Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəxslərin adını əbədiləşdirmək və xatirəsini əziz tutmaq üçün məktəblərdə qoyulan abidələrdə məlumat kril əlifbası ilə qeyd olunub.
Təhsil üzrə ekspert Kamran Əsədov bizimyol.info-ya bildirib ki, məktəblərdə milli qəhraman və şəhidlər ilə bağlı lövhələrin, məlumat güşələrinin şagirdlərin oxuya biləcəyi dildə olmaması şagirdlərə müstəqil məlumat almağa imkan vermir.
“İlk növbədə qeyd etmək istəyirəm ki, yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği olduqca vacib məsələlərdən biridir.
Ölkəmizdə təhsilin inkişafı üzrə həyata keçirilən köklü islahatlar bu sahədə böyük uğurların qazanılmasına yol açmışdır. Ən yüksək standartlara cavab verən məktəb binaları tədrisin və təhsilin yüksək səviyyədə inkişafına şərait yaradır. Bu binalar təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraitə malikdir.
Amma təəssüf ki, məktəb direktorları bir sıra ciddi məsələlərə diqqət etmirlər. Onlardan biri də milli qəhraman və şəhidlərimiz ilə bağlı olan lövhələrdir. Təhsilimiz tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirir.
Amma milli qəhraman və şəhidlər ilə bağlı lövhələrin, məlumat güşələrinin şagirdlərin oxuya biləcəyi dildə olmaması şagirdlərə müstəqil məlumat almağa imkan vermir”,-deyə ekspert bildirib.
K.Əsədov deyib ki, qanunvericik aktlarına görə Azərbaycan ərazisində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini və bütün məlumat verici yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır: “Nəzərə alsaq ki, bunlar bizim milli qəhraman və şəhidlərimizdir, birmənalı şəkildə onlar şagirdin olunacağı dildə olmalıdır.
Hesab edirəm ki, bütün kiril əlifbası ilə olan lövhələr, məlumat güşələri dəyişdirilməli, Azərbaycan qrafikası ilə yenidən hazırlanmalıdır”.
Ramid İbrahimov