməyə hazırıq”.

“Jurnalistlərin binasının istismarına Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilib. Sənədlər təqdim olunanda biz dərhal sosial kampaniyamız çərçivəsində, yəni, “əmlakını qeydiyyatına al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində jurnalistlərin binasının həyətindəcə hörmətli jurnalistlərimizdən onların sahib olduğu mənzillərə dair ilkin hüquq müəyyənedici sənədləri toplayaraq onları növbəti mərhələdə çıxarışların verilməsini təmin edəcəyik”.

Jurnalistlərə verilən II binada mənzil almış məşhur jurnalist Jalə Mütəllimova da bu müzakirələrdə fəal iştirak edən tərəflərdən biridir. O hadisələrə belə münasibət bildirib. “Jurnalistlərin binası istismara veriləndən sonra dovlət tərəfindən bağışlandığı ucun, bagışlamaq hüququnda olan qurum ve ya fərd şəxs olmalıdır. O qurum ve ya şəxs, həmin əmlakı, Dövlət Əmlak Komitəsindən( DEK) müəyyən ödənişlə almalıdır. Sonra siyahı verməlidir ki, bu binadakı evləri filankəslərə bağışladıq.

Onlara dovlət rüsumu qarşılığında "kupca", cixarishlar verin. Bizim durumumuzda bina Prezidentin təşəbüsü və ayırdığı vəsaitlə inşa edilib. Tapşırılıb ki, media mənsublarına bağışlansın.

Rəsmi bağışlanmanı KİVDF həyata keçirməlidir, DEK- isə ödənişi qəbul edəcək tərəfdir. Ancaq çəkiləcək məbləği kim verəcək, o bəlli deyil. Çünki həmin vəsait yoxdur. İndi buy a bina sakinlərindən rüsuma əlavə edilərək alınmalıdır, qanunsuz olduğu üçün rüşvət sayılacaq, yeni bir skandalın əsası qoyulacaq. Ya da ödənişi KİVDF özü etməlidir, o da edə bilmir”.

Əslində çox asan həll yolu olan bir məsələni ötür-ötür oyunları ilə, yordu-yordulara salıb jurnalistləri qızışdırmaq, kimlərinsə maraqları naminə bu hadisədən istifadə edib kimlərəsə şapalaq vurmağa bənzəyir.Bu kimə lazımdır? Nə yazıq ki, insan amili qalıb kənarda, sənəd, kağız düşüb insandan irəliyə. Hər işimiz bu qədər sürünərək irəliləsə hansı tərəqqidən danışa biləcəyik?

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »