Müəllimimiz isə sanki məhz bizi gözləyirmiş kimi gülərüzlü, mehriban, qayğıkeş ana kimi qarşıladı bizi. İlk gündən hər birimizə özünü və müəllim peşəsini sevdirdi. Bizdə özünə inam hissini aşılaya bildi. İlk hərflərin xəttini çəkməyi öyrətdi. Bacarmayanları tənbeh etmədi, əksinə daha çox qayğı ilə yanaşdı və nəhayət, əlimizdən tutub əlifbanın ilk hərfini yazmağı öyrətdi. Beləcə, üzərimizə gələcəkdə öyrənəcəyimiz elmlərin ilk şəfəqini saldı Günəş müəllim. Üç il müəllimimiz oldu. Amma həmin vaxtlar bunun dərinliyini dərk etməsək də, sonralar anladıq ki, O bizim bir ömür boyu müəllimimiz olub. Biz böyüdük. Hər il ötdükçə yeni fənlər öyrəndik. Başqa müəllimlər bizə dərs dedi. Bu gün onları da hədsiz rəğbətlə anırıq. Amma müəllim deyəndə ağlımıza ilk olaraq Günəş müəllim gəlir. Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbinin hazırda təqaüddə olsa da, daim müəllim adlı Günəş müəllim. 1975-1985-ci illərdə həmin məktəbin “B” sinfinin ilk və əbədi müəllimi oldu.
İlk vaxtlar bir uşaq sadəlövlüyü ilə düşünürdüm ki, görəsən, müəllimlər evlərinə getmir? Nə vaxt məktəbə gəlsək, müəllimimiz sinfin qarşısında bizi qarşılayardı. Biz dərsdən çıxıb evlərimizə gedəndə də onların məktəbdə qaldığının şahidi olurduq. Sabah yenə bizi gülərüzlə qarşılayardı.
Mən bu cümlələri cəm halda yazmaqla bütün sinif yoldaşlarımın adından tam əminliklə istifadə edirəm. Çünki orta məktəbi bitirməyimizdən 34 il keçməsinə baxmayaraq, əksər sinif yoldaşlarımızla vaxt aşırı əlaqə saxlayır, görüşürük. Hər dəfə də o illəri və müəllimlərimizi xatırlayırıq. Dünyasını dəyişənləri rəhmətlə, həyatda olanları dərin hörmətlə yada salırıq.
Belə görüşlərimizin birində söhbət əsnasında dedim ki, yaxşı olmazmı, bir dəfə yığışıb Günəş müəllimlə görüşə gedək. Fikrim hamı tərəfindən qəbul edildi. Qərara gəldik ki, bunu yay aylarında edək ki, görüşdə iştirak etmək istəyən, lakin vətəndən kənarda yaşayanlar da iştirak edə bilsinlər. Elə də etdik. Amma zaman və məkan anlayışı burada da öz hegamonluğunu diqtə etdi. Bəzi yoldaşlar vədələşdiyimiz vaxta, yaşam şərtlərinin imkan vermədiyi nədəni ilə yetişə bilmədilər.
Biz 34 il sonra kiçik bir qrup olsaq da, müəllimizin görüşünə getdik. Yol boyu düşünürdüm ki, biz bu qədər həyəcanlıyıqsa (bu təkcə həyəcan da deyil, sevinc, istək , sevgi, hörmət – bütün xoş hisslərin birgəliyidir və dilimizdə bunu ifadə edəcək söz yoxdur), müəllimimiz də yəqin bizim qədər sevinclidir.
Yenə həyəcan dediyimiz hisslərlə gedirdik. Amma bu dəfə kövrək adımlarla deyil, sevgi və dərin hörmət hissi ilə getdik.
Müəllimimiz yenə bizi qarşıladı. Bu dəfə məktəbin sinif otağı qarşısında deyil, öz evinin qarşısında. Yenə bizi qabaqlamışdı.
İllər Günəş müəllimin cöhrəsində öz cizgilərini çəksə də, gözlərindəki sevincə, səsindəki gurluğa kölgə sala bilməmişdi. Səsi eyni birinci sinifdə bizə hərf, rəqəm yazmağı anlatdığı vaxtlardakı kimi gür və qətiyyətli qalıb. Bu yəqin ki, uzun illərin peşə vərdişinin yaratmış olduğu izlərdir.
51-52 yaşımız olsa da, Günəş müəllim bizi elə o vaxtkı sayğı, mehribanlıqla, ana qayğısı ilə qarşıladı. Çox xoşhal oldu gəlişimizə, hətta gözləri doldu.
Artıq ağ saçlarla müəllimimizin qarşısında oturmuşduq, amma onu dinlədikcə özümüzü kiçik yaşlarımızda olduğu kimi hiss edirdik. Müəllim indi dərsimizi deyil, ailə vəziyyətimizi soruşurdu. Və mən müşahidə etdim ki, hər kəs bu barədə danışmaq ayıbmış kimi əvvəl incə bir utanc hissi keçırır, sonra müəllimin suallarına ətraflı cavab verirdi.
Günəş müəllim isə barəmizdə eşitdiklərindən sevinir, bir ana qayğıkeşlıyı ilə hər birimizlə xüsusi diqqətlə söhbətləşirdi.
1975 – 1985-ci illərdə Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbinin “B” sinifinin, şəraitin imkan verdiyi qrupu olaraq, 34 il əvvəl ayrıldığımız məktəb müəllimimizin görüşündən dərin hisslərlə ayrıldıq. Biz bu görüşümüz ilə ilk müəllimimizə böyük dəyər verdiyimizi nümayiş etdirməklə yanaşı, həmin ərazıdə yaşayan şagirdlərə, eşidən hər kəsə bir mesaj da vermiş olduq.
Müəllim müqəddəs peşədir. Bu pafos xatirinə deyilmiş söz deyil. Bu bir həqiqətdir. Qazandığımız hər bir uğurda valideynlərimizlə yanaşı, müəllimlərimizin də xüsusi payı var. Bu payı qaytarmaq üçün sadəcə bircə dəfə də olsa, onların görüşünə getmək, onları sevindirmək yetər. Bu həm də gəlcəyimiz olan övladlarımıza müəllimini sevdirmək üçün bir vasitədir. Müəlliminə hörmət bəsləyən şagirdin dərslərinə də, elmə də marağı güclü olar. Əksini isə bu gözəl duyğular fonunda yazmaq istəməzdim.
Adı kimi nurlu – Günəş müəllim, şagirdləriniz olmuş bizlər hansı yaşda olmağımızdan asılı olmayaraq Sizin varlığınıza böyük ehtiyac duyuruq. Siz müəllimlər övladlarımızın tərbiyyəsində, təhsilə maragınının artrılması yolunda bizim üçün stimul, istinad dayağısız. Bir vaxtlar bizə verdiyiniz dərsləri indi Sizə olan rəğbətimizlə övladlarımıza öyərətməyə çalışırıq. Tanrı Sizə uzun ömür versin! Öyrətdiyiniz hər bir xəttə, hər bir nöqtəyə görə Sizə minnətdarıq.
Müəllimlərimizi unutmayaq. İmkan olduğu qədər onların görüşünə gedək. Bu onlardan çox özümüzə gərəkdir. Bəlkə ailəmizdə gələcək müəllim böyüyür. Müəllimimizə hörmətlə yanaşaq ki, övladımız da rəğbət qazansın.
Qadir Musaoğlu
(Yazının gecikməsinin üzrlü səbəbi var)