Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaz təchizatının dayanma səbəbləri: təmir yerindən reportaj

Ceyhun Səfərov: “Çalışırıq ki, işləri birdəfəlik yox, ayda bir dəfə olmaqla, hissə-hissə aparaq”

Son zamanlar Bakının müxtəlif ərazilərində tez-tez qaç təchizatında baş verən dayandırma halları, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İctimaiyyətdə tanınan şəxslər status yazaraq iddia edirlər ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yayılan təmir xəbərləri yalandır. İddialar var ki, qaz təchizatının dayandırılmasının səbəbləri başqadır.

Yayılan xəbərlərə aydınlıq gətirmək üçün "Azəriqaz" İB böyük həcmli dayandırmalardan birinin baş tutacağı əraziyə mediatur təşkil edib.

Musavat.com-un əməkdaşının da qatıldığı mediaturun məqsədi həmin sahədə əyani olaraq hansı işlərin aparıldığını, eləcə də qaz təchizatının hansı səbəblərdən dayandırıldığını açıqlamaq olub.

Jurnalistlər qaz təchizatının dayandırıldığı Binəqədi rayonunun Xocahəsən qəsəbəsi ərazisinə aparılıb. Burada media nümayəndələrinə qaz boruları üzərində aparılan işlər barəsində geniş məlumat verilib. Bildirilib ki, qaz təchizatında dayanmanın səbəbi yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması prosesi ilə bağlıdır. Bu səbəbdən də 1 günlük olmaqla Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılıb.

Görülən işlər barəsində jurnalistlərə geniş məlumat verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlər əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov söylədi ki, qaz təchizatındakı dayandırmaların səbəbləri müxtəlifdir: “Məlumdur ki, qaz təchizatında dayandırmalarla bağlı çox məlumat yayımlayırıq. Ölkənin müxtəlif yerlərində, rayonlarında, kənd və qəsəbələrində qaz təchizatında dayandırmalar olur. Dayandırmalar bir neçə cür baş verir ki, bunu da izah etmək istəyirəm. Burada “Azəriqaz” İB-dən asılı olan və olmayan dayandırmalardan söhbət gedir. SOCAR-ın Qaz İxrac İdarəsi var ki, bu, tamamilə fərqli bir qurumdur. Onların dayandırmalarının da məlumatlarını biz yayırıq. Nəticədə bu da “Azəriqaz” İB-nin yaydığı məlumatların bolluğunu göstərir. Qeyd etdiyim xəbərləri ona görə yayırıq ki, həmin idarənin magistral kəmərlərindən ayrılan qolları sırf bizim abonentlərin qaz təchizatına hesablanır. Ona görə də məlumatlar bizim tərəfimizdən verilir. Dayandırma xəbərləri yayıldığı, lakin hər hansı bir təmir tikinti işləri getməməsi barədə məsələlərə, müzakirələr rast gəlinir. Mətbuatda belə hallar baş verir ki, bu da abonentlər arasında ajiotaj yarada bilər. Ona görə də biz “Azəriqaz” İB olaraq bu gün mətbuat nümayəndələrini dəvət etmişik ki, hər şeyi əyani şəkildə görüb, ictimailəşdirsinlər. Xocahəsəndə bu gün saat 10-dan etibarən təmir işləri ilə əlaqədar 15 min əhalinin qaz təchizatı dayandırılıb. Ancaq gün ərzində başqa yerlərdə də dayandırmalar var. Buna misal olaraq Samux, Kürdəxanı ərazilərini göstərə bilərik ki, orada aparılan abadlıq işləri ilə əlaqədar qaz təchizatı dayandırılıb”.

C.Səfərov bildirib ki, Xocahəsəndə 219 mm diametrində olan metal boruların dəyişdirilməsi prosesi gedir: “Artıq bu borular, 250 mm diametrdə olan polietilen borularla əvəz olunub. Bu borular yolun altında çəkilib və onların mənbəyə qoşulma prosesi aparılır. Bu işləri görməyimizin səbəbləri var. Belə ki, 219 mm-lik metal borular, 4 min 300 metr məsafəni əhatə edir. Bunun təxminən 3500 metrdən sonrakı hissəsində olan borularda diametr daha da aşağıdır. Konkret olaraq diametr 108 mm-ə enir və insanlarda haqlı olaraq narahatlıq var idi. İstehlakçılarımız haqlı olaraq bildirirdilər ki, qaz təchizatında keyfiyyətli təchizatlar bəzən problemlər yaradır. Boruların diametrlərindəki fərq elə hər şeyi deyir. Yeni borularda isə belə problem olmayacaq. Qeyd etdiyimiz 4 min 300 metrlik hissədə sahibkarlıq obyektləri də yerləşir. Sahibkarlığın inkişafına dəstək, dövlət başçısı tərəfindən bir göstərişdir və bütün digər qurumlar da bu işə ayrıca diqqət ayırır. Xüsusilə də bu, kommunal xidmət göstərən qurumlara aiddir. Onların da qaz təchizatını yaxşılaşdırmaq üçün nə lazımdırsa, bütün addımlar atılır. Bundan əlavə ərazidə sayğaclaşma prosesi də gedir. Köhnə mexaniki, və köhnə nəsil smart kart tipli sayğaclar, tamamilə yeni sayğaclarla əvəzlənir. Yeni sayğacların xeyli üstünlükləri var. Ərazidə qaz təchizatı dayandırıldığı üçün heç bir abonentə maneə yaradılmır. Sayğac bayırda olduğu üçün əməkdaşlarımız tərəfindən abonenti narahat etmədən, lazımı işlər həyata keçirilir. Sizin vasitənizlə insanlara çatdırmaq istəyirik ki, dayandırmaların səbəbləri aparılan işlərlə bağlıdır. Onu da deyim ki, dayandırmalar bu kimi yerlərdə bir dəfə həyata keçirilmir. Çalışırıq ki, işləri birdəfəlik yox, ayda bir dəfə olmaqla hissə-hissə aparaq. Konkret olaraq bu ərazidə artıq 4-cü dəfədir ki, dayandırma baş verir. Prosesi birdən tənzimləsək, uzunmüddətli dayandırma olmalıdır. Bu isə qaz təchizatında problemlərə gətirib, çıxara bilər”.

İctimaiyyətdə müzakirə edilən məsələlərdən biri də qaz kəsilib təkrar verildikdən sonra borulara vurulan havanın sayğaclarda boş yerə pul yazması məsələsidir. İnsanlar bildirirlər ki, bilərəkdən hava normadan artıq vurulur və qaz verilən zaman ondan öncə gələn havanın da pulunu ödəməli olurlar.

Bu məsələyə də aydınlıq gətirən Ceyhun Səfərov bildirib ki, hava abonentin sayğacına çatmadan, xətdən çıxarılır: “Hava vurulması texniki bir prosesdir. Məlumdur ki, borunu qazla yoxlamaq olmaz. Buna görə də sazlama mərhələsini hava ilə aparırıq. Bu hava müəyyən bir məndən vurulur və xüsusi şamlardan buraxılır. Bunun da öz miqdarı var. Havanın çox vurulması mümkün deyil. Çünki qazla havanın daha böyük həcmdə birləşdirilməsi xoşagəlməz hadisələrə gətirib, çıxara bilər. Ona görə də havanın vurulmasına da ciddi nəzarət olunur. Bu proseslə biz həm sızmaların harada baş verməsini müəyyənləşdiririk, həm də boruya kənar müdaxilələrin olub-olmadığını öyrənirik. Bu baxımdan, havanın vurulmasının digər problemlərə yol açması mümkün deyil”.

Son xəbərlər
Bütün xəbərlər »