Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sağçı populizm dalğası Cənubi Qafqazın paytaxtlarına çatır”

ABŞ-ın “Foreign Policy News” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Sağçı populizm dalğası Cənubi Qafqazın paytaxtlarına çatır” adlı məqaləsi yayımlanıb.

Məqalədə son illər Avropa və Amerika siyasi səhnəsində geniş yayılan ksenofobik və radikal millətçi populizmin Cənubi Qafqazın siyasi səhnəsində meydana çıxmasının region üçün təhlükəsindən bəhs olunur.

V.Hüseynovun bildirdiyinə görə, Azərbaycan yeganə region ölkəsidir ki, radikal sağçı populist qrupların siyasi gücə çevrilməsi mümkün olmayıb: “Ölkəmizdən fərqli olaraq, Gürcüstan və Ermənistanda bu zərərli ideologiya parlamentə nüfuz etməyi bacarıb və hətta Ermənistan nümunəsində göründüyü kimi, siyasi idarəçilik metodu kimi istifadə olunmağa başlanıb”.

Müəllif yazır ki, Gürcüstan siyasətində sağçı hərəkatlar çoxdan mövcud olsa da, son illər onlar daha da güclənib və 2016-cı il seçkilərində bu ideologiyanın təmsilçisi olan Gürcüstan Vətənpərvərlər Alyansı parlamentə daxil olub: “Bununla bərabər digər sağçı qrupların (məsələn, Gürcüstan Marşı, Gürcüstan Milli Birliyi və s.) çoxalması və güclənməsi sağçı populizmin Gürcüstanda marginal qruplardan ölkənin yüksək səviyyəli siyasətinin bir parçasına çevrilməsini təmin edib”.

V.Hüseynov son aylarda radikal millətçi qruplar tərəfindən Gürcüstan-Azərbaycan sərhədində -Keşikçidağ mədən kompleksində törədilmiş insidentləri bu perspektivdən analiz edir. O bildirir ki, Azərbaycan əsgərinin və hökumətinin sakit reaksiya verməsi nəticəsində vəziyyəti nəzarətdə saxlamaq mükün olsa da, həmin radikal qruplar tərəfindən təxribatların yenidən törədilməsi hər iki ölkə üçün fərqli itkilərə yol aça bilər.

BMTM eksperti qeyd edir ki, Gürcüstandan fərqli olaraq Ermənistanda sağçı populizm dövlət siyasətinin bir hissəsinə çevrilib və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Xankəndində Pan-erməni oyunlarının açılış mərasimində səslənən qeyri-real hədəflər nümunəsində özünün indiyə qədərki ən yüksək səviyyəsinə çatıb: “BMT-nin 2100-cü ilə qədər 913 min nəfər azalacağını proqnozlaşdırdığı erməni əhalisinin sayını 2050-ci ilə qədər 2 milyon artırmaqla 5 milyona çatdırmaq fikri gülünc doğuran hədəflərindən sadəcə biri idi. Özündən əvvəlki erməni liderlərindən fərqli və idarə etdiyi dövlətin ənənəvi siyasətinin əksinə olaraq Paşinyan Ermənistanla Qarabağın birləşməsinə çağırmaqla radikal millətçi erməni qrupların nəinki Azərbaycana, eyni zamanda hətta Gürcüstana qarşı torpaq iddiaları (xüsusilə, Cavaxetiya regionunda) irəli sürməsinə şərait yaradıb”.

Müəllif yazır ki, Gürcüstanın və Ermənistanın proporsional təmsilçilik əsasında parlament respublikası sisteminə keçməsi və Gürcüstanda son siyasi islahatlardan sonra parlamentə giriş üçün tələb olunan 5 faizlik həddin aradan qaldırılması sağçı populist qrupların daha da güclənməsinə və siyasi səhnədə daha çox təmsil olunmasına şərait yaradacaq. Hadisələrin bu cür inkişafı fonunda gələcəkdə oxşar təxribatların daha çox yaşanacağını və hətta hərbi toqquşma ilə nəticələnməsini istisna etmək olmaz.(apa)

Son xəbərlər
Bütün xəbərlər »