Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlər Prezidentə müraciət etdi
Jurnalistlər Prezidentlə

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə iki il keçməsinə baxmayaraq çıxarışların (“kupça”) verilməməsi orada yaşayan KİV əməkdaşlarını təlaşlandırıb.

“Ölkə.Az “ xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib. Digər tərəfdən də Əmlak Məsələləri üzrə Dövlət Komitəsi KİV-ə Dövlət Dəstəyi Fondunu ittiham edərək müvafiq sənədləri onlara təqdim etmədiyi üçün “kupça”nın verilmədiyini elan edib. Necə deyərlər ötür-ötür oyunu, məsuliyyəti bir-birinin üzərindən atmaq evlərinin “kupça”sını ala bilməyən jurnalistləri çıxılmaz duruma salıb. Baxmayaraq ki, adıçəkilən binanın açılışı 2017-ci ilin iyulunda gerçəkləşib və ölkə başçısı 250-dən artıq KİV nümayəndəsinə mənzillərin açarını hədiyyə edib. Amma keçən iki il ərzində jurnalistlər yaşadıqları mənzillərin “kupça”sını ala bilmir.

Binada yaşayan jurnalistlər yaranmış vəziyyətdən çıxış yolunu bu gün Prezident İlham Əliyevə müraciət etməkdə görüblər.

Ölkə başçısına ünvanlana müraciətin tam mətnini təqdim edirik:

"Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi,

Yeni Salyan şossesi 22 ünvanda yaşayan jurnalistlər tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident

Sizin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamınız əsasında Bakı şəhəri Səbail rayonu ərazisində tikilmiş 255 mənzillik 2-ci binada mənzillə təmin olunmuş jurnalistlər olaraq Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizin bu qayğınız nəticəsində kirayədə çətin vəziyyətdə yaşayan daha 255 jurnalist ailəsi (ümumilikdə 1000 nəfərə yaxın sakin) bu binada mənzilə sahib oldu və öz həyat şəraitlərini, yaradıcılıq imkanlarını yaxşılaşdırdı. Bu da öz növbəsində biz jurnalistlərin dövlətçiliyimizin güclənməsi, ölkəmizin inkişafı ilə bağlı tərəfinizdən aparılan daxili və xarici siyasətin mahiyyətinin əhaliyə çatdırılması, cəmiyyətimizin dünyada və ölkədə baş verənlər haqda məlumatlandırılması və maarifləndirilməsi istiqamətində daha fəal və effektiv işləməyimizə səbəb oldu.

Hörmətli cənab Prezident

20 iyul 2017-ci il tarixdə binanın açılış mərasimində çıxışınız və bizimlə söhbətiniz zamanı mənzillərin mülkiyyət sənədlərinin (çıxarışlarının) qısa müddətdə verilməsi üçün müvafiq orqanlara tapşırıq verdiyinizi qeyd etdiniz. Lakin keçən 2 ildən artıq müddətdə bu çıxarışların veriməsi həyata keçirilməyib. Bu da bizim üçün əlavə problemlər yaradır- məsələn, çıxarış olmadığından mənzilə qeydiyyata düşə bilmirik, övladlarımızı məktəb və bağçalara, poliklinikalara qeydiyyata saldırmaq, yeni mənzilimizə vacib olan əşya və avadanlıqların alınması üçün banklardan kredit götürmək, həmçinin müxtəlif dövlət orqanları ilə hər hansı sənədləşmə əməliyyatları zamanı və s. hallarda bizdən yaşadığımız mənzildə qeydiyatda olmamız haqda çıxarış tələb olunur. Vaxtı bitmiş şəxsiyyət vəsiqəmizi dəyişmək istəyərkən bir çoxumuz respublikamızın qeydiyyatda olduğumuz uzaq bölgəsinə gedib-gəlməyə məcbur oluruq. Məsələnin həlli ilə bağlı müraciət etdiyimiz KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb.

Hörmətli cənab Prezident. Sizin ölkəmizdəki bütün sənədsiz evlərə və mənzillərə çıxarışların qısa müddətdə verilməsi haqda tapşırığınızın icrası indiyədək müxtəlif səbəblərdən evlərinin mülkiyyət sənədini ala bilməmiş yüz minlərlə vətəndaşın sevincinə səbəb olub. Belə ki, artıq on minlərlə ev sahibi mülkiyyət sənədini rahatlıqla əldə edib və bu proses sürətlə davam edir. Xahiş edirik ki, Sizin sərəncamınız əsasında mənzil almış jurnalistlərə də çıxarışların verilməsinin tezləşdiririlməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildirir və xalqımızın, dövlətimizin mənafeyi uğrunda apardığınız bütün işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə: Jurnalistlərin 2-ci binasının sakinləri

Ölkə.Az

Paylaş »
››› “Ded Xasan”ın qətlinin üstü açılır
››› Milli Şura Bakının mərkəzində aksiya keçirib - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Əli Kərimli saxlanılıb
››› Nazir Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
Son xəbərlər
Bütün xəbərlər »