Çox zaman əslində nə qədər varlı və şanslı olmağımızın fərqində olmuruq. Sahib olduğumuzu itirənə qədər. Bu fikri tam olaraq insan sağlığına aid edirəm. Əlimizin, ayağımızın, gözümüzün əslində nə dərəcədə qiymətli olduğundan gedir söhbət. İtirincə dünyan qaralır, hər şeyin sonu gəldiyini düşünürsən. Lakin həyat davam etdikcə yenidən həyata sarılmalı olursan.Azərbaycanda bir çox insana yenidən yaşamaq sevinci bəxş edən bir tibb mərkəzi var. Medikom Ortez Protez Mərkəzi Azərbaycanda müasir texnologiyalarla protezlərin hazırlanması və tətbiqi ilə məşğul olan ilk və yeganə mərkəzdir. Müsahibim “Medicom Orthopedy”nin təsisçisi və direktoru Anar Rüstəmovdur.
-Anar bəy, mərkəziniz nə zamandan fəaliyyət göstərir?
-Medikom Ortez Protez Mərkəzi 2005-ci ildən fəaliyyət göstərir.Öncə ortopedik vasitələrin satışı ilə fəaliyyətə başladıq. Azərbaycanda bildiyiniz kimi ortez-protez sahəsi üzrə təhsil yoxdur.Qonşu Türkiyə ölkəsində fəaliyyət göstərən ortez-protez mərkəzlərinə müraciət etdik, orda ortez-protez tətbiqi ilə bağlı bir çox təlimlər aldıq. 2007-ci ildən fərdi ortezlərin hazırlanmasına başladıq. İşimizi daha da təkmilləşdirmək üçün Almaniyada,İngiltərədə, İspaniyada,Rusiyada keçirilən geniş miqyaslı təlimlərə müntəzəm olaraq qatıldıq. Harda ən son texnologiya təqdim olunursa biz onları öyrənir və Azərbaycana gətiririk. Hal hazırda mərkəzimizdə yerli mütəxəssislərlə yanaşı xarici ölkələrdən cəlb etdiyimiz ortez-protez ixtisası üzrə təhsilli mütəxəssislər də davamlı olaraq fəaliyyət göstərir.Medicom Ortez-Protez mərkəzi Azərbaycanda ortez-protez sahəsində qabaqcıl texnologiyaları tətbiq edən yeganə mərkəzdir .Demək olar ki, büdcəmizin böyük qismi təlimlərə sərf olunur.Çünki ortez-protez sahəsi durmadan yenilənən bir sahədir. Hal hazırda şirkətimizin Azərbaycandan başqa Qazaxıstanda, Türkiyədə və Özbəkistanda da filialları fəaliyyət göstərir.
-Bildiyimə görə, Aprel döyüşlərində yaralanmış qazilərimizin protezlə təmin olunması da Medicom Ortez-protez mərkəzində həyata keçirilib.
- Aprel döyüşləri əlilləri və bir çox Qarabağ əlilləri Heydər Əliyev Fondunun dəstəyi ilə mərkəzimizdə yüksək texnologiyalı protezlərlə təmin olunmuşdur.Bu gün onların hamısı normal və aktiv həyat tərzlərinə geri dönüblər. Bir çoxları parolimpiya idman növləri ilə məşğul olurlar.Onların bir çoxları hazırda futbol üzrə milli paraolimpiya komandamızın üzvləridirlər.
- Bəzi insanlar anadangəlmə fiziki qüsurlu doğulurlar , bəziləri sonradan hansısa qəzalar nəticəsində əlil olurlar. Protezdən istifadəyə başlamaq üçün hansısa yaş məhdudiyyəti varmı?
- Protez tətbiqi çox fərdi xarakter daşıyır. Amputasiya səviyyəsi,aktivlik dərəcəsi,güdülün vəziyyəti, yaş, yanaşı xəstəliklər və s., nəzərə alınmaqla hər bir istifadəçi üçün maksimum faydalana biləcəyi protez seçilir. Uşaqlarda protez tətbiqinə iki yaşdan başlamaq olar,amma bu yenə də uşağın fiziki göstəriciləri və bir çox amillərdən asılıdır.
- Amputasiyadan sonra protez istifadəsini gecikdirmək fəsad yarada bilərmi?
- Gecikmələr çox ciddi fəsad yaradır. Amputasiyadan sonra əməliyyat olunan nahiyyə sağaldıqdan sonra xəstə protez mütəxəssisi tərəfindən müayinə olunmalıdır. Yaranın sağalması adətən 1-2 ay davam edir ( Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə bu müddət uzana bilər ). Xəstə protez mərkəzinə müraciət etdikdə öncə amputasiyadan sonra hansı prosedurlara əməl etməli olduğu izah olunur, güdülü gücləndirəcək xüsusi idman hərəkətləri öyrədilir. Bütün bu xidmətlər mərkəzimizdə ödənişsiz olaraq göstərilir. Bu yolla kontraktura, əzələ atrofiyası kimi fəsadlardan qorunmuş oluruq. Lakin xəstə vaxtında müraciət etmədikdə yaranan fəsadlar bir çox hallarda xəstənin protez istifadəsini ciddi məhdudlaşdırır, bəzən mümkünsüz edir və xəstə əlil arabasına təhkim olunmuş olur. Unutmamalıyıq ki, protez sadəcə hər hansı itirilmiş üzvümüzü əvəz edən bir vasitə deyil, eləcədə insanı həyata qaytaran bir vasitədir. Protezdən istifadənin gecikməsi xəstənin hərəkətsiz qalması deməkdir. Hərəkətsiz qalmaq isə səhhətimizdə bir çox ağırlaşmalara səbəb ola bilər. Xəstənin mümkün ola biləcək qədər erkən ayağa qalxması şərtdir. Əksər hallarda gec müraciətə səbəb maddiyyat olur və xəstə bəzən 1-2 il sonra müraciət edir. Bu müddət ərzində onun oynaqlarında kontraktura yaranır ki ( oyanığın hərəkəti məhdudlaşır) bu da uzun reabilitasiya dönəmi tələb edir.Üstəlik də maddi xərclər çoxalır. Bu səbəblə yuxarıda sadalanan xidmətləri ödənişsiz etmişik ki, vaxtında təlimat alıb fəsadlardan qorunsunlar.
- Protezə nə qədər müddətə alışmaq olar,yəni nə qədər zaman sonra xəstə sərbəst hərəkət edə bilər ?
- Protezə uyğunlaşmaq çox fərdi xarakter daşıyır. Xəstənin yaşı,aktivlik dərəcəsi və fiziki göstəricilərindən çox asılıdır. Burda xəstənin iradəsi, əzmkarlığı da böyük rol oynayır. Məsələn: Ən yaşlı xəstəmizin 85 yaşı var. Məhəbbət nənə.Şəkər xəstəliyi səbəbi ilə illər öncə ayağını amputasiya etmişdilər. O qədər həyatsevər, həyata bağlı insandır ki bu yaşda protezə çətin də olsa 1-2 ay ərzində uyğunlaşdı və artıq rahatlıqla hərəkət edir. Halbuki onunla birlikdə protez istifadəsinə başlamış 18 yaşlı gənc protezinə alışa bilmirdi, baxmayaraq ki, onun protezinin texniki imkanları həmin yaşlı qadının protezinin imkanlarından üstün idi. Burda psixoloji hazırlıq da yüksək rol oynayır. Burda biz xəstələrimizə psixoloji dəstək də verməyə çalşırıq.
- Bu günə qədər köhnə növ protezlərdən istifadə etmiş şəxslər yeni texnologiyalı protezlər, yəni bionik protezlərdən istifadə edə bilərlərmi?
- Əgər köhnə protezi çox ciddi fəsad yaradmıyıbsa istifadə edə bilərlər. Çox zaman köhnə protezlər nekrozlar,güdülün vəziyyətində negativ dəyişikliklər və digər ciddi fəsadlar yaradırlar. Bəzi xəstələrə nə qədər yeni texnologiya tətbiq olunsa da, yeni protezlərindən tam faydalana bilmirlər. Bir xəstəmiz var idi. İllərdir köhnə tipli protez istifadə edirdi.Güdülün ucunda ciddi nekroz (Ölmüş toxuma) və eyni zamanda əzələ atrofiyası var idi. Ona aktiv vakkumlu yeni texnologiyalı protez tətbiq etdik. Alman istehsalı olan aktiv vakum sistemli protez güdüldə qan dövranını artırdığı üçün xəstənin həm yaraları sağaldı həm də güdülü formalaşdı. İllərdir rahat hərəkət edə bilməyən adam bir həftə sonra artıq qaçmağa başladı.
- Bu protezlərin qiymətləri nə qədərdir?
- Xəstəni ilkin müayinə etmədən protezin qiymətini müəyyən etmək mümkün deyil. 2000 manatdan
- 200000 manata qədər protezlər mövcuddur.Onların çeşidləri də 1000-dən çoxdur. Qiymət nə qədər vacib olsa da,protez seçimində ən sonda nəzərə alınan bir amildir.
Məsələn: Xəstə 50000 manatlıq bir protez əldə edə biləcək maddi imkana sahib ola bilər amma onun fərdi göstəricilərinə görə istifadə edə biləcəyi protez 3000 manatlıq ola bilər.
Protezləriniz haranın istehsalıdır ?
- Tətbiq etdiyimiz protezlərin böyük əksəriyyəti Almaniya,bəziləri isə İngiltərə,Yaponiya istehsalıdır. Əməkdaşlıq etdiyimiz şirkətlər protez sahəsində 100 ildən çox fəaliyyəti olan Ottobock, Ossur,Endolite,RSL steeper, Nabtesco, Fillauer kimi dünya brendləridir.
- Kosmetik görüntü üçün istifadə olunan silikon əl və ayaq protezlərinin istifadə müddəti nə qədərdir?
- Bu daha çox silikon protezə qulluq olunmasından asılıdır. Bu tip protezləri bir başa düşən günəş şüalarından,şaxtadan qorumaq lazımdır. İsti texniki avadanlıqlardan uzaq tutmaq,qələmlə yazmamaq,ləkə sala biləcək mayelərdən uzaq tutmaq lazımdır. Vaxt aşırı adi sabunla yumaq lazımdır. Mərkəzimizdə protez təhvil verilərkən xəstə istifadə qaydaları ilə tanış olur.
- Bu gün protez əldə etməyi arzu edib xəyallarını gerçəkləşdirə bilməyənlərə nə tövsiyə edirsiniz?
- Tövsiyə edirəm ki,maddi imkan nə qədər məhdudiyyət yaradsa da vaxtında müayinə olunsunlar. Müayinə nəticəsində çoxlu faydalı məlumat əldə edəcəklər,bir çox fəsadların qarşısı alınmış olacaq.Ola bilsinki bir il sonra maddi imkan əldə edəcəklər amma protez istifadəsi ya mümkün olmayacaq ya da çox çətinliklə olacaq.Lakin gözlədiyi müddət ərzində verdiyimiz təlimlərə əməl etməklə həm sağlamlığını qoruya bilər həm də protez tətbiqinə hazır olar. Bu məqsədlə ödənişsiz müayinədən faydalanmalarını tövsiyyə edirəm.
Medikom Ortez Protez Mərkəzi
Ünvan: Təbriz 54 küç.N.Nərimanov r-nu.Bakı, Azərbaycan
Tel: +99455 327 17 94
+99455 217 66 39
+99455 409 36 63
Facebook ünvanı: facebook.com/medicomorthopedy/
www.medicom.az - Medicom Orthopedy
İlhamə Rəsulova