Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - Reportaj

Nəhayət, kənd təsərrüfatı bazarlarında ilin ən ucuz dövrü gəlib çatdı.

Avqust ayının ilk yarısında hava şəraitinin yağmurlu keçməsi səbəbindən qiymətlər bir qədər yüksəlsə də, hazırda bir çox məhsullar su qiymətinədir. Bu il bəzi meyvənin bol olduğu il kimi qiymətləndirilir. Xüsusən də üzüm , gavalı, yay alması, zoğal, əncir kimi mövsüm meyvələrinin bolluğu müşahidə olunur.

Hazırda “8-ci kilometr” bazarında yeni çıxan üzümün qiyməti 50-70 qəpikdən başlayır, 1 manata qədər artır. Gavalının 1 kiloqramı 50-70 qəpik arasındadır. Əncirin 1 kiloqramı 1 manatadır. Zoğalın qiyməti isə 1 manat-1.50 manat arasındadır. Bu məhsullar qış tədarükü üçün hazırlanan mürəbbələrin əsas xammalı olduğundan tələbat da böyükdür. Almanın kiloqramı 50 qəpikdir. Limonun 3 ədədi 1 manata satılır. Qış mürəbbə və kompotlarının əsas məhsulu olan göyəmin kiloqramı 1 manatdan təklif olunur. Qarpız-yemişin kiloqramı isə 30-35 qəpik arasında dəyişir. Digər meyvələrdən banan 2 manata, xaricdən idxal olunan armud, mandarin, portağal v və digər meyvələr də 2.50-3 manata təklif olunur. Yerli armud növləri 1.50 manatadır.

Mövsümün əsas meyvələrindən biri də şaftalı və nektarindir, onların kiloqramı 1-1.50 manata təklif olunur. Əriyin kiloqramı 2.50-3 manat arasında, gilasın qiyməti isə 3-5 manat arasındadır.

Tərəvəzlərin də qiymətində ucuzlaşma var. Kartofun kiloqramı 50-80 qəpik arasında dəyişir, soğanın kiloqramı 50 qəpikdən təklif olunur. Pomidor 40-50 qəpiyə, bir qədər əzilmiş tomatlıq pomidor isə 20 qəpiyədir. Xiyarın qiyməti növündən asılı olaraq 40-70 qəpik arasındadır. Bibər də keyfiyyət və növünə görə 50 qəpiklə 1 manat arasında var-gəl edir. Qırmızı bibərin kiloqramı isə 1 manatadır.

Badımcanın 1 kiloqramı 40-50 qəpik, kələm 70 qəpik, kök 1 manat, gül kələmi 2 manat, lobya 1.50-2 manat, göbələk 1.30 manat, göyərtinin 1 ədədi 20 qəpik, kənd yumurtası 20 qəpiyədir. Sarımsaq bu il də ucuzluğu ilə seçilir, kiloqramı 1-2 manat arasında dəyişir. Qarğıdalının 1 ədədi isə 40 qəpikdir.

Paxlalı dənli məhsulların da qiymətində ucuzlaşma müşahidə olunur. Hər zaman qiyməti 4-5 manat arasında dəyişən noxud bu il 1.50 manata düşüb, növündən asılı olaraq 2-3 manata qədər dəyişə bilir. Lobyanın qiyməti 3-5 manat arasındadır. Qırmızı mərci 2 manata, yaşıl mərci 1.50 manatadır. Qarğıdalının kiloqramı 2 manata, İran düyüsünün çəkisi isə 4 manatadır.

Alıcılar bizimlə söhbətində bazardakı qiymətlərdən razı olduqlarını dilə gətirdilər. Satıcılar da ucuzluq səbəbindən alıcılığın artdığını etiraf etdilər. Qeyd etdilər ki, ucuzluğun əsas səbəb əksər mövsüm meyvə və tərəvəzinin açıq sahələrdə yetişməsi və bazarda məhsulun bol olmasıdır. Xüsusən də anbarlarda saxlanılması mümkün olmayan məhsullar birbaşa bazara yönəlir ki, bu da qiymətlərin ucuzlaşmnasına gətirib çıxarır. Məsələn, bu il üzümün vaxtından əvvəl ucuzlaşmasının da səbəbi budur. Kartof və soğan kimi məhsulların bir qismi isə bu il anbarlara yığıldığından biz ötən illərdəki kimi kəskin qiymət endirimi olmadı. Lakin bu tədarük hesabına qışda da qiymətin stabil olacağı gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »