Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızmar günəş altında həyatı bahasına pul qazananlar... - Reportaj - Fotolar

Bu gün nəinki avqustun, bütövlükdə yay ayının ən isti günüdür desək yanılmarıq.

Ötən günün hava proqnozunda da temperaturunun 42 dərəcəyə qədər yüksələ biləcəyi qeyd olunmuşdu. Bayıra 1 saat günün altında durmaq belə günvarma üçün yetərli olduğu halda, hələ də açıq havada işləyənlər var.

Bizimyol.info xəbər verir ki, Musavat.com olaraq işçilərin əmək hüququnun bir hissəsi olan əmək şəraiti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələbləri rəhbər tutub Bakı küçələrində müşahidələr aparıb. Məlum oldu ki, əsasən tikinti olmaqla bir çox yerlərdə iş dayandırılmayıb.

Xatırladaq ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də dəfələrlə xəbərdarlıq edilib. Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Lakin şəhərdə qarşılaşdığımız mənzərə real durumun heç də qanunvericilik normalarına uyğun olmadığını göstərdi. Paytaxtın Qara Qarayev prospekti boyunca yolun hər iki tərəfindən aparılan təmir işlərində fəhlələrin günorta saat 13:00-14:00 arasında qızmar günəş altında çalışdığının şahidi olduq ki, fotolarda da bunu görə bilərsiniz.

Belə ki, bir tərəfdə yanan “Diqlas” ticarət mərkəzinin sökülməsi və ərazinin qalıqlardan təmizlənməsi işi aparılır ki, burada fəhlələrin və kranın işləməsinin şahidi olduq. Yolun əks tərəfində binanın üzərində qurulan dəmir konstruksiyanın üzərində də fəhlələr fasadda təmir işləri aparır. Bir qrup fəhlə isə yerdə çalışaraq, yuxarıdakıları tikinti materialları ilə təmir edir. Fəhlələrə nə sərinləşdirici içkilər, nə də günvurmadan qorumaq üçün başqa vasitələr verilmir.

Digər tərəfdən bəzi aztəminatlı insanların gündəlik qazanc əldə etmək üçün könüllü olaraq açıq havada günün altında çalışmasının şahidi olduq. Yaşlı bir kişi qarşısına tərəzi qoyaraq, yoldan keçənlərin çəkisini 20 qəpik müqabilində ölçməyi təklif edir. Başına çətir tutsa da, üzünün ifadəsindən istifadən əziyyət çəkdiyi bəlli olur. Başqa bir yaşlı kişi isə bazarda araba sürərək, bazarlıq edən alıcıların ağır yükünü maşın və avtobus dayanacağına qədər daşıyır. Bu xidmətin qarşılığı da 1 manatdır. Bəzən saatlarla günün altında dayanıb müştəri gözləyir.

Eləcə də bazarda açıq havada heç bir kölgələnəcəyi olmayan piştaxtaların altında çalışan satıcılar da sağlamlıqlarını qurban verirdilər.

Qızmar havada əmək qurbanı olanlar arasında dayanacaq nəzarətçiləri də var. Onlar gün ərzində nəzarət etdikləri ərazidə park etmək istəyən sürücülərə yol göstərir, həmçinin saatlarla avtomobillərin təhlükəsizliyinə nəzarət edirlər. 41-42 dərəcə isti asfalt üzərinə düşdükdə temperatur bir qədər də artır və dözülməz həddə çatır. Buna baxmayaraq həmin ərazidəki dayanacaqlarda nəzarətçi işləyənlər hərədən 40-50 qəpik bəxşiş almaq üçün az qala yoldan keçən bütün maşınları dayanacağa dəvət edirlər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədi ilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.

Məsələ ilə bağlı musavat.com-a danışan Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov da bildirdi ki, işəgötürən hava şəraitinin işçinin səhhətinə mənfi təsir etdiyini görürsə, tədbir görməlidir: “Əmək Məcəlləsinə görə, temperatur 41 dərəcənin üzərində olduqda iş yerində temperaturu süni surətdə tənzimləmək mümkün deyilsə, ya iş dayandırılmalıdır, ya da əlavə tədbirlər görülməlidir. Elə yerlər var ki, iş açıq havadadır və işi saxlamaq mümkün deyil. Belə olan halda əlavə tədbirlər görülməlidir.

Məsələn, yaxınlıqda kölgələnəcək yerlər qurulmalıdır, sərinləşdirici içkilər, ayran verilməlidir. Həsir şlyapalar verilməlidir və sair bu kimi tədbirlər görülməlidir. O yerdə ki, işi dayandırmaq mümkündür, orada iş dayanmalıdır. Norma 41 dərəcə qoyulub, ancaq işəgötürən isti havanın işçinin səhhətinə mənfi təsir etdiyini gördüyü anda tədbir görməlidir. Ola bilər ki, işçi həmin gün günvurma olmasın, ancaq uzunmüddətli dövr üçün səhhətinə mənfi təsir göstərə bilər. İşçinin özü də hiss etmədən günəş şüalarının mənfi təsirinə məruz qala bilər. O baxımdan işəgötürənlər istənilən halda tədbir görməlidirlər”.

Son xəbərlər
Bütün xəbərlər »