Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - Vəkil Elton Quliyevin şok araşdırması

Tanınmış vəkil Adil İsmayılov sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin MTN tərəfindən şərlənməsi haqqında əlində olan bilgilərin növbəti məqamlarını açıqlayıb.

Gununsesi.org həmin faktlarla bağlı vəkilin ikinci yazısını təqdim edir.

ELTON QULİYEV EYNİ TAPANÇALARDAN MTN-İN BAŞQA İŞDƏ DƏ İSTİFADƏ ETDİYİNİ ÖYRƏNİR

Diqqətli olan izləyicilər yəqin ki, Elton bəyin sonuncu məktubunda artıq 4 deyil, 10 tapançadan söhbət getdiyini gördülər. Bu təsadüf və ya səhv deyildi. Quliyev rəsmi orqanların ona kömək etməyəcəyini başa düşürdü və istintaqın ilk günlərindən rəsmi və qeyri-rəsmi yollarla silahların əsl sahiblərini tapmağa cəhd göstərirdi. Bu məqsədlə son illərdə məhkəmələrdə silahla bağlı baxılmış onlarla cinayət işi öyrənmişdi. O, Nicat Quliyevə məxsus olduğu iddia edilən silahların mənşəyi ilə əlaqədar əldə etdiyi bəzi məlumatları hələ birinci instansiya məhkəməsinə təqdim etmişdi. Həmin məlumatlardan görünürdü ki, Nicat Quliyevin işi üzrə ibtidai araşdırma aparıldığı dövrdə Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində 1042 saylı başqa bir cinayət işi də araşdırılıb.

Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində (sədrlik edən – hakim Novruz Kərimov) açıq məhkəmə iclasında baxılıb və artıq iş üzrə hökm çıxarılıb. Bu cinayət işində 6 ədəd tapança keçir. Onların da hamısı MP 371 siqnal tapançalarıdır və iddia edildiyi kimi onların lüləsi dəyişdirilərək, ötürücünün kənarları yonulmaqla odlu silahlara çevirilib. Bu tapançaların nömrələri «1337103410», «1337103467», «1337103547», «133710373», «1337103699», «1337103723»-dür. Nicat Quliyevin işindəki MP-371 siqnal tapançalarının nömrələri “1337103376”, “1337103518”, “1337103679” и “1337103716” onlarla ardıcıllıq təşkil edir və tapançaların hamısının eyni partiyadan olduğunu göstərir.Elton Quliyev həmin silahların müqayisəli cədvəlini də sonuncu şikayətinə əlavə etmişdi. Mən indi bu statusun altında həmin cədvəli şərhə qoyacam.

Söhbət jurnalist Pərviz Həşimlinin barəsində olan cinayət işindən gedir. Həmin iş barəsində kifayət qədər məlumatım var, işdə olan sənədlərlə də tanışam. Amma Pərviz bəyin xahişini nəzərə alaraq bu iş barəsində danışmaları üçün onun vəkillərinə imkan saxlayıram. Hər şeyi mən danışsam inciyəcəklərini düşünürəm.

Elton Quliyev kassasiya şikayətini belə tamamlamışdı: “İki müxtəlif cinayət işində keçən silahların eyni vaxtda istehsal olunması, bir partiyaya aid olması, bir yerdə firmadan firmaya, sonra isə istehlakçıya satılması, bir yerdə Azərbaycanda peyda olması, hər iki cinayət işinin bir orqanda araşdırılması və həmin orqanın əməkdaşlarının keçirdikləri tədbirlərin nəticəsi olaraq başlanması, silahların bir qisminin guya İrandan gətirildiyinin iddia edilməsi, digər qisminin isə Nicat Quliyevə sırınması onu göstərir ki, bu silahların hamısı həmin orqanın sərəncamında olub”. Unutmayaq Elton bəy bunu 14 avqust 2014-cü ildə yazırdı. O vaxt bunu yazmaq CƏSARƏT tələb edirdi, təkcə cəsarətmi…

Qeyd etdiyim kimi Elton bəydən sonra Nicat Quliyevin işi ilə mən məşğul olmağa başladım.Mən əsasən N.Quliyevin şərti də olsa vaxtından əvvəl cəzadan azad olunması prosesləri ilə məşğul olurdum. Birinci dəfə az ağır cinayətə görə məhkum edilmiş, himayəsində həddi-büluğa çatmamış qızı , ağır xəstəlikdən əziyyət çəkən atasının ( atası Quliyev həbsdə olan vaxt rəhmətə getdi, onu atasının dəfnində iştirak etməyə də buraxmadılar) və yaşlı anasının olduğunu nəzərə almadan Nicat Quliyevə məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulan maksimum 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdi. Bu müddət 7 avqust 2016-cı ildə başa çatırdı. Bilirsiniz ki, 17 oktyabr 2015-ci ildə Eldar Mahmudov Milli Təhlükəsizlik Naziri vəzifəsindən çıxarıldı. MTN əməkdaşları barəsində cinayət işi başlandı. Zakir Qaralovun əlinə Nicat Quliyevin və Pərviz Həşimlinin işlərini MTN-n üzərinə atmaq üçün əla fürsət düşmüşdü…

Son xəbərlər
Bütün xəbərlər »