Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polkovnik hərbi təyyarənin qəzaya uğraması barədə yayılan şayiələrə cavab verdi: "Ordudakılar sizdən az vətənpərvərdir?"

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğraması barədə xəbərlər mətbuatın gündəmindən düşmür. Bir ay ərzində axtarışları aparılan təyyarənin hansı səbəbdən qəzaya uğraması barədə mətbuatda müxtəlif versiyalar səsləndi, hərbi sahəyə aidiyyatı olmayan insanlar da növbənöv fikirloər yürütdülər.

Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Müdafiə Nazirliyinin təyyarənin qəzaya uğraması ilə bağlı verdiyi bu açıqlama da bir çoxlarını tətmin etmədi və bu versiyaya şübhəli yanaşanlar, təyyarəmizin hansısa siyasi səbəblərlə vurulduğunu, hətta irəli gedərək elektron qurğuların ruslar tərəfindən söndürüldüyünü deyənlər də oldu.

Hərbi ekspert, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki Şair ramaldanov Bizimyol.info saytına verdiyi açıqlamada təyyarənin quşla toxunaraq düşməsini gülünc səbəb adlandıranlara cavab verib:

Şair Ramaldanov

“Burda gülünc yanaşmalı heç nə yoxdur. Çox vaxt belə fikir yayaraq cəmiyyətdə çaşqınlıq yaradanlar ömründə hərbi təyyarəni yaxından görməyən adamlardır. Mən hələ “qara qutu” tapılmazdan öncə ordumuzun çox peşəkar bir pilotu ilə söhbət edərək qəzanın hansı səbəbdən ola biləcəyi barədə müzakirələr aparmışdım. Uzun illər təcrübəsi olan həmin hərbi şəxs, hansı ki, indi də uçur, taktik pilotdur, mənə bu qəzanın quşlarla toqquşma nəticəsində ola biləcəyini demişdi. Sürət yüksək olanda qəzanın yaranması və pilotun yaralanması mümkün bir haldır. Müdafiə Nazirliyi “qara qutu” tapılana qədər əslində mediada səslənən o müxtəlif variantların hamısını nəzərdən keçirmiş, bir –bir araşdırmışdı. Lakin heç bir versiya öz təsdiqini tapmamışdı. Bu işlə nazirliyin peşəkar komandası məşğul olub. Sizcə onlar bu versiyaları yürüdən insanlar qədər düşünməyi bacarmırlarmı?

Dünyanın hərbi hava qüvvəsi olan bütün ölkələrində bu kimi hallart baş verə bilər və Azərbaycanda da bu baş verib. Burda nə pilotun günahı var, nə də təyyarə nasaz vəziyyətdə olmayıb. Azərbaycan şahinlərinin yüksək pilotaj qabiliyyətini biz hərbi parad zamanı gördük. Ordumuzun artıq başqa dövlətlə nümunə ola biləcək səviyyədə yüksək peşəkarlığa malik pilotları var və qəzaya uğrayan Rəşad Atakişiyev də öz işinin ustası idi. O ki qaldı Rusiyadan alınan hərbi təyyarələrin kodlarının rusların əlində olması və distansiyadan idarə edilə biləcəyi barədə söz-söhbətlərə.

Birincisi bəlkə bunu deyənlər heç bilmirlər söhbət hansı koddan gedir. O kod harda olur, necə söndürülür. İkincisi silah almaq elə belə məsələ deyil. Bunun üçün xüsusi peşəkar komissiya yaradılır. Peşəkarlar məşğul olurlar. Silah alırlarsa demək onu oyuncaq kimi almırlar hər bir parametrinə diqqət edirlər. İkincisi də bizdə Rusiyadan alınmış bir çox qırıcı təyyarələr sonradan müasirləşdirilib, Türkiyədən, İsraildən alınmış yeni müasir avadanlıqlarla da təhciz edilib. Sizcə Müdafiə Nazirliyi həqiqəti niyə gizlətməliydi ki? İnsan faktoru olsaydı təlimlərdə iştirak edən pilotlarımızın səviyyəsini yüksəltməliydik, texniki səbəblərdirsə təyyarələrə nəzarət gücləndirilməlidir. Bu səbəblərin heç biri yoxdur.Bəyəm ölkəmiizn təhlükəsizliyini qoruyanlar, ordumuzu təşkil edən insanlar bu danışanlardan daha az vətənpərvərdirlər?

Komissiyanın əlində qəza səbəbini açıqlayan əsaslı məlumat var və lazım olsa lazımi orqanlara təqdim oluna bilər. Ona görə bu məsələdə təmkinli olub, düşmən dəyirmanına su tökmək lazım deyil”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »