Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal oyunda Qarabağ

Ermənistanın aqressiv təxribatları və Azərbaycanın mövqeyi haqda

Bu günədək Ermənistanın baş naziri Nikol Paşinyanın, eləcə də, Ermənistan müdafiə nazirinin və Dövlət Təhlükəsizlik Xdimətinin rəisinin açıqlamaları yeni bir sitiasiya yaradıb. Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas açıqlamaları onların verilməsinin ardıcıllığı ilə məzmunca belə olmuşdu: 1. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların formatı dəyişdirilməlidir; Dağlıq Qarabağ üçüncü tərəf kimi danışıqlara qoşulmalıdır; 2. “Əldə oluncaq sülh Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarının maraqlarına uyğun olmalıdr”; 3. Ddağlıq Qarabağ – Ermənistandır və vəssəlam”.

Bu arada Ermənistan müdafiə nazirinin və Dövlət Təhlükəsizlik Xidməti rəisinin dilindən: “ Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq”, “Yeni müharibə yeni ərazilər deməkdir” kimi ifadələr də səslənib. Ermənistanın başqa siyasətçiləri də oxşar açıqlamalar veriblər. Hətta işğalçı dövlətin xarici işlər naziri Zöhrab Mnatsakanyan da və bütövlükdə Ermənistan XİN də öz zahiri diplomatik ritorikasını dəyişib və demək olar ki, yuxarıda adlarını çəkdiyim şəxslərinkinə oxşar ritorikaya və leksikona keçib.

Məsələ heç də sərt ritorika və leksikonda da deyil; Nikol Paşinyan bir sıra təxribatçı addımlar da atıb. O, öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə gömdərib, Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirib, Ümumerməni oyunlarının keçirilməsini də Dağlıq Qarabağa salıb və açılışında çox irəli gedən (faktik olaraq nizamlama prosesini bloklayan) təxribatçı mesajlarla dolu çıxış edib, özü və nazirləri tez-tez Dağlıq Qarabağa gəlir. İşğal olunmuş Azərbaycan torpaqlarının süni şəkildə erməni ailələri ilə məskunlaşdırılmasını davam etdirib. İşğalçı orduya simvolik də olsa (5 milyon dollar yaxın) əlavə məbləğ ayırıb. Elə Arazboyunda- Cəbrayıl və Füzuli rayonlarında yeni yaşayış məskənləri tikilir, infrastruktur qurulur. Paşinyanın ən təxribatçı hərəkətlərindən biri onun Şuşanı işğal etdikləri gün həmin Azərbaycan şəhərinə gəlib şənliklərə qoşulması, rəqs etməsi oldu. Bu, Ermənistanın işğal etdiyi ərazilərədə etnik təmizləmələr apardığını Paşinyanın öz əməli ilə təsdiqləməsi demək idi.

Paşinyan etirazla qaşılandı

Hadisələrin bü cür inkişafı Azərbaycan cəmiyyətində iki ciddi sual yaradıb: Birinci sual ondan ibarətdir ki, bütün bunlarla Ermənistanın yeni rəhbərliyi nəyə nail olmaq istəyir və belə təxribatçı açıqlamalar və aqressiv əməllər bölgədə savaşın yenidən başlanmasına gətirib çıxara bilərmi? İkinci sual isə, budur ki, Azərbaycanın ali rəhbərliyi niyə bu təxribatçı əməllərə və açıqlamalara cavab vermir? Nə üçün dövlət başçısı səviyyəində münasibət bildirilmir? Çoxlu başqa suallar da var. Biz ən başlıca saydıqlarımızı önə çəkdik.

Əvvəlcə birinci suala cavabdan başlayaq. Doğrudan da, Ermənistanın yeni rəhbərliynin Dağlıq Qarabağ ətrafında apardığı indiki xətti sülh danışıqlarına ciddi zərbə vurur və bütövlükdə danışıqlar prosesini pozmağa yönəlib. Əslində “yeni müharibə risqi” yeni deyil; müharibə hələ bitməyib – atəşkəs də getdikcə daha nisbi, kövrək xarakter alır. Əgər müharibə bitmiş olsaydı, Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirməyə və modernləşdirməyə bu qədər böyük diqqət və maliyyə ayırmazdı. Ancaq hər iki tərəfin bundan əvvəl hər yüksək səviyyəli görüşdən sonra gəldiyi razılıq belə olub ki, danışıqlr davam etdirilsin. Bunu dövlət rəhbərləri, eləcə də, xarici işlər nazirləri Minsk Qrupu həmsədrlərinin iştirakı ilə də açıqlayıblar, mediaya da bəyan ediblər. Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin son təmaslarında da heç bir başqa nəticə əldə olunmasa da belə, iki məsələdə razılıq olub: birincisi, atəşkəsin qorunub saxlanması; ikincisi, danışıqların davam etdirilməsi. Ancaq sonradan Paşinyanın və hökumətinin atdığı addımlar, verdiyi bəyanatlar bu razılaşmaların hərfinə və ruhuna zidd olub. Paşinyan əslində Dağlıq Qarabağda Ermənistanın daxili siyasətinə oynayır; onun daxili siyasətdə əsas məqsədləri əvvəla, ona rəqib olan və şərti olaraq “Qarabağ klanı” adlandırılan qruplaşmanı zəiflədərək sıradan çıxarmaq , ikincisi, Sarkisyan hakimiyyətini devirən zaman mitinqlərdə, eləcə də, ondan sonra seçkilərdə verdiyi vədlərin reallaşmamasından, əksinə, Ermənistanda sosial-iqtisadi, daxili siyasi və sair sahələrdə yaranmış böhranlı durumdan öz cəmiyyətinin diqqətini yayındırmaqdır. Birinci məqsədinə çatmaq üçün o, iki istiqamətdə addımlar atır. Bir yandan “Qarabağ klanı”nın maliyyə, siyasi, elektoral imkanlarını, hətta azadlıqlarını məhdudlaşdırır – açıq və trivial repressiya aparır, o biri tərəfdən də, Dağlıq Qarabağ ermənilərini, ordunu, Qarabağdakı erməni hərbi birləşmələrini öz tərəfinə çəkməyə, öz arxasına almağa çalışır. Bunun üçün də Dağlıq Qarabağdakı qanunsiz seçkidə də öz adamlarını separatçı rejimin başına gətrimək üçün səy göstərir. Əlbəttə ki, bütün bu məqsədlərinə çatmaq üçün Nikol Paşinyan Azərbaycanla Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarını ləngitməyə, uzatmağa, müvəqqəti bloklamağa və hətta bəlkə tamamilə dayandırmağa da cəhd edir; sülh danışıqlarının perspektivlərini kölgələyn, hətta aradan qaldıra biləcək addmlar atır və təxribatçı bəyanatlar verir. Eyni zamanda münaqişə bölgəsində gərginliyi artırır, hərbi əməliyyatların bərpa olunma risqini daha da yüksəltmiş olur.

Bu zaman həm də yuxarıda qeyd etdiyimiz ikinci sualın cavabının konturları aydınlaşır; Paşinyan və komandası təkcə öz daxili cəmiyytətinə oynamır, həm də və daha çox Azərbaycan cəmiyyətinə, hər nə qədər bizdən ayrıldıqlarını düşünsələr də, hələ də de-yure bizim cəmiyyətimizin bir parçası olan Qarabağ ermənilərinin rəyinə oynayır. Ermənistanın yeni hökumti belə hesablayır ki, sülh danışıqlarını yubatmağa və pozmağa yönəlik addımlar, eləcə də, süni məskunlaşdırma və sair, Qarabağın guya Ermənistan olması, Azərbaycana bir qarış da olsun torpaq qaytarılmayacağı haqda sərt açıqlamalar bir yandan Azərbaycan cəmiyyətinin və dövlətinin qəzəbini artıracaq, Azərbaycan cəmiyyəti dövlətə və orduya təzyiq göstərəcək, bu təzyiq o qədər güclü olacaq ki, dövlət lokal və ya genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq, bu zaman Qarabağdakı erməni əhalisi Ermənistan rəhbərliyinin köməyinə daha çox möhtac olacaq. Paşinyan da bu fürsətdən istifadə edib Qarabağdakı separatçı rejimi öz istədiyi kimi yenidən format edəcək. Üstəlik də Rusiyanın, eləcə də, başqa böyük güclərin mövqeyini zondaj etmək mümkün olacaq (buna hərb elmində “kəşfiyyat döyüşü” deyirlər ki, Paşinyan xarici siyasətə tətbiq etmək istəyir). Bundan başqa belə situasiyada - Azərbaycan hərbi əməliyyatlara ilk başladığı üçün onun “təcavüzkar” elan edilməsi, hətta sanksiyalara məruz qoyulması, danışıqlardakı haqlı mövqeyinin zədələnməsi, hətta şübhə altına salınması kimi hədəflər də hesabdadır.

Bu gün sirr deyil ki, Ermənistan tərəfinin bu təxribatlarından sonra Azərbaycan cəmiyyəti öz dövlətindən daha açıq və daha israrlı şəkildə hərbi əməliyyatlara başlamasını istəyir. Bu istək lokal da olsa tələbə çevrilır. Vətəndaşlar, ziyalı kəsimi Ermənistan rəhbərliyinin bütün bu addımlarına və təxribatçı gedişlərinə, bəyanatlarına dövlət başçısı səviyyəsində münasibət bildirilməsini istəyir və gözləyir. Təbii ki, insanlar bu istək, tələb və gözləntilərində haqlıdır. Ancaq burada bir incə nüans da var; bunu düşmən də gözləyir. İşğalçı dövlət yaxşı bilir ki, indiki halda Azərbaycanın Prezidenti yaranmış situasiyaya adekvat olan bir açıqlama vermək durumundadır. Bu isə danışıqlardan çıxmaq və Ali Baş Komandan olaraq hərbi əməliyyatlara başlamaq əmrini verməkdir. Yəni son sözü deməlidir. Başqa sözlə, düşmən bizi özü üçün gərəkli olan zamanda özü üçün əlverişli müstəviyə çəkməyə çalışır.

XIN və həmsədrlər

Azərbaycan tərəfi bu məsələlərə Xarici İşlər Nazirliyi və başqa uyğun qurumlar səviyyəsində mövqe bildirib. Yəni tamamilə susmaq mövqeyi də yoxdur. Ancaq Azərbaycan rəhbərliyinin indiki halda, mənim şəxsi fikrimcə, ata biləcəyi ən doğru addımlar ilk növbədə danışıqlar prosesində vasitəçilik edən böyük üçlüyün – ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransanın, eləcə də, Minsk Qrupunun qalan üzvlərinin, daha sonra başqa dövlətlərin, beynəlxalq təşkilatlarının, bir sözlə, dünya birliyinin Ermənistanın bu aqressiv, beynəlxalq hüququ saymayan siyasətini pisləməsinə nail olmaq - Ermənistanın öz aqressiyasını özünə qarşı istifadə edə bilməkdir. Bəli, Paşinyanın və hökumtinin bu aqressiv mövqeyi – atılan təxribatçı addımlar, verilən qeyri-adekvat bəyanatlar Azərbaycan üçün, təbii ki, xoş olmayan sutuasiya yaradıb; bizi qəzəbləndirir. Düşmənə nifrətimizi daha da alovlandırır, eyni zamanda bütün bunlar qarşısında sanki susqun və ya çaşqın görünən dövlətimizdən narazılıq yarada bilir (və təkrar edirəm: indiki halda düşmən tərəfin ilk hədəfi də budur). Ancaq eyni zamanda bu situasiyaya Azərbaycan baxımından Ermənistana qarşı beynəlxalq pressinqi artırmaq və onun cəzalandırılmasına nail olmaq üçün bir fürsət kimi də baxmaq lazımdır. Otto fon Bismarkın dediyi kimi, siyasət –mümkün olanı əldə etmək sənətidir. Siyasət eyni zamanda sənin əleyhinə olan durumu öz lehinə çevirə bilmək məharətidir. Əlbəyaxa idman növlərinin fəlsəfəsində əsas üstün prinsiplrdən biri rəqibin öz gücünü də özünə qarşı istifadə etməkdir. Biz bunları edə bilirikmi? Bax, əsas sual budur. Məncə, bu yöndə hələ ki elə bir ciddi nəticə əldə edə bilməmişik. Bu, əlbəttə, təkcə subyektiv amillərlə bağlı deyil; obyektiv reallıqlar da var.

İlknin mərhələdə bizim üçün başlıcası böyük vasitəçi dövlətlərin adekvat mövqe açıqlamasına nail olmaqdır. Əlbəttə ki, hər bir vətəndaş kimi bu sətirlərin müəllifi də öz dövlətindən bu durumda qəti və sərt addımlar gözləyir və gözləməkdə də haqlıdır. Necə ki, dövlət də belə sərt və qəti addımlar atmaqda haqlı olacaq. Bütün bunlarla yanaşı bu yazının müəllifi onu da aydın dırk edir ki, dövlətin sərt üzü və qətiyyətli mövqeyi təkcə hərbi əməliyyatlara qərar verib-verməməklə deyil, həm də zamanına və şərtlərə görə siyasi manevrlər etməklə də müəyyənləşir. Başqa sözlə, diplomatiya da ən azı müharibə qədər ağılla yanaşı qətiyyət də tələb edir. Hazırda Azərbaycan cəmiyyəti bu qətiyyətli mövqeni istəyir və gözləyir. Bununla yanaşı son sözü vaxtından qabaq deməyin risqini də dərk etmək iqtidarındadır. Mətləbi daha da uzatmayacam. Sadəcə, onu vurğulamaq istərdim ki, Azərbaycanın içində yer aldığı, əsas qovşağına çevrildiyi nəhəng qlobal layihələri –ilk növbədə Uzaq Şərqdən Uzaq Qərbə gedən nəqliyyat-kommunikasiya arteriyaları ilə bağlı 65 ölkəni və milyardlarla insanı əhatə edən ( yeri gəlmişkən, Ermənistanın yenə də kənarda buraxıldığı) böyük bir proyekti pozmaq, eləcə də, Orta Şərqi yenidən şəkilləndirmək, o cümlədən, İranı mühasirəyə almaq (həm də şimaldan), resurslarla fövqəladə zəngin Avrasiya məkanına nüfuz etmək, bir sözlə, Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası”nda öz qlobal maraqlarna uyğun yeni , bir çox hallarda isə dağıdıcı gedişlər etmək istəyən güclər bəllidir. Ermənistan və onun yeni rəhbərliyi bu qlobal oyuna özünü piyada kimi təklif edir. Biz elə ağıllı, təmkinli və eyni zamanda qətiyyətli davranmalıyıq ki, sözügedən böyük oyunda Ermənstanın qiymətini bahalaşdırmadan öz ərazi bütövlüyümüzü də bərpa edə bilək.

Siyasətdə daha bir mühüm prinsip də var: “Qlobal düşün, lokal davran”. Biz Qarabağ ətrafında baş verənlərə və bundan sonra baş verəcəklərə təkcə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində baxmayacağıq. İlk növbədə qlobal qarşıdurmalar və qlobal çağırış və risqlər kontekstində baxacağıq. Suriyada və İraqda gedən savaşlara baxıb: “Mənə nə var?!” deyə bilərdikmi? Təbii ki, yox. Oralarda gedən müharibə bizə ən azı iki yöndə mənfi təsir etdi: birincisi, o terror laboratoriyasında bizim üçün də potensial təhlükə olan, aktiv döyüşlərdə təcrübə keçmiş və beyni yuyulmuş radikal ünsürlər yetişdirildi; ikincisi, o dağıdılmış cəmiyyətlərdən nə qədər erməni əsilli ailələr Qarabağa gətirildi və onların sırasından qonşulara qarşı, eləcə də, ilk növbədə bizə və Türkiyəyə qarşı kimlər və necə yetişdirilir – məlum faktlardır.

Şübhsizdir ki, danışıqlar prosesi iflas edincə, biz öz itirilmiş ərazimizi güc tətbiq etməklə qaytarmaq zorundayıq; başqa yol da yoxdur. Ancaq bu addımları bizə gərək olan zamanda və fürsətdə atmalıyıq, düşmən dövlətə gərək oanda deyil. Biz – dövlət və cəmiyyət olaraq o savaşa həmişə hazır olacağıq. Və indiki situasiyada savaşı başladan biz olmayacağıq; orda bu gün hərbi əməliyyatlar başlasa, Ermənistanın özünü təklif etdiyi təzə ağası qarşısında qiyməti bahalaşacaq (ki, Paşinyan da bunu istəyir) və oraya – Uzaq Şərqdəki və Avrasiya materikindəki əsas rəqiblərin üstünə gedən yolda əsas qalalardan biri olaraq qalan dövlətin-İranın şimalına hansı ad və hansı bayraq altında hansı beynəlxalq oyunçular hansı qüvvələri yerləşdirəcək?! Bax, bu, ciddi sualdır. Bu səbəblərdən, dövlətdən qətiyyətli mövqe tələb etmək haqqımızı reallaşdırmağımız qədər onun ağılla və təmkinlə qərarlar verməsini də gözləməyi bacarmalıyıq. Təbii ki, indiki halda dediyimiz səbəblərdən hərbi qərarlarda tələsmək qədər diplomatik müstəvidə gecikmək də bizim üçün əlverişsiz ola bilər. Hər zaman bunu deyirəm: mürəkkəb məsələnin sadə həlli ola bilməz. Düşdüyümüz durum sadə deyil, mürəkkəb situasiyadır və qərarlarımız da, addımlarımız da buna adekvat olacaq. Əks halda ən azı Qarabağla bağlı bütün perspektivləri uduzmuş olarıq.

Son xəbərlər
Bütün xəbərlər »