Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz yuxarıdakılara sual veririk, yuxarıdakılar da bizə – “Kartof niyə bahadır”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb.

Bu da ölkədə gözələnilən məhsul bahalığına səbəb olub. Bu gün baş nazirin müavini Əli Əhymədovun bazarda satıcılara “yayın ortasında 2 manata kartof olar?” sualının cavabı əslində elə Nazirlər Kabinetinin özünün aylar öncə verdiyi qərarda gizlənib. Buna səbəb ölkəyə idxal edilən kartofun gömrük rüsumunu 2 dəfə - 15 faizdən 30 faizə qaldırmasıdır. Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri mətbuata açıqlamalarında verilən qərarın kartofun qiymətinə təsir etməyəcəyini açıqlasalar da bu gün nəticə ortadadır.

Ötən ilin yanvar-noyabr aylarında isə Azərbaycandan Rusiyaya 77 625,18 ton kartof ixrac edilib. Bu isə Rusiyanın ümumi kartfon idxalının 14,1%-nə bərabərdir. Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynadan ümumi dəyəri 77 min ABŞ dolları olan 300 ton kartof idxal edib.

Rəsmi açıqlamalara görə, qərarın verilməsinin əsas səbəbi daxili bazarı qorumaqdır. Belə ki, ölkə üzrə 53 min hektar kartof əkilib və proqnozlara görə, 900 min ton məhsul istehsalı gözlənilir. Ölkədaxili tələbat tam ödənildiyindən xaricdən gətirilən kartofun həcmini azaltmaq üçün belə bir qərar verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda adambaşına kartof istehlakının həcmi 124 kq-dır ki, bunun da 73 kiloqramı yerli bazar hesabına ödənilir. Amma Azərbaycanda 94 kq istehsal olunur. Bunun heç də hamısı istehlaka yönəlmir. Buraya toxumluq və aşağı keyfiyyətli məhsul da daxildir. İstehsal olunan kartofun yalnız 73 kiloqramı istehlak üçündür. Bu da illik normanın 58 faizi qədərdir. Yəni hər il adambaşına 20 kq kartof idxal olunur.

Ölkəyə idxal olunan 20 faiz kartofun rüsum haqqının 15-dən 30-a qaldırılması bazarda Əli Əhmədovu şoka salan qiymət deməkdir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhhərəmlinin fikrinə görə, dünya ölkələri ilə müqayisədə ən baha kartof Azərbaycanda satılır. “Elə ölkə yoxdur ki, oradan Azərbaycana kartof gətirilməsin. Niyə gətirilir? Çünki Azərbaycanda bahadır, digər ölkələrdə isə ucuz. Kim gedib baha alıb, gətirib burada ucuz satar?

Guya daxili istehsalı qoruyurlar, amma burada məqsəd büdcəyə pul yığmaqdan ibarətdir. Bu siyasət yalnız büdcə vəsaitlərini artırmağa xidmət edir”.

Kartof ikinci çörəkdir deyirlər. Kasıb təbəqənin ətə, balığa gücü çatmayanda güc verir kartofa. Onun da qiyməti od tutub yananda Nazirlər Kabineti günahı bazardakı satıpcıda yox, Tarif Şurasında, bazarın düzgün tənzimlənməsinə nəzarət edə bilməyən qurumlarda görməlidir. “2 manata kartof olar?” sualı niyə sadə xalqa ünvanlanır ki?

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »