Veqanlar ət, həmçinin hərhansı heyvan mənşəli qidalardan imtina edən insanlardır. Burada məsələ təkcə qidada ətdən imtina etməkdə deyil, veqanlıq bir yaşam tərzidir.
Veqan ifadəsi 1944-cü ildə Elsie Shrigley və Donald Vatson tərəfindən vegeterian sözündən yaranmışdır. "Vegeterian" sözünün mənası latıncadan tərcümədə "sağlam, gümrah, möhkəm" deməkdir. Vegeterian olmaq ruhi və fiziki cəhətdən inkişaf etmək deməkdir. Bu sadəcə pəhriz demək deyil, fəlsəfi, mənəvi cəhətdən harmonik həyat tərzidir. Azərbaycanda da veqan həyat tərzi sürən, vegeterian insanlar var. Elə bu dəfəki müsahibimiz də 5 ildir vegeterian, iki ildir veqan həyat yaşayan Vüsalə Məhərrəmovadır.
-Vüsalə xanım, ölkəmizdə veqanlar çoxdurmu?
-Veqanlar elə də çox deyil. Amma vegeterianlar daha çoxdur. Son dönəmlərdə tez-tez eşidirsən ki, filankəs artıq vegeteriandır, ət yemir.
- Bəlkə özlərini belə göstərənlər də var?
-Deməzdim. Vegeterianam deyən adətən vegeterian olur. Sadəcə bəzi vegeterianların bilmədiyi çox şey var. Məsələn, bilmirlər ki, şorbanın içində bulyon kubiki olursa, bu da ətdən hazırlanıb, olmaz. Jelatinli tort, jellibon və bənzər şirniyyatlar yeyirsənsə, deməli, sən vegeterian deyilsən. Hətta parmezan pendiri belə vegeterian deyil! Yəni, çox adam bilməməzlikdən yanlışlar edir. Sırf bilmirlər ki, hansısa yeməyin hazırlanmasında heyvan mənşəli məhsuldan istifadə olunub.
- Vegeterian dedikdə sadəcə ət yeməyən kimi başa düşürük axı... Bir az elə sizin dilinizdən aydınlıq gətirək.
-Əslində veqanlıq da vegeterianlığın bir qoludur. Veqanın pəhrizi ciddi vegeterianlıq gedir. Veqanlıq pəhrizdən daha artıqdır – bu, bir həyat tərzidir. Vegeterian yüz faiz ət yemir, yəni, o ölü yemir. Fərqli vegeterianlıqlar da var. Məsələn, ovo-vegeterianlar heyvan mənşəli qidalardan təkcə yumurta yeyirlər. Lakto-vegeterianlar yumurta, bal, ət yemir, amma süd məhsulları qəbul edir.
Lakto-ovo-vegeterianlar Azərbaycanda daha çoxdur. Onlar sadəcə ət yemirlər. Süd məhsulları, yumurta yeyirlər.
Ciddi vegeterianlıq isə çox vaxt veqanlıq adlandırılır. Ciddi vegeterianlarla veqanların fərqi ondadır ki, veqanlar təkcə qidada yox, ümumiyyətlə, yaşam tərzlərində heyvana zərər vuran heçnə istifadə etmirlər. Buna görə veqanizm – həyat fəlsəfəsidir. Veqanlar yun, ipək, dəridən hazırlanmış paltar geyinmir. Quş tükündən hazırlanan yastıqlardan istifadə etmir. Zooparka, sirkə, akvariuma getmir. Harada heyvanlara şiddətlə yanaşılırsa, oranı dəstəkləmirlər. Veqan həyat tərzi o deməkdir ki, sən heç bir canlıya zərər yetirmək istəmirsən və bunda dolayı da olsa payın olmasına şans yaratmırsan. Planetin qorunmasına yönəlmiş həyat tərzinə üstünlük verir, mininalist yaşamağa çalışırlar. Axı planetimiz də canlıdır. Onu qorumalı, çirklənməsinin və ölməsinin qarşısını almalıyıq.
- Bal niyə olmaz bəs? Axı o, güllərdən hazırlanır...
- Bəli, güllərdən, amma kim hazırlayır balı? Bilirsiniz ki, işçi arı həyatı boyunca cəmi 1 çay qaşığı bal hazırlayır? Və bu balı həm özünə soyuq aylar üçün ehtiyyat kimi, həm də gənc nəsilinə qida kimi hazırlayır. Biz nə edirik? Balı əllərindən alıb, yerinə heç bir qida dəyəri olmayan şəkər şərbəti veririk, hansından ki, arılar heç bir vacib elementləri ala bilmir. Bundan başqa, arı öz yumurtalarını pətəyə qoyub, ora bal doldurub, pətəyi mumla bağlayır ki, yumurtadan çıxan bala qurd baldan yeyib, böyüsün. Balı pətəkdən süzəndə isə, bütün balalar ölür. Hətta pətəyi qutudan çıxarmaq üçün, arıları qazla qovurlar, və bu prosesdə də onların bir qismi həlak olur.
-Sizcə həqiqətən bütün veqanları bu düşündürür?
- İki cür veqanlar var. Bir qism veqanlar sağlamlıq üçün pəhrizdə dəyişiklik edir. Ona görə ki, sağlam qida - bitkidir. Digər bir qism isə təbiəti, canlıları qorumaq üçün veqan olur. Məsələn, məşhurlardan Miley Cyrus veqandır. Planetdən ayrı, o, bunu heyvanlar üçün edir. Heyvanlar ölməsin. Miley evində saxladığı balığı və donuzu ilə ünsiyyətdən sonra "Bunu necə yemək olar?" deyə fikirləşdiyini deyir. Donuz itdən daha ağıllıdır axı, onun intellekti 3 yaşlı uşağın intellekti ilə eynidir.
-Veqan həyat tərzinə keçməyiniz necə oldu?
- Heyvanları sevirdim. Fikirləşirdim ki, bu necə ola bilər, həm heyvanları sevirəm, həm də onları yeyirəm? 2004-cü ildə Gəncədən Bakıya köçdüm. Bakıya gəldikdən sonra mövzunu daha dərindən araşdırmaqşansım oldu. Kənardan deyilən fikirlər də qorxudurdu. "Ət yeməsən, qanazlığından əziyyət çəkərsən, immunitetin zəifləyər,
gələcəkdə ana ola bilməzsən, ana olsan da uşağında ciddi problemlər yaranacaq" və s. Lakin, araşdırma aparıb, bir az dərin düşündükdən sonra məlum oldu ki, əcdadlarımız da ət yeyən olmayıblar. İnsan fiziologiyası ət yemək üçün yaradılmayıb. Bu da mənə təkan verirdi ki, başlayım. Amma yenə də risk edə bilmirdim. Doktor Milton Millsin bu istiqamətdə araşdırmaları ilə tanış olduqdan sonra qərarımı qətiləşdirdim.
-İlk vaxtları necə xatırlayırsız?
- Bu ərəfədə birinci övladım 4 aylıq idi. Ana südü ilə qidalanırdı. Evdəkilər biləndə söz-söhbət yarandı. Həmişəki fikirləri eşidirdim: "İmmunitetin zəifləyəcək, bu uşağı da zəiflədəcək, südün kəsiləcək" və s. Yoldaşıma dediyimdə isə, bəlkə də buna uzun müddət davam edə biləcəyimə inanmadı. Amma mənə dəstəkçi oldu. Tək narahatlığı uşağa mənfi təsir edə biləcəyi qorxusu idi. Lakin özüm əvvəlcədən araşdırmışdım və bilirdim ki, qidanın ana südünə aidiyyatı yoxdur. Ana südünün tərkibi qidadan asılı olmadan hər ay uşağın ehtiyaclarına uyğun dəyişir. İkinci hamiləliyimdə artıq vegeterian idim, və hətta həkimim dedi ki, mütləq balıq ye. Əks halda uşaqda əqli gerilik yaranacaq. Amma indi elə düşünənlərə uşağımı göstəririrəm ki, baxın, yanılırdınız. Qızım çox aktiv, zəkalı və yaşına görə, inkişafını irəliləyən uşaqdır.
-Uşaqları da özünüz kimi qidalandırırsınız?
-Uşaqlarım vegeterinadır. Ət yemirlər. Oğlum, ümumiyyətlə, ət sevmir. Qızım isə başa düşəndən yemir. Bir dəfə yolla gedəndə, qəssab dükanının qarşısından keçirdik. Qızım asılmış qoyun ayaqlarını göstərib "O nədir?" - deyə soruşdu. Qoyunun ayağı olduğunu dediyimdə təəccübləndi. Sonralar zamanla izah etdim ki, biz həyətimizdə sevib əzizlədiyimiz toyuqları da yeyirik. Toyuq ətini sevirdi, əvvəlcə, çox dadlı olduğunu desə də, daha sonra başa düşüb özü imtina etdi. Ara-sıra nənəsinin yanına gedəndə istəyib, yeyirdi. Lakin bir müddət sonra tam imtina etdi. Bu, təbiidir. Normalda, biz bir uşağın qarşısına bir meyvə və bir dovşan qoysaq o, meyvəni yemək, dovşanı sığallamaq istəyər. Bu instinktdir. Sadəcə sonradan unuduruq. Necə ki, üzməyi, düzgün nəfəs almağı unudub, sonradan öyrəndiyimiz kimi. Bir yaşı tamam olmamış uşağa məcbur ət yedirdirik. Dünyada bir sıra həkimlər bunu məqbul hesab etmir. Uşaq 1 yaşa qədər ana südü, meyvə və tərəvəz ilə qidalanmalıdır.
-Bu həyat tərzi bizim mətbəxə yaddır. Buna görə toy-düyündə, getdiyiniz qonaqlıqlarda əziyyət çəkirsiniz?
-Yemək yeyib gedirəm (gülür). Bəzən olur ki, yaxın dost-tanışım bilirlər deyə, veqan yemək hazırladırlar. Amma bir çox toyda onsuz da tərəvəz kababı, salatı və s. olur. Ən azından hər süfrədə çərəz, meyvə olur. Ac qalmıram.
-Bu həyat tərzini içinizdən gələrək davam etdirirsiniz?
-İçimdən gəlməsə mümkün olmazdı. İlk üç ayda kababın iyi gələndə dəli olurdum. Amma indi ürəyim bulanır. Pendir, yumurta, süd iyi çox yad gəlir. Uşaqlara bişirəndə elə bilirəm ərzaqlar xarab olub. Yoldaşımdan soruşuram ki, bu xarab olmayıb ki? Halbuki öz həyətimizin məhsuludur, təzədir. Sadəcə artıq mənə yad gəlir. Çox az şeyi əminliklə deyə bilərəm ki, bunu bir də eləmərəm. Bunlardan biri də məhz ət yeməməkdir. Onu deyim ki, kişilərin bir çoxu üçün adi olsa da, qadınlar üçün heyvan kəsimi xoşagəlməz mənzərədir. Lakin müxtəlif ədviyyatlarla bəzədilmiş və gözəl süfrə arxasında təqdim olunan heyvan mənşəli qidaları bəh-bəhlə yeyirik.
-Veqan həyat tərzi bahalıdırmı?
-Xeyr, hamının aldığı meyvə, tərəvəz, çərəzi alıram. Bahalı olan ət, bal, pendir yerinə mən də bitkidən pendir, süd düzəltmək üçün bunlardan bəzilərini bir az çox alıram, vəssalam.
-Hamı veqan olsa nə olar?
-Bu sualı tez-tez verirlər ki, bəs hamı veqan olsa nə olacaq? Hər yeri qoyunlar basacaq və s. Mən isə cavab verirəm ki, onsuz da birdən-birə hamı veqan olası deyil. Əslində biz heyvanların təbii yaşayışına müdaxilə edirik. Tələbat nə qədərdirsə, tələb də ona uyğunlaşdırılmağa çalışılır. Beləcə biz daha çox ət yeyək deyə heyvanlar suni mayalanma ilə artılır. Artıq süd içək deyə inəklər daha çox sağılır, halbuki normalda inək balasına yetəcək qədər süd verir. Biz sağmağa başlayırıq deyə südü artır.
-"Veqan olsam nə yeyərəm, acımdan ölərəm" kimi fikirləşən insanlar da var.
- Ən böyük problem insanlar üçün zülaldır. Ətin zülalında 9 zəruri amin turşuları var ki, çox az bitkilərdə rast gəlilir (soya, kinoa). Amma, hansı bitkini nə ilə necə yemək lazım olduğunu bilsək fəaliyyətimiz üçün lazım olan bütün amin turşuları ala bilərik. Heyvanlar da həmin zülalları bitkilərdən alır axı. Məsələn, düyü və mərcini, yaxud çörəklə fındıq əzməsini bilikdə yedikdə 9 amin turşusunu almaq olur. Eyni gündə bir dəfə mərci, bir dəfə düyü yesən deməli, bütün lazımlı amin turşularını almısan. Ətdə, yumurtada, pendirdə B12 vitamini var. Bu bitkilərdən dəniz yosununda da var. Amma Yaponiyada çox yeyilsə də, bizdə az yeyilir. Buna görə B12 vitaminini qəbul etmək məsləhətdir.
-Bir az da veqanlıqla bağlı fəailiyyətlərinizdən danışaq.
- Özüm bu həyat tərzinə keçdikdə ana dilimizdə informasiya tapmaqda çətinlik çəkirdim. Buna görə bir müddət olar ki, bloq açmışam. Sosial şəbəkələrdə araşdırdığım, bildiyim məlumatları paylaşıram ki, insanlar bu mövzuda daha düzgün maariflənsin. Bir çox gənclər məlumat azlığından qorxur. Hətta veqan adını eşitdikdə bizi fərqli geyim tərzində, əxlaqda təsəvvür edənlər də olur. Bir dəfə elə sosial şəbəkədən bir gənc xanım yazmışdı. Online olaraq suallarını cavablandırdıqdan sonra görüşdük ki, daha rahat və əhatəli danışaq. Görüşdə etiraf etdi ki, bəs mən sizi daha fərqli təsəvvür edirdim. Fikirləşirdim ki, saçlarınız rəngbərəng, dəriniz tatulu, burnunuzda pirsinq var. (gülür)
Hazırda online olaraq veqan dietoloq kursunu oxuyuram, ümid edirəm uğurla imtahandan keçib, sertifikatlaşdırılmış mütəxəssis olacam yaxında. Ümumdünya veqanlar gününə isə bütün izləyicilərimə sürpriz hazırlamaqla məşğulam indi.
Aləmdə Nəsib