Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Yerevan Bakını Ermənistan ərazilərini atəşə tutmaqda ittiham edə bilməyəcək"
Aleksey Xlopotov

Azərbaycanda həyata keçirilən irimiqyaslı islahatlar ölkə həyatının müxtəlif sahələrini əhatə edir. İslahatlar Azərbaycan dövlətçiliyinin və respublika əhalisinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan dövlət strukturlarını da əhatə edib.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev ötən ilin sonunda bəyan etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib.

Onun sözlərinə görə, bu qərar Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib.

E.Quliyev bu yaxınlarda demişdi ki, 2018-ci ilin dekabr ayından Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədində 75 ədəd sərhəd məntəqəsi və 2 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib. Hesabat dövründə Naxçıvan sərhəd diviziyasından sonra Qazax sərhəd diviziyası yaradılıb.

DSX-nin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən mətbuat konfransında bildirmişdi ki, azərbaycanlı sərhədçilər Azərbaycan-Ermənistan sərhədində bir sıra strateji yüksəklikləri tutublar:

“Həmçinin mövqelərimizin irəli çəkilməsi təmin edilib. Strateji yüksəkliklər ələ keçirilib. Bununla da Ermənistan Silahlı Qüvvələrinin döyüş postlarına və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaranıb".

"Azərbaycanlı sərhədçilərin Azərbaycan-Ermənistan dövlət sərhədini qorumaları rəsmi Bakının münaqişəni siyasi yolla həll etmək niyyətini nümayiş etdirir".

Bunu Oxu.Az-a müstəqil hərbi ekspert Aleksey Xlopotov deyib.

Onun sözlərinə görə, Ermənistanın vaxtaşırı təxribatlarına baxmayaraq, Azərbaycan sərhədin silahsızlaşdırılması nümunəsi göstərir:

“İndi rəsmi Yerevan Azərbaycan Ordusunun guya onların ərazilərini atəşə tutması barədə beynəlxalq təşkilatlara şikayət edə bilməyəcək. Əksinə, biz görürük ki, hələlik yalnız Ermənistan ordusu Azərbaycan sərhədçilərinə snayperlərdən atəş açır. Sərhəd rejiminin qurulması üzrə işlərin aparılmasının yüksək riskli və təhlükəli olmasına rəğmən, belə şəraitdə peşəkarlar – sərhədçilər sərhədin qorunması ilə məşğul olmalıdırlar. Bu, potensial olaraq sərhəd xəttində gərginliyi azaltmalıdır. Ordu isə öz işi ilə məşğul olmalıdır, döyüş hazırlığını artırmalı və sərhədçilər üçün dayaq, etibarlı arxa cəbhə rolunu oynamalıdır”.

A.Xlopotov qeyd edib ki, Azərbaycanın öz Silahlı Qüvvələrini və Sərhəd Xidmətini təkmilləşdirmək üçün addımlar atmasına baxmayaraq, Bakı işğal faktoruna görə Ermənistan və İranla dövlət sərhədinin böyük sahələrinə nəzarət etmək iqtidarında deyil.

“Əfsus ki, dövlət sərhədinin qorunması mexanizmlərinin təkmilləşdirilməsinə rəğmən, rəsmi Bakının Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə və Azərbaycan-Ermənistan dövlət sərhədinin 435 kilometrlik hissəsinə nəzarət etmək imkanı yoxdur. Sözügedən sahələr Ermənistanın işğalı altındadır. Söhbət beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədindən gedir. Yerevan bunu tanımaqdan imtina edir. Ermənistanı əzəli Azərbaycan ərazilərinin işğalını dayandırmağa məcbur etmək və Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış separatçı rejimi ləğv etmək məsələsində dünya ictimaiyyətinin, o cümlədən BMT-nin daha fəal iştirakı lazımdır” , - hərbi ekspert qeyd edib.

O, Azərbaycan və Rusiyanın sərhəd strukturları arasında qurulmuş qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu da bildirib:

“Əlavə etmək istərdim ki, Rusiya və Azərbaycan hazırda strateji tərəfdaşlardır. İki ölkənin sərhəd qurumları arasında da etimad və qarşılıqlı fəaliyyət yüksək səviyyədədir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin 100 illik yubiley günündə rəşadətli sərhədçilərinizi təbrik etmək, onlara sülh və bu sülhün mümkün qədər uzun müddət qalması üçün mətinli olmağı arzulamaq istərdim”.

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› Boşanma mərhələsində olan Fuad Qəhrəmanlı və Zümrüd Yağmurdan açıqlama
››› Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif edib
››› Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi
››› İran total müharibə anonsu verdi
Son xəbərlər
Bütün xəbərlər »