Rusiyanın Rostov şəhərində baba nəvəsini oynatmaq istəyən zaman bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, restoranda uşağın 1 yaşının tamam olması ilə bağlı doğum günü şənliyi təşkil olunub. Bu zaman nəvəsi ilə oynamaq istəyən baba uşağı qucağına alaraq yuxarı atıb.
Çilçırağın pərinə dəyən uşaq ağır kəllə-beyin travması alıb. Hadisə yerinə təcili yardım maşını çağırılıb. Xəstəxanaya aparılan körpə həkim müdaxilələrinə baxmayaraq həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, pediatrlar uşaqların bu formada yuxarı atılmasının ciddi risk daşıdığını dəfələrlə vurğulayırlar. Hətta körpə bu atılmalar zamanı fiziki zərbə almasa belə, kəllədaxili təzyiq problemləri yaşaya biləcəyi istisna edilmir.