Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gültəkin Hacıbəyli: "İlqar Məmmədov milli azadlıq mübarizəsinə ləkə atır"

Müxalif qüvvələr, xüsusən Respublikaçı Alternativ (ReAl) partiyası ilə Milli Şura və bu qurumun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında xeyli vaxtdır gərginlik davam edir.

Tərəflər əsasən sosial şəbəkələr üzərindən bir-birinin ünvanına ittihamlar səsləndirirlər. ReAl rəhbərliyi icazəli mitinqlərin səmərəsiz olduğunu iddia edir. Milli Şura təmsilçiləri isə fərqli fikirdədir, hesab edirlər ki, mitinqdə kütləvilik olanda hökumət etiraz edən insanların fikirlərilə hesablaşmaq məcburiyyətində qalır. Bu il martın 16-da Prezidentin imzaladığı əfv sərəncamı nəticəsində xeyli ictimai-siyasi fəalın həbsdən buraxılmasını, dollar kreditlərilə bağlı məlum addımı Milli Şuranın 19 yanvar mitinqinin nəticəsi olduğunu iddia edənlər də var.

Tərəflərin fikirlərinin kəskin fərqləndiyi məsələlərdən biri də seçki mövzusudur. ReAl birmənalı şəkildə 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirakın tərəfdarıdır. Milli Şura, o cümlədən AXCP isə azad və ədalətli seçki mühiti olmasa, seçkidə iştirak etməyi məqsədəuyğun saymır.

İlqar Məmmədov: “Qanunun hər hərfindən, hər vergülündən yapışırdılar ki, bəlkə...”

Bugünlərdə ReAl partiyasının sədri İlqar Məmmədov “facebook” səhifəsində belə bir paylaşım edib: “1991-ci ilin yanvarı. Bakıya tətilə qayıtmışdım. 20 yaşım vardı. Bir gün təsadüfən parlamentin müxalifətdən olan deputatını gördüm. İstədim ona yaxınlaşıb ürəyimi boşaldım: “Mütəllibov özünü tam gözdən salıb, niyə onu d.e.v.i.r.m.i.r.s.i.n.i.z, nəyi gözləyirsiniz? D.e.v.i.r.i.n onu, bitsin məsələ!” Sonra nədənsə fikrimdən daşındım. Üstündən 1 il 4 ay keçdi - hə, d.e.v.i.r.d.i.l.ə.r. Ürəyim istədiyi kimi! Seçkisiz-filansız, küçədən basıb keçib oturdular yuxarı başda, mən də çox sevinirdim. Qanun küçə-meydandır, küçə-meydan qanundur, urra, demokratiya! Üstündən daha 1 il keçdi. Təhsilimi başa vurub 1993'cü ilin iyununda qayıtdım Bakıya. Bu dəfə bir başqası küçədən hakimiyyətə yürüyürdü.

Dünən küçədən basıb hakimiyyətə gələnlər indi bir qanunpərəstə çevrilmişdilər ki!!! Qanunun hər hərfindən, hər vergülündən yapışırdılar ki, bəlkə yerlərində qalalar.

Mən də onların tərəfində boğazımı cırırdım ki, ah, prezident Kələkidə Azərbaycan ərazisindədir, onu səlahiyyətlərindən məhrum etmək olmaz, nə bilim nə.

Bəli, bəylər nətər gəlmişdilərsə, elə də getdilər, daha xan gəldi. Bu tarixçədən dərs çıxarmaq çox vacibdir. Meydanlardan hakimiyyətə gəlməyin bircə mövsümü var - seçkidə haqqınız oğurlandığı mövsüm. Qalan hamısı - sadə coşqun fəalların həyatını vicdansızcasına xərcləyən avantürizmdir”.

“Azərbaycanda siyasi hakimiyyətə iddialı siyasi partiya liderləri milli azadlıq mübarizəsinə ləkə atmaq cəhdləri var”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli “Bizimyol.info”ya açıqlamasında ReAl sədrinin bu fikirlərini Azərbaycan xalqının milli azadlıq mübarizəsinə ləkə vurmaq cəhdi kimi qiymətləndirib. G.Hacıbəyli deyir ki, 1992-ci ildə baş vermiş həmin hadisələri “küçədən gəlib hakimiyyəti zəbt etmək” kimi dəyərləndirmək absurddur. Onun fikrincə, sözügedən proseslərdə demokratiya mübarizəsindən də daha çox milli azadlıq mübarizəsinin elementləri vardı.

“Ölkə 70 illik imperiyadan ayrılırdı, istər-istəməz xalq hərəkatı da, xalqın gücü də, 70 il üst-üstə toplanan enerji də açıq şəkildə özünü meydanlarda göstərirdi. İnsanlar o zaman Mütəllibov hakimiyyətinin bərpasına SSRİ-nin bərpası kimi baxırdılar. Təsadüfi deyil ki, Mütəllibov 1991-ci ilin martında ölkədə referendum keçirib nəticələri saxtalaşdıraraq, əhalinin 98 faizinin SSRİ-nin tərkibində qalmasının tərəfdarı olması barədə raport hazırlayıb Moskvaya göndərmişdi. Ayaz Mütəllibovun sonrakı addımları, o cümlədən Rusiyaya sığınması da bu insanın imperiya canişini olduğunu göstərdi. Yəni insanlar 1992-ci ilin mayında Ayaz Mütəllibovun hakimiyyətə dönüş cəhdini imperiyanın bərpasına yönələn addım kimi dəyərləndirirdi. Ona görə də bütün xalq səfərbər oldu ki, buna yol vermək olmaz”, - deyə G.Hacıbəyli bildirib.

Sabiq deputatın sözlərinə görə, o zaman xalq Mütəllibovun dönüşünə siyasi mübarizə, siyasi proses kimi baxmırdı: “Bu, imperiyaya qarşı dirəniş məqamı idi. Ölkənin müstəqilliyinin tərəfdarı olan, hər bir vətənpərvər azərbaycanlı Mütəllibovun hakimiyyətə qayıdışına qarşı çıxmağı sanki özünün ləyaqət borcu hesab edirdi. Adamlar o mübarizəni şərəf və ləyaqət mübarizəsi, ölkəsinin milli azadlıq mübarizəsi kimi qəbul etmişdi. Çox təəssüf edirəm ki, bu gün müstəqil Azərbaycanda siyasi hakimiyyətə iddialı insanlar, siyasi partiya liderləri arasında həmin o müqəddəs mübarizəyə - milli azadlıq mübarizəsinə ləkə atmaq cəhdləri var”.

G.Hacıbəyli deyir ki, “xalqın küçələrdən hakimiyyətə gəlməsi” fikri də absurddur. Onun sözlərinə görə, bu günə qədər müstəqil Azərbaycan tarixində keçirilən ən azad və ədalətli seçki 1992-ci il iyulun 7-də keçirilən, Əbülfəz Elçibəyin prezident seçildiyi seçkidir: “Bu seçkini “küçələrdən gəlib hakimiyyəti ələ keçirmək” kimi qiymətləndirmək ilk növbədə Azərbaycanın milli azadlıq mübarizəsinə ləkə atmaq deməkdir. Azərbaycanın xalqının öz müstəqil dövlətin və dövlətçiliyinə sahib olmaq iradəsinə sayğısızqlıqdır”.

G.Hacıbəyli həmin seçkini Gürcüstanda 2003-cü ildə Mixail Saakaşvilinin prezident seçildiyi seçki ilə də müqayisə edib: “Düzdür, o vaxt Gürcüstan rəsmən SSR-nin tərkibində deyildi, SSRİ yox idi. Amma Şevardnadze hakimiyyətinin timsalında Gürcüstanda SSRİ-nin qalıqları vardı. Gürcü xalqı da SSRİ-nin qalıqlarından canını qurtarmağa çalışırdı”.

Son xəbərlər
Bütün xəbərlər »