Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik şəhid döyüşçünün ailəsinə cavab verdi: “Fərman mülki şəxs kimi şəhid olanlara aid edilmir”

Bir eçə gün öncə bir şəhid anasının şikayəti barədə yazmışdıq. Kürdəmirin Qaraqocalı kəndinin sakini Gülnar Zamanova şəhid olmuş oğluna görə “qan pulu” ala bilməməklərindən gileylənmişdi.

Şəhid Sehran Qəniyev anasi

“Oğlum Sehran Qəniyev1992-ci ildə Ağdərənin Çaylı kəndində şəhid olub. Ona şəhid adı verilib. İllərdir müavinət də alırıq. Ancaq dövlət başçısının son sərəncamdan sonra bütün şəhid ailələrinə verilən birdəfəlik qanpulu bizə düşmədi. Bizə dedilər ki, sizin övladınız döyüşə könüllü gedib, ona düşmür. Bəyəm vətən üçün könülsüz döyüşmək lazım imiş?Mənim oğlum 15 yaşında vətən yolunda döyüşmək üçün evdən qaçıb gedib. Bir neçə aydan sonra isə döyüşdüyü kənddə mühasirəyə düşərək həlak olub.1992-ciilin iyulunda getdi, müharibənin ən qızğın vaxtında, 41 gün sonra da şəhid oldu.”.

Məsələ ilə bağlı Bizimyol.info saytının sorğusuna cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil bildirib ki, mülki vətəndaş kimi şəhid olan vətəndaşlar Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, sığorta olunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşməsinə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi sığorta hadisəsi hesab edilir və sığorta ödənişləri həyata keçirilir. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslərdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı ilə müəyyən edilmiş birdəfəlik ödəmə yalnız şəhid hərbi qulluqçuların vərəsələrinə şamil olunur. Qeyd edək ki, mülki vətəndaş kimi şəhid olan vətəndaşlar Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır”.

Qanunlar könüllü əsgər gedərək döyüşmüş, 16 yaşında vətən uğrunda döyüşlərdə həlak olmuş gənci tanımaq istəmir.Bəs vicdanlar necə? I Qarabağ müharibəsi illərində Seyran kimi çox vətənpərvər gənclər canlarını düşmən gülləsinə sipər etdilər. Onlar 25 il sonra alınacaq müavinətlər, qanpulu barədə düşünmürdülər. Lakin bu gün ölkənin sabitliyi, iqtisadi inkişafı təmin edilib.Qarışıq bir dövrdə ola bilsin ki, hansısa sənədlər təmin edilməyib, lakin ortada insan faktoru var. Bunlar yəqin ki, nəzərə alınacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »