Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Azərbaycanın İrəvandakı səfiri haqda məxfi sənədləri yaydı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin İrəvandakı səfiri olmuş görkəmli diplomat Məhəmməd Xan Təkinskinin məxfi yazışmalarını mətbuata açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Xan Təkinskinin Bakıya göndərdiyi şifrəli, məxfi diplomatik teleqramlarda ermənilərin Naxçıvanı ələ keçirməyə yönəlmiş hərbi-diplomatik addımları barədə məlumatlar əksini tapıb.

Milli Təhlükəsizlik Xidməti bildirir ki, 1919-cu ilin payızında Azərbaycan diplomat adı altında “qatı millətçi” Xan Təkinskini Ermənistana göndərib. Və həmin gündən etibarən Ermənistanın təhlükəsizlik orqanları Təkinskini izləyib, onun şifrəli teleqramlarını ələ keçirib və deşifrə edib.

Həmin teleqramlara əsasən Təkinski Ermənistanın müxtəlif sferaları, o cümlədən erməni ordusunun strukturu və silahları barədə məxfi məlumatları Bakıya ötürüb.

“Təkinski Naxçıvanın və Şərurun Ermənistana birləşdirilməsinə hər cür maneə yaradıb, teleqramların köməyi ilə öz hökumətinə Ermənistanın cənub və digər regionlarındakı hərbi-siyasi vəziyyət barədə informasiyaları ötürüb. O, habelə tatarlarla (indiki Ermənistanda o dövrdə yaşayan azərbaycanlılar,-red) gizli əlaqələr saxlayıb, onları üsyana təhrik edib. Məxfi yazışmaların bir hissəsi silahlı qüvvələrə aid olub, qoşunların sayı, növləri, silahları və digər mühüm elementlər barədə məlumatlar göstərilib. Casusu izləyərək və onun fəaliyyətini araşdıraraq Ermənistan hökuməti Azərbaycandan Təkinskini geri çağırmağı tələb edib”,-məlumatda deyilir.

Məsələn, Xan Təkinskinin Bakıya, baş nazirə və xarici işlər nazirinə göndərdiyi məxfi teleqramlardan birində deyilir: “Naxçıvan istiqamətində erməni polkları hərəkət edir. Ermənistana təzyiq göstərmək üçün bunu lazım bilirəm ki, təcili olaraq bizim polklarımız Ermənistanla sərhədə yeridilsin. Naxçıvan rayonunun əhalisi ingilislərin ermənilərin xeyrinə fəal müdaxiləsindən çəkinir və müqavimət göstərməyə hazırdır. Mayın 2-də general Devi İrəvandan Naxçıvana yola düşüb. Dilicanda ancaq dördüncü polk tam olmayan tərkiblə dayanıb. 4 may, 1919-cu il. Diplomatik nümayəndə Təkinski”.

Digər teleqramda isə Təkinski bildirir: “Mənim aprelin 29-da göndərdiyim teleqrama təcili cavab verin. Naxçıvanlılar məndən soruşur ki, ermənilərə qarşı müqavimətə başlasalar onların köməyinə kimlər və necə gələcək”.

Məhəmməd Xan Təkinski – o, 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axaltəki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatıb, Kəngərlilər nəslinin ən qüdrətli nümayəndələrindən biri olan II Ehsan xanın oğulluğu olub. O vaxtkı Çar Rusiyasında hüquq təhsili alıb, mənbələrdə Təkinskinin 1918-ci ilə qədər olan fəaliyyəti barədə məlumatlar yox dərəcəsindədir.

Lakin Azərbaycan Demokratik Respublikası qurulanda Təkinski bir müddət xarici işlər nazirinin əvəzi işləyib. Daha sonra 2019-cu ildə İrəvana diplomatik nümayəndə təyin edilib. Həmin ilin sonunda Bakıya geri çağırılıb, xarici işlər nazirinin müavini təyin olunub.

Yeddicildlik Azərbaycan tarixinin beşinci cildində isə Azərbaycan Respublikası Dövlət Arxivinin sənədinə əsasən bunlar yazılır: “Azərbaycan parlamentininın üzvü Məhəmməd xan Təkinski 1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdir”.

Kitabın müəlliflərindən biri “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” məqaləsində Təkinskinin Naxçıvanın qorunması uğrunda apardığı diplomatik mübarizələrlə bağlı yazır: “Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. ...M. Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər. Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında da M.Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi”.

Ermənistan xüsusi xidmət orqanlarının Təkinski ilə bağlı məxfi sənədləri niyə məhz indi açıqlaması maraq doğurur.

Son xəbərlər
Bütün xəbərlər »