Ağsu rayonu, Abbasxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Ağasəf Qəmbərov Güləsən oğlu iş zamanı aldığı xəsarətlər nəticəsində bütün əmək qabiliyyətini itirib və axımamöhtac duruma düşüb. Bizimyol.info xəbər verir ki, o 2013-cü ildə Hacıqabul rayonunda tikinti işi aparan bir şirkətdə işləyərkən iş qəzası alıb. Üstünə çıxdığı “kozyol” dan yıxılıb və ömürlük şikəst olub.
Ağasəf Qəmbərovun xanımı Fəridə Qəmbərovanın dediyinə görə, əri yıxılanda, başından zədə alıb, Şirvan Rayon Mərkəzi Xəstəxanasında üç ay yarım müalicə alsa da təsiri olmayıb. Hazırda başında damarın birində laxtalanma gedib, ona görə də ayağa qalxa bilmir, iflic vəziyyətinə düşüb.
“Maddi imkanımız çox pisdir, 200 manat təqaüd alır, onu da Pampersə verirəm. İki uşağımız var. Yoldaşım baxıma möhtacdır, onu qoyub, gedib hardasa işləyə bilmirəm. Yeddi ildir ki, zülm çəkirik”.

Ağasəf Qəmbərovun qardaşı Yalçın Qəmbərovun dediyinə görə, onları tikinti şirkəti aldadıb.
“Tikinti şirkətindən dedilər ki, əgər müalicə olacaqsa, bu məsələdə şirkətin adı hallanmayacaq. Müalicənin axırında dilinizdən izahat verərsiz ki, qardaşınız fərdi yaşayış evində işləyən zaman yıxılıb, xəsarət alıb. Üç min manat pul verdi. Rəsmi izahat aldılar, bununla da söhbət bağlandı. Yəni bizi aldatdılar. Savadlı bir adam olmadı ki, bir iş görək. Həmin pulun təxminən üç yüz manatı ilə qardaşıma əlillik dərəcəsi aldım. Yerdə qalan pulla onu bir neçə dəfə İrana, Təbrizə apardım. İranda dedilər ki, beyin kötüyü zədələnib, müalicəsi ancaq Amerikada mümkündür. Bu adama əməliyyat, ciddi müalicə lazımdır, bizim də imkanımız yoxdur”.

İndi Maral xanım şirkətlə yox qaynı ilə dava edir ki, qaynı onları aldadıb və şirkətin adını demir. Halbuki məslənin hüquqi yolla həlli var. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.
Sığortasız, müqaviləsiz adam işlədən şirkət böyük məsuliyyət daşıyır. Üstəlik həmin adam yatağa bağlı vəziyyətə düşüb.Bu hekayədə əslində gözardı edilməyəcək bir cümlə də var. Adam faktiki olaraq bitki kimi yaşayır. Hərəkət edə bilmir, amma təqaüd alması üçün 300 manat “şirinlik” verilib –zəhərə dönmüş bir həyatın ayda 200 manatlıq bədəlini almaq üçün. Ölkədə insanların hüququnu bilməməsi səbəbi ilə aciz, köməksiz vəziyyətə düşmüş minlərlə ailə var.
İlhamə Rəsulova